Bakı Apellyasiya Məhkəməsinin sədri Avropa Şurasının Pilot məhkəmələr şəbəkəsinin iclasında iştirak etmişdir
Digər xəbərlər

Bakı Apellyasiya Məhkəməsinin sədri Avropa Şurasının Pilot məhkəmələr şəbəkəsinin iclasında iştirak etmişdir

Avropa Şurasının Pilot məhkəmələr şəbəkəsinə daxil olan Bakı Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərov Avropa Şurasının Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) Polşanın Lublin şəhərində keçirilmiş növbəti iclasında iştirak etmişdir. Bu barədə qurumdan verilən məlumata görə iclasın gündəliyinə məhkəmə təcrübəsində aktuallığını itirməyən mövzular daxil edilmişdir.

Məhkəmələrdə həddindən artıq olan iş yükünün azaldılması üçün tədbirlərin müəyyən edilməsi, eyni zamanda lüzumsuz təxirə alınmaların səbəbləri, mülki məhkəmə icraatının müxtəlif mərhələlərinə uyğun olaraq müddətləri təhlil etmək üçün alətlərin müəyyən edilməsi, hakimlərin fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı üzv ölkələr arasında mövcud olan müxtəlif qiymətləndirmə modellərinin müqayisəsi kimi mövzuları Avropa məkanında ortaqlıq və oxşarlıq baxımından daha çox müzakirəyə səbəb olmasını qeyd etmək olar.

Mülki sahədə ədalət mühakiməsinin səmərəliliyinin yüksəldilməsi məqsədilə mülki məhkəmə icraatı zamanı gecikmələrin aşkarlanması və onların baş vermə səbəblərinin müəyyən edilməsi xüsusi önəm kəsb etdiyindən həmin tədbirin keçirilməsində CEPEJ-in hədəfi müvafiq təhlillər əsasında uzunmüddətli perspektivlərdə gecikmələrin aradan qaldırılması üçün praktiki əhəmiyyəti olan hüquqi sxemlərin müəyyənləşdirilməsi olmuşdur.

Bakı Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərov tədbir çərçivəsində keçirilən panel iclasda çıxış edərək daxili qanunvericiliyə əsasən mülki icraatın müddətlərinin tənzimlənməsi qayda və tələbləri barədə məlumatı müşavirə iştirakçılarının diqqətinə çatdırmışdır. O, qeyd etmişdir ki, ölkənin mülki prosessual qanunvericiliyinə edilmiş sonuncu dəyişikliklərə əsasən Avropa İnsan Hüquqları Konvensiyasında nəzərdə tutulmuş “işlərə ağlabatan müddətlərdə baxılması” konsepsiyası qanunvericilikdə əksini tapmışdır. Və hazırda mülki işlərə müvafiq normaların tələblərinə görə “ağlabatan müddətlərdə” baxılmalıdır, lakin bununla yanaşı ayrı-ayrı kateqoriya işlər üzrə konkret prosessual müddətlər də müəyyən edilmişdir. Eyni zamanda Mübariz Əkbərov Azərbaycanda mülki işlər üzrə məhkəmə təcrübəsinin təkmilləşdirilməsi üçün görülən tədbirlərə də diqqəti cəlb etmişdir.            Ümumən səslənən fikirlərə görə “məhkəmələr işlərə ağlabatan müddətlərdə baxmalı” tezisi hər bir işin konkret halları əsasında müəyyən edilməlidir.

Qeyd edək ki, Avropa Məhkəməsi məhkəmə araşdırması müddətinin “ağlabatan müddət” meyarına uyğunluğunu qiymətləndirərkən – işin mürəkkəbliyi, ərizəçinin davranışını, dövlət orqanlarının davranışı və ərizəçinin məruz qala biləcəyi risklər kimi amillərə əsaslanmışdır. Hər üç məsələ ayrılıqda nəzərdən keçirilməklə, sonda prosesin müəyyən mərhələlərində və ya bütün proses ərzində həddən artıq gecikmələrin baş verib-verməməsi müəyyən edilməlidir.

İclasda iştirak etmiş hakimlərin və CEPEJ ekspertlərinin qənaətinə görə tədbirin vacib praktiki əhəmiyyəti olmuş və bu sahədə əməkdaşlığın davam etdirilməsi zəruri bilinmişdir.

Mustafa KAMAL,

“Respublika”.