Bakıda
Siyasət

Bakıda "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" mövzusunda ikigünlük beynəlxalq konfrans keçirilib

Martın 8-9-da Bakıda "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" mövzusunda ikigünlük beynəlxalq konfrans keçirilib.

Multikulturalizm, İslam və sivilizasiyaların toqquşması nəzəriyyəsi: İslamofobiyanın yenidən düşünülməsi

ABŞ Daxili Təhlükəsizlik Departamentinin keçmiş direktor müavini, İnanc Əsaslı və Qonşuluq Tərəfdaşlıqları Mərkəzi, Dini Etiqad Azadlığı üzrə Amerika Mərkəzinin direktoru Janna Skotun moderatorluğu ilə keçirilən "Multikulturalizm, İslam və sivilizasiyaların toqquşması nəzəriyyəsi: İslamofobiyanın yenidən düşünülməsi" mövzusunda aralıq sessiyada çıxış edən İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzinin (IRCICA) baş direktoru Mahmut Erol Kılıç islamofobiyanın kifayət qədər sürətlə artan xroniki xəstəliyə bənzədiyini deyib. Bildirib ki, bu problem cəmiyyətdə müxtəlif səviyyələrdə təzahür edir. İslamofobiyanı epidemiya kimi təsvir etmək daha doğru olar.

İslamofobiyanın şəxsi zəmində yaranan qərəz olduğuna diqqət çəkən baş direktor qeyd edib: "Bəzi ölkələr islamofobiyanı öz siyasətlərinin bir parçasına çevirib. Bu isə dünyanı sülhdən uzaqlaşdırır. Əgər özümüzdən sonra gələn nəsillərə sülh dolu dünya ötürmək istəyiriksə, islamofobiyaya qarşı birgə mübarizə aparmalıyıq. Yanlış məlumatlar cəmiyyətdə islamofob fikirləri formalaşdıra bilər. İslamofobiyanın real təsirləri isə gələcək nəsillər üçün daha faciəvi olacaq".

Böyük Britaniyanın Srebrenitsanı xatırlama təşkilatının sədri və "Badger" Sağlamlıq Qrupunun baş icraçı direktoru Vəqaruzzaman Əzmi diqqətə çatdırıb ki, islamofobiya müsəlmanlara qarşı yalnız pis rəftarla məhdudlaşmır, onun kökündə daha mənfi məqamlar var. Çox şadam ki, Azərbaycan islamofobiya ilə mübarizədə öndə gedir, belə tədbirlər keçirir, bu məsələləri müzakirəyə çıxarır. İslamofobiyaya qarşı qlobal strategiya ilə mübarizə apardığı üçün Azərbaycan Prezidentini, Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Çünki islamofobiyaya qarşı mübarizə qlobal perspektivdə ən fundamental məsələlərdən biridir, onun qlobal strategiyaya ehtiyacı var.

"İslamofobiya soyqırımıdır, etnik təmizləmədir, müsəlman əhalinin əmlakının dağıdılması, saxtalaşdırılmasıdır. Müsəlmanları qeyri-insanlar kimi qələmə verməyə çalışırlar. İnsanları alçaltma ideologiyası kifayət qədər genişlənib", - deyə o qeyd edib.

ABŞ Müsəlman Təşkilatları Şurasının Baş katibi Oussama Ali Cammal vurğulayıb ki, müsəlman amerikalılara qarşı ayrı-seçkiliyin hələ də davam etməsi təəssüf doğurur. 2001-ci il sentyabrın 11-də ABŞ-da qüllələrin partladılması müsəlman amerikalılara yanaşma tərzini dəyişdi, milyonlarla günahsız müsəlman kütləvi hücumlara məruz qaldı.

Müsəlmanlara qarşı ayrı-seçkiliyin geniş vüsət aldığını qeyd edən Oussama Ali Cammal bildirib ki, onlar hava limanlarında ən azı beş dəfə yoxlanılır. Beynəlxalq ictimaiyyətdə onları terrorçu kimi qələmə verirlər. Bəzi ölkələrin rəhbərlərinin islamofob olmaları isə daha ciddi problemlər yaradır. İslam bərabərlik, hörmət, sevgi dinidir. Bizim dinimizdə heç bir ayrı-seçkiliyə yer yoxdur.

İslamofobiyaya qarşı mübarizədə təhsilin və maarifləndirmənin çox önəmli olduğunu vurğulayan Baş katib Prezident İlham Əliyevə təşəkkür edərək deyib: "Belə forumların keçirilməsinə dəstək göstərmək böyük işdir. İnanıram ki, Azərbaycan və ABŞ müsəlmanları arasında dostluq münasibətləri daha da inkişaf edəcək".

Sessiyada çıxış edən Türkiyə Dəyanət Vəqfi İslam Araşdırmaları Mərkəzinin vitse-prezidenti Yaşar Çolak qeyd edib ki, islamofobiya günümüzdə sürətlə yayılır. Onun cəmiyyətə mənfi nəticələri danılmazdır. İslamofobiya sistemli şəkildə genişlənərək gündəlik həyatımızın ayrılmaz bir parçasına çevrilir.

"Cəmiyyətdə və mediada yayılan, qərəzli şəkildə saxtalaşdırılmış yanlış tarixi məlumatlar islamofobiyaya "töhfə" verir. Vəhdət şəklində aparılmayan əməkdaşlıq, təhlillər bizi asanlıqla sosial tələlərə düşürə bilər. Bu işdə psixologiya, milli mentalitet amilləri xüsusilə nəzərə alınmalıdır. Mürəkkəb məsələlərin həllində çoxtərəfli yanaşma tətbiq edilməli, dərin təhlillər aparılmalıdır", - deyə Yaşar Çolak əlavə edib.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov bildirib ki, bu yaxınlarda Fransada Xurşidbanu Natəvanın heykəlinə qarşı törədilən vandalizm islamofobiyanın ən bariz nümunəsidir.

Xurşidbanu Natəvanın heykəlinin Azərbaycan tərəfindən xilas edildiyini bildirən Elşad İskəndərov deyib ki, bu fakt islamofobiyanın günümüzün reallığı olduğunu daha açıq şəkildə göstərir. "Dünya sürətlə dəyişir və islamofobiya çoxqütblü dünyanın "məhsulu"dur. Son 50 ildə Qərb ölkələri islamofobiya fenomenini daha da inkişaf etdirir. Onlar müsəlmanları ictimaiyyətdə terrorçu kimi qələmə verir, sanki terror aktlarının, sadəcə, müsəlmanlar tərəfindən törədildiyini bildirirlər", - deyə Elşad İskəndərov söyləyib.

