Bakıda Qoşulmama Hərəkatı Gənclər Təşkilatının mənzil qərargahı açılıb
Siyasət

Bakıda Qoşulmama Hərəkatı Gənclər Təşkilatının mənzil qərargahı açılıb

İyulun 5-6 tarixlərində Bakıda keçirilən Qoşulmama Hərəkatının (QH) Əlaqələndirici Bürosunun Nazirlər İclası çərçivəsində Qoşulmama Hərəkatı Gənclər Təşkilatının (QHGT) mənzil qərargahının açılış mərasimi olub.

AZƏRTAC xəbər verir ki, 2022-ci ildə Qoşulmama Hərəkatının Gənclər Sammiti zamanı Şuşa Akkordu ilə qəbul edilmiş QHGT-nin Nizamnaməsinə uyğun olaraq, Qoşulmama Hərəkatı Gənclər Təşkilatının mənzil qərargahı Bakı şəhərində yerləşir.

Rəmzi açılış lenti kəsildikdən sonra qonaqlar mənzil qərargahı və qərargah daxilində təsis olunan QH gənclərinin tədqiqat mərkəzinin şəraiti ilə tanış olublar. Mərkəz QH gənclərinin üzləşdiyi məsələlərin araşdırılması və onların həlli istiqamətində təhlillərin aparılması məqsədilə təsis olunub.

 Açılış mərasimi Qoşulmama Hərəkatı Gənclər Təşkilatının (QHGT) sədri Orduxan Qəhrəmanzadə bildirib ki, QHGT-nin mənzil qərargahının yaradılması müvafiq qurumlarla sıx əməkdaşlıq şəraitində QH gənclərinin maraqlarını beynəlxalq forumlarda təmsil etmək, onların şəxsi və peşəkar bacarıqlarının inkişaf etdirilməsi üçün geniş imkanlar yaradacaqdır. Sədrin çıxışından sonra, QHGT-nin 2021-2023-cü illərdə göstərdiyi fəaliyyəti əhatə edən, habelə, QHGT-nin yeni istifadəyə verilmiş veb-saytı haqqında videoçarxlar təqdim olunub.

Xarici işlər naziri Ceyhun Bayramov çıxış edərək QHGT-nin uğurlu fəaliyyətinin QH gənclərinin müasir çağırışlara birgə cavab verməsində əhəmiyyətini vurğulayaraq, mənzil qərargahında çalışan əməkdaşlara fəaliyyətlərində uğurlar arzu edib.

Gənclər və idman naziri Fərid Qayıbov çıxışında Gənclər və İdman Nazirliyi tərəfindən QHGT-nin fəaliyyətinə göstərilən hər cür dəstəyin davam etdiriləcəyini qeyd edib.

Tədbirin sonunda Azərbaycan, Venesuela və Uqanda xarici işlər nazirləri, eləcə də gənclər və idman naziri Fərid Qayıbov QHGT-nin xatirə kitabına ürək sözlərini yazıblar. Eyni zamanda, qonaqlara QHGT adından hədiyyələr təqdim olunub.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə təsis olunan Qoşulmama Hərəkatı Gənclər Şəbəkəsi 2022-ci il 29 iyul tarixində Şuşa Sazişi ilə Təşkilata çevrilib. Azərbaycanın sədrliyi dövründə Hərəkatın institusional inkişafı üçün atılmış mühüm addımlardan biri olan QHGT hazırda QH gənclərinin inkişafına təkan verən platforma olaraq geniş spektrli fəaliyyətlər icra etməkdədir.