Bakıda biznes və insan hüquqları sahəsində ombudsmanların rolu mövzusunda konfransa sessiyalarla yekun vurulub
Sosial həyat

Bakıda biznes və insan hüquqları sahəsində ombudsmanların rolu mövzusunda konfransa sessiyalarla yekun vurulub

Bakıda oktyabrın 20-də Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatının 20 illiyi münasibətilə "Biznes və insan hüquqları sahəsində ombudsmanların və milli insan hüquqları təsisatlarının rolu" mövzusunda Bakı Beynəlxalq Konfransı sessiyalarla yekunlaşıb.

AZƏRTAC xəbər verir ki, konfransın dördüncü sessiyasında müvafiq insan hüquqları alətləri və standartlarının icrasına hesabat vermək, həmçinin nəzarət etmək üçün beynəlxalq, regional insan hüquqları mexanizmləri ilə qarşılıqlı əlaqə barədə fikir mübadiləsi aparılıb.

Bildirilib ki, korrupsiyaya, ayrı-seçkiliyə qarşı fəaliyyət gücləndirilməlidir. İqtisadi və sosial məsələlərin həlli istiqamətində də ciddi işlərin görülməsi vacibdir. İslam Əməkdaşlıq Təşkilatı (İƏT) biznes fəaliyyətləri və insan hüquqlarının qorunması sahəsində fəallıq nümayiş etdirir. Beynəlxalq insan hüquqları təşkilatları və Paris prinsipləri haqqında məlumat verilib. Onların müstəqil olduğu vurğulanıb.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatının 20 illiyi münasibətilə konfrans iştirakçılarına poçt markaları hədiyyə edilib.

Konfrans milli insan hüquqları təsisatlarının, həmçinin vətəndaş cəmiyyəti təşkilatlarının biznes və insan hüquqları sahəsində rolu mövzusunda diskussiyalarla yekunlaşıb. Qabaqcıl ölkələrin biznes və insan hüquqları sahəsindəki təcrübələri diqqətə çatdırılıb. Bu sahədə hazırkı və gələcək tendensiyalardan danışılıb. Milli insan hüquqlarının müstəqil olması qeyd edilib. Biznesin həqiqi və potensial təsirləri haqqında məlumat verilib.

Sonda "Biznes və insan hüquqları sahəsində ombudsmanların və milli insan hüquqları təsisatlarının rolu" mövzusunda Bakı Beynəlxalq Konfransının iştirakçılarının birgə bəyannaməsi qəbul edilib.

Bəyannamədə baş verən silahlı münaqişələr nəticəsində beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normalarına, habelə törədilən müharibə cinayətlərinə, ərazilərin minalarla çirkləndirilməsinə qarşı birgə mübarizənin labüdlüyü diqqətə çatdırılıb.

Ombudsmanların, Milli İnsan Hüquqları Təsisatlarının, beynəlxalq təşkilatların, xarici ekspertlərin, habelə digər tərəfdaşların, o cümlədən vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə beynəlxalq biznes və milli səviyyədə təşkil edilən konfranslarda, seminarlarda birgə müzakirənin aparılması barədə razılığa gəlinib.

AZƏRTAC