Aix-Marsel Universitetində İslamşünaslıq üzrə müəllim Batist Brodard isə İslamın heç də sağ və sol qanad, Qərb ideologiyası ilə uzlaşmağa ehtiyacının olmadığını deyib. Bildirib ki, İslamın öz tarixi, baxışı, ideologiyası, dəyərləri var. İslam bəşəri din kimi qəbul edilməlidir. İslam din olaraq heç bir xalqa, tayfaya aid deyil.

Qətər Beynəlxalq Siyasət Araşdırmaları Mərkəzinin tədqiqat direktoru, beynəlxalq əlaqələr üzrə professor Bülent Aras isə diqqətə çatdırıb ki, İslamı terrorçu din kimi təqdim edənlər dövlətlərarası münaqişələrin dinlərlə bağlı olmadığına nəzər salmalıdırlar.

Multikulturalizmin sülh və əmin-amanlıq şəraitində yaşamağın yeganə yolu olduğuna diqqət çəkən professor qeyd edib ki, heç bir millət digərindən üstün deyil. "İslamofobiyanın heç bir real səbəbi yoxdur. Bu, sadəcə, bölücü siyasətin tərkib hissəsidir. Yeganə həll yolu dövlətlərin öz siyasətini dəyişdirmələridir. İslamofobiyanı tətbiq edən ölkələr bu səbəbdən gələcəkdə ciddi problemlər yaşaya bilər", - deyə o vurğulayıb.

***

İctimai rəyin formalaşdırılması: Rəqəmsal islamofobiya

Beynəlxalq konfrans çərçivəsində keçirilən "İctimai rəyin formalaşdırılması: Rəqəmsal islamofobiya" mövzusunda sessiyaya "Əl-Cəzirə" televiziyasının aparıcısı Sami Zeydan moderatorluq edib.

Sessiyada çıxış edən Niderlandın Qroningen Universitetinin professoru Seyfəddin Kara bildirib ki, media subyektləri müəyyən məsələləri kontekstindən çıxararaq fərqli təqdim etməklə sanki müsəlmanların cəmiyyətə mənfi təsir göstərdiklərini diqqətə çatdırmağa çalışır. "2001-ci il sentyabrın 11-də törədilmiş terror aktından sonra müsəlmanlara qarşı nifrətin ideoloji şəkildə yayılmasına cəhd göstərilir, İslam və müsəlmanlar hədəfə alınır", - deyə professor əlavə edib.

Nyu-York Şəhər Universitetinin Bruklin Kollecinin ingilis ədəbiyyatı üzrə professoru Mustafa Mohamed Bayomi diqqətə çatdırıb ki, islamofobiyaya qarşı mübarizədə uğur qazanmaq üçün sistemli iş aparılmalı, bütün məsələlər əhatə olunmalıdır. O, islamofobiya üzərindən müxtəlif manipulyasiyaların aparıldığını vurğulayaraq bəzi media qurumlarının da bu prosesdə fəal iştirak etdiyini bildirib.

"Əl-Cəzirə" Media şəbəkəsinin rəqəmsal bölməsinin məzun strategiyası üzrə meneceri Camaluddin Mohammad Farid Elşayyal dünyanın müxtəlif yerlərində müsəlmanlara qarşı ədalətsizliklərin baş verdiyini, onların sıxışdırıldığını vurğulayıb: "İslamofobiya özlüyündə yeni deyil. Məhəmməd Peyğəmbərin yaşadığı dövrdə də ona qarşı haqsızlıqlar baş verirdi". O qeyd edib ki, ən çox vandallığa məscidlər, ümumiyyətlə, İslam dininə aid dəyərlər məruz qalır. "Hazırda rəqəmsal platformalardan istifadə edərək öz mövqeyimizi aydın şəkildə ifadə edə bilərik", - deyə menecer bildirib.

"Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Rüfət Həmzəyev Azərbaycanın ərazi bütövlüyünü bərpa etdiyi 44 günlük Vətən müharibəsi zamanı sosial mediada müharibə haqda qərəzli mövqe nümayiş etdirildiyini diqqətə çatdırıb. "Media həmin vaxt obyektivlik, qərəzsizlik prinsiplərini unutdu. Lakin biz sosial platformada bunun qarşısını ala bildik".

Azərbaycan əhalisinin əksəriyyətini müsəlman türklərinin təşkil etdiyini vurğulayan R.Həmzəyev əlavə edib ki, buna baxmayaraq, ölkəmiz haqsız şəkildə islamofobiya ilə bağlı tənqidlərlə üzləşir. Bir sıra ölkələrin xarici kəşfiyyat orqanları Azərbaycana qarşı təxribat xarakterli fəaliyyət həyata keçirməyə cəhd göstərirlər. Bir çox media nümayəndələri də ölkəmizlə bağlı absurd çıxışlar edir, müsəlmanları terrorçularla eyni sıraya qoymaq istəyirlər. Türk sözünü təhqiredici ifadə kimi istifadə etməyə çalışırlar.

Merilend Universitetinin kommunikasiya üzrə dosenti Sahar Mohamed Xamis bildirib ki, dünyada qaçqın və miqrant problemi, sərt etirazlar və digər arzuolunmaz proseslər islamofobiyaya təsir edir, vəziyyəti gərginləşdirir. Sosial və rəqəmsal media vasitəsilə islamofobiyaya fərqli yanaşılır. "Məsələn, Qərbdə heç də hər kəs bilmir ki, İsa Peyğəmbər barədə "Qurani-Kərim"də məlumatlar yer alıb. Bu baxımdan İslama qarşı qərəzli davranışın səbəblərindən biri də məlumatsızlıqdır", - deyə S.Xamis qeyd edib.

Kaliforniya Dövlət Universitetinin professoru Ahlam Hatem Almuhtasebin çıxışında islamofobiyanın qlobal güclər tərəfindən yetişdirildiyini və inkişaf etdirildiyini diqqətə çatdırıb. Professor bildirib ki, həmin qruplara donorlar tərəfindən milyardlarla dollar vəsait ayrılır.

***

Ali təhsil kontekstində islamofobiya ilə mübarizə

Konfransın birinci gününün son sessiyası "Ali təhsil kontekstində islamofobiya ilə mübarizə" mövzusuna həsr olunub.

Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinovun moderatorluq etdiyi sessiyada mövzu ilə bağlı fikirlərini bölüşən "Müslim İnstitutu" Araşdırma Mərkəzinin (İslamabadda və Londonda fəaliyyət göstərir) sədri, Hindistanın Cunagadh ştatının Baş naziri Sahibzada Sultan Ahmad Ali islamofobiya barədə danışan Qərbin İslamla bağlı kifayət qədər məlumatlı olmadığını deyib. Qeyd edib ki, son dövrlər islamofobiyanın artması müəyyən amillərlə bağlıdır. Vurğulanıb ki, son illərdə dünyanın müxtəlif yerlərində nifrət zəminində baş verən cinayətlər daha da artıb və bunu yanlış olaraq islamofobiya ilə əlaqələndirirlər.

