İrəvan Kremlin
Siyasət

İrəvan Kremlin "qırmızı xətt"ini keçdi

Ermənistan parlamentinin oktyabrın 3-də keçirilən iclasında Beynəlxalq Cinayət Məhkəməsinin Roma statutu müzakirəyə çıxarılıb. Layihənin təsdiqlənməsi üçün 54 səsə ehtiyac var idi. Ermənistanın qanunverici orqanında isə 60 deputat layihənin lehinə, 22-si əleyhinə səs verib. Bununla da Ermənistan parlamenti Roma statutunu qeyd-şərtsiz ratifikasiya edib. İrəvanın Roma Statutuna qoşulması o deməkdir ki, Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) çıxardığı qərarlar Paşinyan hökuməti tərəfindən də icra olunacaq. Belə olan halda bir məqama xüsusi diqqət çəkmək lazımdır.

Belə ki, Beynəlxalq Cinayət Məhkəməsi mart ayında Rusiya Prezidenti Vladimir Putini Ukraynada törədilmiş hərbi cinayətlərə görə cavabdeh olmaqda ittiham edərək həbsinə order verib. Elə həmin ayda Ermənistan Konstitusiya Məhkəməsinin sədri Arman Dilanyan bəyan edib ki, rəhbərlik etdiyi qurum BCM-in Roma Statutu ilə təsbit edilmiş öhdəliklərini ölkənin əsas qanunlarına uyğun olaraq tanıyıb. Bu isə o deməkdir ki, Rusiyanın dövlət başçısı Ermənistana səfər edəcəyi təqdirdə Roma Statutuna əsasən bu ölkədə həbs olunmalıdır. Doğrudur, Ermənistan parlamentinin spiker müavini Akop Arşakyan bildirib ki, Ermənistan parlamentinin Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunu ratifikasiya etməsi Rusiyaya qarşı yönəlməyib. İrəvan nümayəndəsi onu da vurğulayıb ki, bu addım Rusiyaya və ya Kreml sahibinə qarşı qeyri-dost hərəkət deyil. Amma maraqlı məqam odur ki, Roma Statutunun oktyabrın 7-də məhz Rusiya Prezidenti Vladimir Putinin doğum günündə qüvvəyə minəcəyi gözlənilir. Bu isə Arşakyanın açıqlamasını şübhə altında qoyur.

Görünən odur ki, mövcud şəraitdə Ermənistan üçün Roma Əsasnaməsinin ratifikasiyası açıq şəkildə Rusiya ilə münasibətləri gərginləşdirmək deməkdir. Hətta bir müddətdir tərəflər arasında münasibətlərin pisləşdiyini nəzərə alsaq, İrəvanla Moskva arasındakı bütün iplərin qopacağı da istisna edilmir. Amma Paşinyan Administrasiyası bu vəziyyətdən narazı deyil. Çünki Kremllə əlaqələr Ermənistanın öz istəyi ilə bu nöqtəyə çatıb. Paşinyanın KTMT-dəki daimi nümayəndəsi Viktor Biyaqovu geri çağıraraq Beynəlxalq Cinayət Məhkəməsinin qərargahı olan Hollandiyaya səfir göndərməsi də İrəvanın indiki gedişinin planlı olduğunu göstərir. Moskva da Ermənistan hökumətinin bu siyasi gedişindən xəbərdardır. Belə ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov son proseslərə görə, İrəvan hökumətini, xüsusilə Nikol Paşinyanı hədəf alıb. Peskov Ermənistanın Roma Statutunu ratifikasiya etmək qərarını öncədən düşünülmüş addım kimi qiymətləndirib. Rusiya KİV-lərinin də məsələyə münasibəti birmənalıdır. Vaxtilə Ermənistanın dəstəkçisi qismində çıxış edən, Azərbaycana qarşı antikampaniyalar aparan media qurumları, ekspertlər, hətta Duma deputatları belə etiraf etmək məcburiyyətində qalıblar ki, Ermənistanın Roma Statutunu təsdiq etməsi ikitərəfli əlaqələrin bitməsi deməkdir.

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin isə bildirib ki, rəsmi İrəvanın Roma statutunu ratifikasiya etməsi strateji cəhətdən səhv addımdır. Bu, ilk növbədə, Ermənistan və onun vətəndaşları üçün problem yaradacaq. Volodinin bu açıqlaması isə erməni ictimaiyyətində narahatlığa səbəb olub. Ermənistan cəmiyyəti Rusiyanın İrəvana sanksiyalar tətbiq etməsindən və qazın qiymətinin artırmasından narahatdır. Xatırlamaq lazımdır ki, Rusiya-Ukrayna müharibəsinin başlaması ilə Moskvanın qərbdən təcridi Ermənistanla iqtisadi əlaqələri dərinləşdirib. Ötən il ərzində iki ölkə arasında ticarət dövriyyəsi ikiqat artıb. Bundan sonra Rusiyanın Ermənistana sanksiya tətbiq etməsi isə İrəvan iqtisadiyyatı üçün ciddi təhdid deməkdir.

Amma iqtisadi baxımdan Rusiyaya bu dərəcədə bağlı olan ölkənin Kremlə tam zidd kurs götürməsi qərbin ciddi təminatları olmadan mümkün deyil. Sözsüz ki, İrəvanın yürütdüyü hazırkı siyasət Avropanın Paşinyana öz hakimiyyətini qorumaq, eləcə də Ermənistanı qərbləşdirməklə bağlı vədlər verməsinin nəticəsidir. Bunun əvəzində isə qoca qitə Paşinyanı Cənubi Qafqazın qapısını qərbin üzünə açmağa məcbur edir, Ermənistanı NATO-nun regiondakı forpostuna çevirir. İrəvanın qərb və Rusiyanın məngənəsində sıxışması isə Cənubi Qafqazda sabitliyi təhlükəyə atır, yekun sülh prosesini ləngidir.

Jalə QASIMZADƏ,

"Respublika".