Son 20 il ərzində islamofob elementlərin Qərbdə kifayət qədər artdığını diqqətə çatdıran Sultan Ahmad Ali islamofobiyanın elmi cəhətdən qarşısını almaq üçün ali məktəblərdə İslamın geniş spektrdə tədrisinin vacibliyini vurğulayıb.

Qətər Universitetinin "Körfəz" Tədqiqatlar Mərkəzinin direktoru Mahcub Ahmed Suleman Zveiri (Qətər) islamofobiyanı yaradanların özlərinə əmin olmadıqlarını vurğulayıb. Onun sözlərinə görə, min dörd yüz il və daha çox zaman kəsiyi İslam dininin münaqişələrə, müharibələrə, qadınlara, uşaqlara və ümumiyyətlə hər cür şiddətə qarşı olduğunu artıq sübut edib.

Münaqişələrlə bağlı danışan Mahcub Ahmed Suleman Zveiri bildirib ki, islamofobiyadan danışanlar özlərinə baxsınlar və bizi radikallaşmağa sövq etməsinlər. O, islamofobiya ilə mübarizə üçün ali məktəb tələbələrinin bu ruhda tərbiyə edilməsinin əhəmiyyətini diqqətə çatdırıb.

Milli Məclisin deputatı Tural Gəncəliyev Azərbaycanın 30 il ərzində işğaldan əziyyət çəkdiyini, mədəni, tarixi abidələrimizin məhv edildiyini vurğulayıb. Deyib ki, bu, özü də elə islamofobiyadır. T.Gəncəliyev erməni diasporunun kilsələrdən manipulyasiya vasitəsi kimi istifadə etdiyini bildirib. Diqqətə çatdırıb ki, bəziləri islamofobiyadan, Azərbaycan və Türkiyə əleyhinə danışaraq bu "xidmətləri" sayəsində vəzifələrə təyin olunurlar. Deputat islamofobiya ilə mübarizədə "siyasi vaksin"in mövcudluğunu da diqqətə çatdırıb.

"Biz islamofobiya ilə sonadək mübarizə aparacağıq. Fransada Qarabağ xanının qızı Xurşidbanu Natəvanın heykəlinin vandalizmə məruz qalması islamofobiyadan danışanların iç üzünü göstərir", - deyə Tural Gəncəliyev əlavə edib.

Nur-Mubarak Misir İslam Mədəniyyəti Universitetinin rektoru Mohamed Alşahhat Abdulhamid Mohamed Algindi bildirib ki, hazırda müsəlmanlar fanatiklər, insan hüquqlarının, demokratiyanın əleyhinə olan insanlar kimi qələmə verilir. İslam isə demokratiyaya, insan hüquqlarına, müasir bəşəriyyətə, sivilizasiyaya, bəşəri dəyərlərə, tərəqqiyə qarşı olan din kimi göstərilir. Müsəlman ölkələrinin əksəriyyəti ilə bağlı belə fikirlərin şahidi oluruq. Ona görə də İslamın dəqiq mahiyyətini bilmək lazımdır. "Bütün müsəlman ölkələri BMT-nin Beynəlxalq İnsan Hüquqları Bəyannaməsini istisnasız qəbul ediblər. Müsəlman ölkələri BMT-nin üzvüdür. İslamla bağlı müasir dialoqlara ehtiyac var. Biz bu məsələni kökündən həll etməliyik", - deyə o bildirib. Rektor deyib ki, əfsuslar olsun, İslam ölkələrinin insanlarını dinləmirlər. Biz qlobal dialoqa getmək istəyiriksə, bu, sülhə, tolerantlığa, dözümə, mənəvi dəyər və prinsiplərə əsaslanmalıdır. Qərb ölkələri də bu məsələdən agah olmalıdırlar.

ABŞ-ın Ailə və Gənclər İnstitutunun direktoru Samir Əhməd qeyd edib ki, islamofobiyada institusional, eyni zamanda, fərdi səviyyədə təsirlər var. Bu, kompleks, eyni zamanda, çoxtərəfli bir fenomendir. Həm birbaşa, həm də dolayısı ilə aqressiyaya təkan verir. O diqqətə çatdırıb ki, islamofobiya ali təhsil müəssisələrində tələbələrin hərəkətlərinə də təsirsiz ötüşmür, bu zaman yanaşma və dəstək problemi özünü qabarıq göstərir. Bildirilib ki, bu gün müsəlman tələbələr Qərb ölkələrində şəxsi təhlükəsizlikləri ilə də bağlı narahatlıq hiss edirlər. Siyasi inanclarına görə müsəlmanlar təqib olunur. Bu, tələbələrin yaşayış şəraitinə təsir göstərir, onların təhlükəsizliyi ilə bağlı suallar ortaya çıxarır. Nəticədə həmin gənclər bütün proseslərdən kənarda qalmağa məcbur olur, nəticə etibarilə cəmiyyətdən təcrid olunurlar. Bu da islamofobiyanın mənfi nəticələridir. Belə problemləri həll etmək üçün kompleks yanaşma lazımdır.

Digər çıxış edənlər islamofobiya ilə mübarizənin əhəmiyyətini vurğulayıb, İslam dininin daha geniş spektrdə tədris və təbliğ olunması, ali məktəblərdə islamofobiya ilə mübarizə istiqamətində tələbələrin maarifləndirilməsi ilə bağlı fikirlərini bölüşüb, təkliflərini səsləndiriblər.

***

Qərbi Avropada müsəlmanlara münasibətdə oxşarlıqlar və fərqliliklər, müsəlman ümmətində əsas insan hüquqları

Bakıda keçirilən "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" mövzusunda beynəlxalq elmi konfrans martın 9-da işini plenar iclas və sessiyalar ilə davam etdirib.

"Qərbi Avropada müsəlmanlara münasibətdə oxşarlıqlar və fərqliliklər, müsəlman ümmətində əsas insan hüquqları" mövzusuna həsr edilmiş plenar iclasa "Haider Global BVBA Brüssel" şirkətinin baş direktoru Səccad Kərim moderatorluq edib.

Almaniya Müsəlmanları Mərkəzi Şurasının sədri Ayman Mazyek iclasda çıxışında rəhbərlik etdiyi qurumun əsas məqsədlərindən danışıb. Bildirib ki, Almaniya Müsəlmanları Mərkəzi Şurasının əsas hədəfi İslam əqidəsini ictimaiyyətə təhrif etmədən çatdırmaqdır. Əgər sülhün bərqərar olmasını istəyiriksə, dinlərarası dialoq vacibdir.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin islamofobiyaya qarşı gördüyü işləri yüksək dəyərləndirən Ayman Mazyek qeyd edib ki, Azərbaycan bu sahədə çox vacib addımlar atır. "Prezident İlham Əliyevin forum iştirakçılarına müraciəti zamanı vurğuladığı fikirlər tamamilə doğrudur. İslamofobiya kimi hallar bəşəri dəyərləri alt-üst edir. Qərb ölkələrində milli azlıqlara qarşı edilənlər göz önündədir. Ayrı-seçkiliyin ən böyük təzahürlərindən biri ikili standartlardır. Məsələn, Avropada müqəddəs kitab "Qurani-Kərim"in yandırılması normal qarşılanır. Ancaq həmin ölkələrdə Tövrat, İncil yandırıla bilməz. İslamı terrorçu din kimi qələmə verənlər xristianların törətdiyi terror aktlarına səssiz qalırlar. Bütün bunlar tamamilə ikili standartlardır", - deyə Mərkəz rəhbəri diqqətə çatdırıb.

İslamofobiyanı bəşəriyyətə qarşı atılan atəş kimi qiymətləndirən A.Mazyek vurğulayıb: "Bütün bu proseslər irqçilik fenomeni adı altında davam edir. Ancaq qanun qarşısında bərabərlik bölünməzdir. Biz keçmiş səhvlərdən nəticə çıxarmalı, İslamın siyasi alətə çevrilməsinin qarşısını almalıyıq".

Uelsin "Trinity St David" Universitetinin elmi işçisi Mohammed Sadek Hamid deyib: "Biz islamofobiya ilə bağlı konkret olaraq nələrin baş verdiyinin fərqindəyik. Bunun həlli üçün məsələnin kökünü bilməliyik. Biz təxminən 20 il ərzində müxtəlif dinlərin vəhdətini görürük. Müsəlmanlara qarşı nifrət hissinin və ayrı-seçkiliyin necə vüsət aldığının şahidi oluruq. Avropada buna yer olmamalıdır".

İslamofobiya probleminin nəticə etibarilə sistemli olaraq ayrı-seçkiliyə gətirib çıxardığını vurğulayan Mohammed Sadek Hamid bildirib ki, bu, insanların yaşayışına da böyük təsir göstərir. Bunun nəticəsi olaraq müsəlmanlara qarşı müxtəlif zorakılıq və nifrət halları baş verir. Hətta müsəlmanlara oxşamaq belə ağır nəticələrə gətirib çıxarır, nifrət zəminində cinayətlərin törədilməsinə səbəb olur. "Qeyd etməliyəm ki, belə halların məscidlərə qarşı da baş verdiyini bilirik. Müsəlmanlara fiziki hücumların, xüsusilə də qadınlara qarşı zorakılığın şahidi oluruq. Hətta müsəlmanların məzarlarında cəsədlərə qarşı törədilən əməllər çox xoşagəlməzdir. İslamofobiya hamı üçün problemdir", - deyə o əlavə edib. O diqqətə çatdırıb ki, Böyük Britaniyada da müsəlmanlara qarşı münasibət dəyişməlidir. Bəzi siyasi qərarlarda mühüm dəyişikliklər edilməlidir. Eyni zamanda, mediadakı fikirlər müsbət istiqamətdə dəyişə bilər. Bu problemə qarşı birlikdə uğurlu mübarizə aparıla bilər.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov qeyd edib ki, Fransada dövlət müəssisələrində müsəlmanlara qarşı ayrı-seçkilik hallarına özəl sektordakından daha çox rast gəlinir.

Avropa ölkələrində islamofobiyanın güclənməsinin səbəblərindən bəhs edən Dövlət Komitəsi sədrinin müavini bildirib: "Bəzi Avropa ölkələrində islamofobiya cəmiyyətdən dövlətə deyil, dövlətdən cəmiyyətə yayılır. 2019-cu ildə Fransada islamofobiya hallarına dövlət müəssisələrində 369, özəl sektorda isə 197 dəfə təsadüf olunub".

Avropada müsəlmanlar üçün ibadət evlərinin tikilməsi ilə bağlı problemlərdən söz açan G.İsmayılov deyib ki, əhalisinin təqribən 10 faizi müsəlman olan Fransada 2500 məscid var. Həmin 2500 məscidin mütləq əksəriyyəti bir otaqdan ibarətdir. Fransa nümunəsində müsəlman icmalarının İslam adətlərinə uyğun məscidlər tikməyə maddi imkanları yoxdur. Fransa dövləti isə digər ölkələrdəki müsəlmanlardan maddi dəstək alınmasını qəbul etmir. Bunu "Fransanın islamlaşdırılması" adlandırır. Fransada islamofobiya hallarının 80 faizi qadınlarla, onların geyimləri ilə bağlıdır.

O qeyd edib ki, Fransada müsəlmanlar öz CV-lərində müsəlman olmadıqlarını qeyd edəndə onların işə qəbul şansı 50 faizdən çox olur. Həmçinin bir çox Avropa ölkələrində müsəlmanlar öz əqidələrini CV-lərində göstərmirlər. Bir sıra Avropa ölkələrində müsəlman miqrantlar arasında da ayrı-seçkilik halları müşahidə olunur. Onlar daha çox işə qəbulda İtaliyadan, İspaniyadan olan miqrantlara üstünlük verirlər.

Avropa İnkişaf və Araşdırma Akademiyasının (EDARA) baş direktoru Brahim Laytouss müsəlmanların səlahiyyətlənməsinin və güclənməsinin çox vacib amil olduğunu deyib. Qeyd edib ki, Avropa müsəlmanları oranın vətəndaşlarıdır, orada 25 milyon müsəlman məskunlaşıb. Onlar vətəndaş kimi cəmiyyətin inkişafında iştirak etməlidirlər. Onun sözlərinə görə, müsəlmanlar İslam diskursunu yeniləməli, alternativ təkliflər verməlidirlər. "Biz müsəlman və qeyri-müsəlman arasında fərq qoymuruq. Biz Avropanın bir hissəsiyik. Belçikada İslam din kimi 1974-cü ildən dövlət səviyyəsində təsdiqlənib. Bu ölkənin təhsil müəssisələrində 3 mindən çox müəllim din dərsi keçir", - deyə Laytouss əlavə edib. Avropa Parlamentinə keçirilən seçkilərdən söz açan baş direktor müsəlmanların bu prosesdə daha fəal iştirakının təmin edilməli olduğunu vurğulayıb. O deyib ki, Avropa Parlamentində müsəlmanlar, sadəcə, 11 faiz təşkil edir.

Pakistanda Siyasət Araşdırmaları və Təbliğat Mərkəzinin icraçı direktoru Əhsən Həmid diqqətə çatdırıb ki, Azərbaycanda milli azlıqların sülh içərisində yaşaması çox yaxşı nümunədir. Avropa ölkələri bu siyasəti mənimsəməli və tətbiq etməlidir.

İslamofobiyanın Avropada siyasi silaha çevrildiyinə diqqət çəkən Əhsən Həmid vurğulayıb ki, Qərb ölkələrində müsəlmanları təhdid kimi qələmə verirlər. "Müsəlman ölkələrindən Avropaya səyahət edənlərə viza verilməsi gecikdirilir, bəzən isə ümumiyyətlə verilmir. İslamofobiya partiyaların siyasətinə çevrilib. Qərb mediası isə ictimaiyyətdə qərəzli fikirlərin formalaşmasında çox böyük rol oynayır. Məscidlər bağlanır, müsəlmanlar üçün yeni ibadət yerlərinin açılması qadağan olunur. Ukraynalı qaçqınlarla Əfqanıstandan gələn köçkünlərə qarşı reaksiyalar eyni deyil. Fransada hicablı qadınlar iş yerlərindən qovulur, təhsildən uzaqlaşdırılır", - deyə icraçı direktor bildirib. Ə.Həmid əlavə edib ki, müsəlmanlar məruz qaldıqları ayrı-seçkilik halları ilə bağlı təcrübələrini bölüşməlidirlər. Ancaq maariflənmək yolu ilə islamofobiya hallarının qarşısını almaq mümkündür.

ABŞ-ın Yeni Orlean şəhərindəki Tulane Universitetinin siyasət üzrə professoru Raymond Casimer Taras isə ABŞ-da islamofobiya ilə bağlı məlumatlılığın çox aşağı səviyyədə olduğunu söyləyib. İslamofobiyaya rəvac verən daxili amillərə mütləq nəzər yetirilməli olduğunu vurğulayan professor deyib ki, islamofob düşüncəyə şərait yaradan, bir növ ona səbəb olan halların kökündə yanlış siyasət dayanır. Fəlsəfi olaraq bu vəziyyət islamofobiyanın dərin laylara keçməsinə, irqçi hərəkatların formalaşmasına və yayılmasına imkan verir. "Biz müstəmləkəçiliyə qarşı çıxış edirik. Neomüstəmləkəçiliyin necə geniş vüsət aldığını görürük. Bu məsələlərlə bağlı məlumatlılıq artırılmalıdır", - deyə o diqqətə çatdırıb.

Zalsburq Universitetinin sosiologiya və insan coğrafiyası kafedrasının dosenti Volfqanq Aşauer qeyd edib ki, iqlim dəyişmələri, Qərbdə baş verən müharibələr bədbinliyə qapılmağa səbəb olan amillərdir. Bütün bu mənfi amillər mədəni və sosial qütbləşməyə səbəb olur. Çox zaman isə problemlərə, sosial tənəzzülə görə müsəlman miqrantları qınayırlar. O bildirib ki, müsəlmanlara qarşı münasibət çox kasaddır. Qərbi Avropa ölkələrində müsəlmanlara isti münasibət var. Amma Avropa ölkələrinin 30 faizində bu rəftar mənfidir. "Gənc nəslin müxtəlifliyə daha mədəni münasibəti hiss olunur. Gələcəkdə gənclər müxtəliflik üçün mübarizə aparan əsas qüvvə olacaqlar", - deyə Volfqanq Aşauer əlavə edib.

Plenar sessiya müzakirələrlə davam edib.

***

Qeyri-müsəlman ölkələrində İslam mədəni və dini irsinin qəsdən dağıdılması və təhqir edilməsi aktları

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin məsləhətçisi Aytən Qəhrəmanın moderatorluğu ilə keçirilən "Qeyri-müsəlman ölkələrində İslam mədəni və dini irsinin qəsdən dağıdılması və təhqir edilməsi aktları" mövzusunda aralıq sessiyada çıxış edən Misirin Baş müftisi, Dünya Fətva Orqanları Baş Katibliyinin Baş katibi Şövki Əllamın baş müşaviri İbrahim İbrahim Mahmud Neqm Avropa ölkələrində, xüsusilə Fransada islamofobiya təzahürlərinin getdikcə artmaqda davam etdiyini, bunun nəticələrinin isə uzunmüddətli olacağını deyib. Bildirib ki, islamofobiya müsəlmanlar və İslam ilə bağlı konkret olaraq səhv və dezinformasiyanın nəticəsidir. Saxta dindarlara İslamla bağlı fikirlər yaymasına imkan yaratmaq olmaz.

İslamofobiya ilə mübarizədə monitorinq və müşahidənin önəmindən bəhs edən Mahmud Neqm vurğulayıb: "İlk növbədə, bu cür hadisələrin monitorinqi aparılmalıdır. Güclü administrasiyamız, monitorinq mexanizmlərimiz olmalıdır ki, islamofobiya ilə bağlı bütün hadisələri izləyib təhlil edə bilək. Din xadimlərinin islamofobiyaya qarşı mübarizə apara bilmələri üçün potensiallarının gücləndirilməsi üçün alətlər yaratmalıyıq. Nüfuzlu universitetlərlə əməkdaşlıq etməliyik ki, islamofobiyaya və nifrət nitqinə tutarlı cavab verə bilək".

İslamın ləkələnməsi, irqçiliyin, sadəcə, islamofobiya ilə əlaqəli olmadığını deyən Dekolonial Beynəlxalq Şəbəkə Fondunun katibi Sandev Hira bildirib: "Belə halların yaranması Qərb sivilizasiyalarında tarix boyu davam edən kolonializm sistemlərinin parçasıdır. İrqçilik, islamofobiya siyasətindən istifadə edən ölkələrin gələcəyi qaranlıq görünür". S.Hira Qərb ölkələrində dünyanı koloniya-müstəmləkə qismində idarəetmə sisteminin formalaşdığını vurğulayaraq qeyd edib: "Onların müstəmləkəçilik tarixinə nəzər saldıqda islamofobiyanın yaranma tarixini görəcəyik. Məsələn, İngiltərə Hindistanı işğal etdikdən sonra ilk olaraq onlara xristianlığı məcburi şəkildə qəbul etdirməyə çalışdı. Onlar düşünürlər ki, insanlar dinlərinə, irqlərinə görə müəyyən siniflərə ayrılır. Avropa alimlərinin əsərlərində irqçilik çox açıq şəkildə görünür".

Rusiya Federasiyası Müsəlmanları Dini İdarəsi sədrinin birinci müavini, Moskva İslam İnstitutunun rektoru Damir Muxetdinov qeyd edib ki, beynəlxalq təşkilatlar və qurumlar islamofobiyanı pisləyən qərarlar qəbul etsə də, təəssüf ki, bu halın qarşısını almaq mümkün olmur. O, BMT-nin İnsan Hüquqları Şurası "Qurani-Kərim"in qəsdən təhqir olunmasını pisləyən qətnamə qəbul etməsinə baxmayaraq, Avropada müqəddəs "Qurani-Kərim"i yandıran şəxslərin cəzalandırılmadığına diqqət çəkib. "Sözsüz ki, bu nümunələr ikili standartların ən bariz göstəricisidir. Çünki Qərb ölkələrinin liberal demokratiya prinsipləri üzərində qurulmuş qanunvericiliyi sözügedən aksiyalara mane olmağa imkan vermir", - deyə o əlavə edib.

Qərbi Azərbaycan İcmasının sözçüsü Ülviyyə Zülfiqar müsəlmanlara qarşı nifrət və qərəzin son onilliklər ərzində daha da dərinləşdiyini deyib. İslamofobiya siyasətinin qurbanları arasında Ermənistan ərazisindən zorla çıxarılan azərbaycanlıların olduğuna diqqət çəkən Ülviyyə Zülfiqar qeyd edib ki, bu ölkədə müsəlmanlara qarşı dini və etnik dözümsüzlüyü dövlət siyasəti kimi təsisatlandırılması tarixi qeydlər və hadisələrlə sübut edilir. "Əslində, Ermənistan islamofobiyanın sistemli şəkildə yayıldığı ilk ölkədir. Xatırlatmaq istəyirəm ki, Ermənistan azərbaycanlıları sürgün edib qətlə yetirməklə yanaşı, Azərbaycana məxsus zəngin mədəni irsi metodik şəkildə yer üzündən silib. Son 200 il ərzində, xüsusilə 1905-1908-ci, 1918-1920-ci, 1948-1953-cü və 1987-1991-ci illərdə indiki Ermənistan ərazisində yaşayan azərbaycanlılar doğma yurdlarından məcburi şəkildə deportasiya edilib. Bu dəhşətli hadisələrin kulminasiya nöqtəsi 300 minə yaxın azərbaycanlının öz doğma yurdlarından qovulması olub. 1991-ci ildə Qərbi Zəngəzurun Nüvədi kəndindən sonuncu azərbaycanlının deportasiyası ilə Ermənistan monoetnik dövlətə çevrilib", - deyə sözçü diqqətə çatdırıb.

Ermənistan ərazisində Azərbaycanın mədəni irsinin qəsdən məhv edilməsinə diqqət çəkən Ü.Zülfiqar vurğulayıb: "310-dan çox məscid və 500-dən çox qəbiristanlığın dağıdılması, əhəmiyyətli mədəniyyət abidələrinin təyinatının dəyişdirilməsi icmamıza qarşı törədilmiş ədalətsizliklərin nümunəsidir. Ermənistanda salamat qalan yeganə məscid olan İrəvandakı Göy məscid tariximizlə bağlı həqiqətləri ört-basdır etmək üçün bu ölkə tərəfindən başqa bir ölkənin irsi kimi təqdim edilir".

Şimali Kipr Türk Cümhuriyyəti Prezidentinin beynəlxalq əlaqələr və diplomatiya üzrə xüsusi müşaviri, professor Hüseyn İşıksal qeyd edib ki, Avropada müsəlmanlar cəmiyyətdə öz yerlərini tutmağa və görünməyə başlayanda islamofobiya daha bariz şəkildə büruzə verilir. Əvvəllər orada müsəlmanlar yerli əhalinin görmək istəmədiyi işlərdə çalışırdılar. İndi gənc müsəlman nəsli daha vizual, keyfiyyətli işlərə daxil olduqda islamofobiya hallarının artığını görürük.

O bildirib ki, islamofobiyaya qarşı birgə, kollektiv mübarizə apararaq onun öhdəsindən gəlmək olar. Tarix boyu islamofobiya halları yaşanıb. Bəlkə də o zaman buna islamofobiya adı verilməmişdi, amma faktiki olaraq belə vəziyyətlər var idi. "Müsəlman və türk olmaq ağır yükdür, bunu da qaldırmaq lazımdır", - deyə Hüseyn İşıksal vurğulayıb.

Alikante Universitetinin fəxri professoru, Mənbələr Fondunun (Fundacion Las Fuentes) direktoru Barbara Elena Bejarano qeyd edib ki, İslam dininə qarşı fobiya, müsəlmanlara qarşı ayrı-seçkilik, İslam abidələrinin dağıdılması və ya saxtalaşdırılması illər boyudur davam edir. Bu prosesin tarixi inkişafı ilə tanışlığın məsələnin həlli istiqamətində vacibdir. Professor tarix boyu Qərb ölkələrində müsəlmanların xristianlarla eyni imtiyazlara sahib olmadığına diqqət çəkib: "İspaniyada XV əsrdə müsəlmanlara qarşı xüsusi bir nifrət formalaşdı. Həmin dövrdə İspaniya Kralı müsəlmanlara aid minarələrin yandırılması qərarını verdi. Onlar müsəlmanları cəmiyyətdən çıxarmaq istəyirdilər. Hətta qohumları arasında müsəlman olanların təhsil almaq, işləmək imkanı əllərindən alınırdı. Bu halların əsas səbəbi isə Qərbin Şərqdə güclənən Osmanlı İmperiyasından qorxması idi. Onlar Qərbdə yaşayan müsəlmanların Osmanlıya bağlı olduğunu düşünürdülər. Nəticədə isə Avropada yaşayan müsəlmanlar sürgün olundu və ya qətl edildi".

İslamın sülh, əmin-amanlıq dini olduğunu vurğulayan fond direktoru qeyd edib ki, hər kəs islamofobiya ilə mübarizə etməlidir. Nifrətlə formalaşmayan yeni nəsillərə daha təhlükəsiz bir dünya ötürməliyik.

İslam sosiologiyası üzrə dosent Laurens Daniel de Rooij isə medianın islamofobiyaya təsirlərindən danışıb. Deyib ki, islamofobiya populizmi cəhalət nəticəsində çiçəklənir. İslamofobiyaya qarşı mübarizədə münaqişələrdən çox, müsəlmanların cəmiyyətdə tutduğu mövqelərdən danışılmalıdır. Çünki Avropada insanlar müsəlmanlardan qorxurlar. Onlar düşünürlər ki, müsəlmanlar olan yerlərdə daim münaqişələr olacaq. Bütün bu halların qarşısını almaq üçün maarifləndirmə layihələri həyata keçirilməlidir.

***

"Fransada müsəlmanlara qarşı siyasətlər: İslamofobiyanın normallaşdırılması"

Fransanın "Musulmans en France" xəbər portalının təsisçisi və baş redaktoru Jan-Mişel Brönün moderatorluğu ilə keçirilən "Fransada müsəlmanlara qarşı siyasətlər: İslamofobiyanın normallaşdırılması" mövzusunda sessiyada çıxış edən müstəqil tədqiqatçı və publisist Rolan Öjen Lafit (Roland Eugene Laffitte) deyib ki, Fransada müsəlmanlığı siyasi anlayış kimi təlqin edirlər. İslamı isə zorakı din, cihad mənbəyi, idarəolunmaz məfhum kimi qəbul edirlər.

"Bu gün islamofobiya Fransada dövlət siyasətidir. Əgər Fransada şəxs polis tərəfindən saxlanılarsa və o, ərəb mənşəli olarsa, daha çox çətinliklə üzləşir. Əgər iş müraciəti zamanı ərəb soyadınızın olduğunu görərlərsə, şansınız digərlərinə nisbətən 7 dəfə daha azdır", - deyə tədqiqatçı vurğulayıb.

Sonra çıxış edən Qərbi Azərbaycan İcmasının Fransa və Qərbi Avropa üzrə nümayəndəsi, "Fransada Qərbi Azərbaycan irsinin qorunması" İctimai Birliyinin sədri Zaur Sadıqbəyli bildirib ki, Fransada azərbaycanlılara qarşı qərəzli münasibət var.

"Fransada son vaxtlar çox sayda müsəlman məktəbləri bağlanılıb, imamlar qovulub, İslama aid kitablar kitabxanadan yığışdırılıb. Biz azərbaycanlılar bu irqçi münasibətə Ermənistan tərəfindən məruz qalmışıq. Ermənistanda azərbaycandilli məktəblər ləğv olunub. Oradakı köçkünlər Azərbaycanda təhsil almağa məcbur qalıblar", - deyə o diqqətə çatdırıb.

Z.Sadıqbəyli Fransaya miqrant axınının tarixindən söz açıb. Deyib ki, miqrantlar bu ölkənin qurulmasında və formalaşmasında iştirak ediblər. Fransaya miqrantlar 1975-ci ildən fəhlə gətirilib, bir müddət sonra onlar qayğıdan məhrum edilib. Onların cəmiyyətə inteqrasiya problemi özünü hələ də göstərməkdədir. Bu o deməkdir ki, 1905-ci ildə qəbul edilmiş qanun ləğv olunur. Bu qanunla bağlı islahatlar aparılmalıdır.

Onun sözlərinə görə, Fransada təqribən 7 milyon müsəlman yaşayır, qeyri-rəsmi rəqəmlərə görə isə onların sayı 10 milyon nəfərdir. 2000-ci ildən sonra bu ölkədə dini etiqad yerləri artıb. Strasburq və Lion şəhərlərində müsəlmanlar çoxluq təşkil edir, lakin Qərbi Fransada onların sayı çox deyil.

Parisdəki Geostrateji Araşdırmalar üzrə Avropa Ərəb Akademiyasının direktoru Mohammed El Maazouz son araşdırmalara görə, islamofob çıxışların əvvəlki illərlə müqayisədə 31 faiz artdığını vurğulayıb. "XIII əsrdən bəri islamofobiya dünyada kök salıb. İslamofobiya sanki dövlətin məqsədləri kimi əlaqələndirilir. Avropada İslamı sanki idarəolunan din kimi göstərirlər. Bu gün islamofobiya dövlət siyasətidir. "Tədqiqatlar bu problemə niyə dərindən yanaşmır?", "İslamofobiya ilə bağlı fikirlər necə dinlənilir?" kimi suallara cavab tapılmır", - deyə direktor qeyd edib.

Paris İslam Elmləri fakültəsinin direktoru Nurredine Belhout deyib ki, islamofobiya düşünüldüyü qədər də sadə məsələ deyil. O qeyd edib ki, Azərbaycan dünyəvi dövlət olmasına baxmayaraq, müsəlman ölkəsi kimi ayrı-seçkiliyə məruz qalıb.

"CAGE International"ın idarəedici direktoru Muhammad Abdur Rabbani isə bildirib ki, Fransa beynəlxalq tənqiddən qorxur. 2018-ci ildən bəri Fransa hökuməti müsəlmanlara nəzarət etmək üçün bir nəfər müəyyənləşdirib. Bundan sonra məscidlər, kitab evləri bağlanıb. Fransa müsəlmanlarının hansısa quruma şikayət etmək haqqı yoxdur. Bu ölkədə müsəlmanlar sıxışdırılır. "Fransa totalitar bir siyasi rejimdə işləyir. Onların siyasəti getdikcə avtoritar olur. Fransa hökuməti vətəndaşlar üçün ikili sistem mövcud olduğunu açıq şəkildə deyir. Biri fransızlar, digərləri isə başqa millətlər üçündür", - deyə direktor diqqətə çatdırıb.

Liverpul Universitetinin insan coğrafiyası sosial və məkan bərabərsizlikləri üzrə müəllim Kövtər Nəcib çıxışında islamofobiyanın qlobal fenomen olduğunu deyib. Bildirib ki, müsəlmanlar buna görə çox sıxışdırılır.

"Biz Fransada davamlı şəkildə islamofobiyaya çağırışlar eşidirik. Hicab geyinən tələbələr məktəblərdən kənarda da qısnamalara məruz qalır. Bütün bunlar kifayət qədər böyük siqnaldır", - deyə o qeyd edib.

Sessiyada London Kral Kollecinin Fransa və Avropa siyasəti üzrə baş müəllimi Ceym Şarl Laurens Volfreys "Müasir fransız siyasətində islamofobiya və avtoritar dinamika", Melburn Universitetində tədqiqatçı Sara Şeyx Husain isə "Fransa və Avstraliya: islamofobiyanın müqayisəli təhlili" adlı məruzələrlə çıxış ediblər.

***

"Cinslərə görə islamofobiyanın əsası: müsəlman qadınların təqib edilməsi və müqaviməti, cins və cəmiyyət"

Konfransın sonuncu sessiyası "Cinslərə görə islamofobiyanın əsası: müsəlman qadınların təqib edilməsi və müqaviməti, cins və cəmiyyət" mövzusuna həsr olunub.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü Esmira Cəfərovanın moderatorluğu ilə keçirilən sessiyada çıxış edən Britaniya Müsəlman Şurasının baş katibi Zara Mohammed bu ölkədə yaşayan müsəlmanların islamofobiyaya məruz qaldıqlarını, bu mənfi tendensiyalara qarşı birləşmək və müqavimət göstərmək lazım olduğunu qeyd edib.

İndoneziya Universitetinin professoru Zora Arfina çıxışında bu gün İslamla bağlı damğaların xüsusi diqqət çəkməsinin danılmaz fakt olduğunu diqqətə çatdırıb. O qeyd edib ki, hazırda məkan amili islamofobiyanın təhlilində mühüm məsələyə çevrilib. Burada kənar və daxili islamofobiya amilləri var. Daxili islamofobiya özlüyündə də müəyyən tənqidlərə məruz qalır.

Z.Arfina Qərb mediasında bu məsələnin fərqli şəkildə qələmə verildiyini, insanların barbar və ya digər sözlərlə təsvir edildiyini, müsəlman qadınların zorakılığa məruz qaldıqları barədə məlumatların yayıldığını qeyd edib.

İndoneziyanın "Nahdlatul Ulama" Cəmiyyətinin İdarə Heyətinin üzvü Umniati İsmail təmsil etdiyi ölkədə alimlər birliyi, elm adamları tərəfindən İslam dini ilə bağlı yeni fikirlərin formalaşmaqda olduğunu qeyd edib. "Əlbəttə, burada alimlərin və cəmiyyətlərin üzərinə düşən vəzifələr var. Əvvəla, inkişaf etmək üçün tolerantlıq prinsiplərinə əsaslanmaq lazımdır. İslam vahidliyə çağırış edən bir dindir və bu da cəmiyyətləri, birlikləri dərindən başa düşməyə kömək edir", - deyə o qeyd edib.

Böyük Britaniyanın Montfort Universitetinin siyasət üzrə baş müəllimi Amina Easat Daas Qərb ölkələrində müsəlman qadınların zorakılığa məruz qalanlar, kişiləri isə barbar kimi qələmə verildiyini vurğulayıb. Fransız müstəmləkə kontekstində müsəlman qadınların qarşılaşdıqları çətinliklərdən danışan Amina Easat Daas onların zorakı təhdidlərə məruz qaldıqlarını bildirib. O deyib: "Məktəblərdə qadınların hicab geyinməsi qadağan edilmişdi. Qadınlar hicab geyindikləri üçün cəriməyə məruz qalırdılar. Sonradan müsəlman qadınların xilas edilməsi, onların geyimi ilə bağlı qanunlar qəbul edildi. Bu, azadlıq deyildi, qadınlara başqaları tərəfindən nəyinsə diktə edilməsi idi. Ümumiyyətlə, feminizm və müstəmləkəçilik Fransa siyasətinin əsasını təşkil edirdi. Müsəlman qadınlara nəzarətin vacibliyi qeyd olunurdu".

Ərəbşünaslıq və islamşünaslıq üzrə professor, İnsan Hüquqları İnstitutunun elmi işçisi Susana Mangana çıxışında İslam dünyasındakı mənfi tendensiyaları aradan qaldırmaq üçün çalışmaq lazım olduğunu söyləyib. O diqqətə çatdırıb ki, mediada, cəmiyyətdə ikili standartların azaldılması üçün birlikdə mübarizə aparmaq lazımdır.

"İslama, müsəlman qadınlara qarşı mənfi fikirlər müəyyən dairələr tərəfindən ortaya atılır", - deyən Susana Mangana əlavə edib ki, mediada müsəlman qadınların yanlış təqdimatı təəssüf doğurur. "Biz həmin düşüncəni, təəssüratları dəyişmək üçün mübarizə aparmalıyıq. Həmin stereotipləri məhdudlaşdırmasaq, müsəlman qadınlar məzlum kimi tanınacaq", - deyə o vurğulayıb.

Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı çıxışında ayrı-seçkiliyi insan hüquqlarının pozulması kimi qiymətləndirib. Deyib ki, bu, milyonlarla insana təsir edir.

Müsəlman qadınların hüquqlarının pozulmasının islamofobiya kontekstində artdığını bildirən A.Səfixanlı burada xüsusilə Fransanın nümunə çəkilməli olduğunu diqqətə çatdırıb. Bildirilib ki, bir sıra Avropa ölkələrində dini libasların geyinilməsi də qadağan olunub. Müsəlman qadınlar bu istiqamətdə həm siyasi, həm sosial baxımdan, eləcə də media tərəfdən təzyiqə məruz qalırlar. Bu da onların azadlıqlarının kəskin şəkildə məhdudlaşdırılmasıdır. "İslamın Qərb dəyərlərinə zidd olduğu deyilir. Əslində isə bu cür münasibət, müxtəlifliyə məhəl qoyulmaması zorakılığa yol açan amillərdir. Müsəlman qadınlara, xüsusilə hicab geyinən qadınlara qarşı ayrı-seçkiliyə iş yerlərində və cəmiyyətin digər sahələrində də yol verilir. Bu da müsəlman qadınların təhsil haqlarının məhdudlaşdırılması ilə nəticələnir.

Əksər qadınlar üçün bu cür ayrı-seçkilik maskalanır və gender bərabərliyinin təşviqi donu geyindirilir. Müsəlman qadınlar bunu təkzib edir və öz fikirlərini ifadə etmək, müqəddəratlarını özləri həll etmək istəyirlər", - deyən Aparat rəhbəri vurğulayıb ki, müasir Avropada qərəz din, gender, eyni zamanda, qeyri-qanuni digər əməllər əsasında qurulub. Amma bu zərbəni ən çox müsəlman qadınlar alırlar.

A.Səfixanlı qeyd edib ki, beynəlxalq silahlı münaqişələrdə qadınlar 4-cü Cenevrə Konvensiyası tərəfindən qorunur. Bu cür vəziyyətlərdə qadınlar bütün hüquq və imtiyazlardan istifadə etməlidirlər. Bu zaman qadınlar həyata hörmət, fiziki və mənəvi bütövlük, təqib, əsir götürülmə kimi məsələlərdə istisna kimi çıxış edirlər. Təəssüf ki, müsəlman qadınlara gəldikdə bu cür öhdəliklər tətbiq olunmur.

***

Sonda beynəlxalq konfransın Birgə Kommünikesi qəbul olunub.

***

Qeyd edək ki, "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" mövzusunda beynəlxalq elmi konfrans Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi, G20 Dinlərarası Dialoq Forumu və Bakı Təşəbbüs Qrupunun birgə dəstəyi ilə keçirilib. Konfransda dünyanın 32 ölkəsindən alimlər, beynəlxalq təşkilatların ekspertləri, din xadimləri və qeyri-hökumət təşkilatlarından 130-dan çox nümayəndə iştirak edib. Xatırladaq ki, hər il martın 15-i İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü kimi qeyd edilir.