Müttəfiqlik əlaqələri yeni mərhələdə
Siyasət

Müttəfiqlik əlaqələri yeni mərhələdə

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin uğurlu xarici siyasət strategiyası davam etdirilir. Bu səbəbdəndir ki, digər dövlətlər daim Azərbaycanla əməkdaşlığa can atırlar. Beynəlxalq hüququn norma və prinsiplərinə tam olaraq əməl edən ölkəmiz qarşılıqlı əlaqələrin inkişafına xüsusi önəm verir. Şimal qonşumuz olan Rusiya ilə də münasibətlər son illərdə daha da inkişaf edir. Ölkə başçıları Prezident İlham Əliyev və Vladimir Putinin səmimi münasibətləri bu əlaqələrin daha da şaxələnməsinə böyük töhfə verir. Son olaraq aprelin 17-də hər iki ölkənin ali rəhbərliyi tərəfindən qəbul edilən qərara əsasən Azərbaycan Respublikasının ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlılarının ölkəmizin ərazisindən vaxtından əvvəl çıxarılması qarşılıqlı hörmət və etimaddan irəli gəlir.

Prezident İlham Əliyev dost ölkə Rusiyaya ötən gün işgüzar səfər edib. Moskvanın Vnukovo-2 beynəlxalq hava limanında dövlətimizin başçısını Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin və digər rəsmi şəxslər qarşılayıblar.

Cənab İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinlə təkbətək görüşündə ölkələrimizin qarşılıqlıq dostluq və müttəfiqlik münasibətlərindən söz açıb. Qeyd edək ki, bu, hər iki ölkə başçısının bu il ərzində prezident seçildikdən sonra bir-biri ilə ilk rəsmi görüşü, ölkə başçımızın isə Almaniya və Türkiyədən sonra üçüncü xarici səfəridir. Səfər çərçivəsində ən çox müzakirə olunan məsələlərdən biri də tikintisində ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətlərinin olduğu Baykal-Amur dəmiryolu magistralı olub. Rusiya Prezidenti Vladimir Putin də bu danılmaz fakta toxunub, Heydər Əliyevin Baykal-Amur magistralının tikintisi məsələləri üzrə daimi komissiyaya sədrlik etdiyini xatırladaraq bildirib: "Demək olar ki, o, ən böyük layihələrdən birinin, bütün Sovet İttifaqı üçün çox vacib layihə olan BAM-ın rəhbəri olub. Biz buna görə ona çox minnətdarıq və onun əziz xatirəsini yad edirik". Prezident İlham Əliyev də öz növbəsində Rusiya rəhbərliyinin, hökumətinin və ictimaiyyətinin Heydər Əliyevin əziz xatirəsinə ehtiramını yüksək qiymətləndirdiyini qeyd edib. Hər bir ölkənin dəmiryolu xətləri onun dinamik inkişafını təmin edir. İstənilən ölkədə dəmir yolu xətlərinin uğurla istismarı, bölgə və regionlarla əlaqələrin qurulmasında, əhəmiyyətli yüklərin daşınmasında əhalinin nəqliyyat problemlərinin həllində müstəsna rol oynayır. Baykal-Amur magistralı buna nümunədir. Rusiyanın Şərqi Sibirdə və Uzaq Şərqdə Sakit okeana çıxan, ümumi uzunluğu 4300 kilometr olan Baykal-Amur dəmiryolu magistralının tikintisinə 1940-cı ildən başlanılıb, 1989-cu ildə isə istifadəyə verilib. Öz dövrünün ən nəhəng logistika layihəsi kimi ərsəyə gələn BAM insan əməyinin nəticəsi olub. Coğrafi baxımdan Azərbaycandan xeyli uzaqda yerləşən bu dəmiryolu marşrutunun gerçəyə çevrilməsində azərbaycanlıların əməyi danılmazdır. 1974-cü ildə o zaman Sovet İttifaqının tərkibinə daxil olan Azərbaycandan minlərlə gənc bu magistralın tikintisinə Ümummilli Liderin göstərişi ilə cəlb olunub. Məhz dahi şəxsiyyət bu addımla işin sürətini artırmağa nail olur. Heydər Əliyev saatlarla helikopterlərdə uçuşlardan sonra su ilə dolmuş, bəzən torpaq laylarının qopduğu yeddi kilometrlik tunellə dizə qədər suyun içərisində irəliləyərək, inşaatçılarla görüşlər keçirir, hətta dəmir yolunun üzərinə çiv də vurur. Baykal-Amur magistralı istifadəyə verilsə də, inşaat işləri davam edir, yeni marşrut xətləri çəkilirdi.

Təsadüfi deyil ki, 2008-ci il iyulun 18-də BAM-da, Şərqi Sibir dəmir yolunun Anqoya stansiyasındakı vağzala ümummilli lider Heydər Əliyevin adının verilməsi münasibətilə təntənəli mərasim keçirilib. Burada Ulu Öndərin xatirə lövhəsi açılıb. Bu gün Rusiya Federasiyasının iqtisadi inkişafında mühüm rol oynayan bu dəmir yolu vasitəsilə Mərkəzi və Qərbi Rusiyaya, eləcə də xarici dövlətlərə yüklər ixrac olunur. Bu magistralla ildə təxminən 180 milyon ton yük daşınır ki, bu da öz növbəsində Rusiyanın tranzit sahəsində də inkişafına böyük təkan verib. Bu məqsədlə 2030-cu ilədək BAM-ın daha 3,5 min kilometr uzadılması və yeni stansiyaların tikintisi planlaşdırılır.

Azərbaycan və Rusiya arasında qarşılıqlı əlaqələrdə ən mühüm yeri siyasi münasibətlər tutur. Hər iki dövlət qonşuluq münasibətlərinin inkişaf etdirilməsini prioritet hesab edir. Keçmişdə Azərbaycan və Rusiya vahid ittifaqda yer alıb, hər iki dövlət müstəqil olduqdan sonra əlaqələr daha da inkişaf etməyə başlayıb. Müvafiq olaraq, Azərbaycan və Rusiya arasında diplomatik əlaqələr 1992-ci il aprelin 4-də qurulub, həmin il sentyabrın 25-də Rusiyanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb. İki ölkə arasında şaxələndirilmiş əlaqələrin qurulması məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Qarşılıqlı münasibətlərin hüquqi bazasını təşkil edən əsas sənəd Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında 1997-ci il iyulun 3-də imzalanan "Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında Müqavilə" hesab olunur. Ulu öndər Heydər Əliyevin xarici siyasət strategiyasını uğurla davam və inkişaf etdirən Prezident İlham Əliyev də Rusiya ilə müttəfiqlik əlaqələrinin genişləndirilməsini bütün dövrlərdə vacib amil kimi diqqət mərkəzində saxlayır. Prezident seçildikdən sonra cənab İlham Əliyevin ilk səfərlərindən birini Rusiyaya etməsi dostluq və tərəfdaşlıq əlaqələrinin inkişafına verilən önəmin isbatıdır.

Rusiya Azərbaycanın şanlı Qələbəsindən sonra 2020-ci il 10 noyabr Bəyanatının imzalanmasında xüsusi rol oynayıb. Həmin dövrdən sonra da üçtərəfli Bəyanatın müddəalarının icra olunmasında və Azərbaycanla  Ermənistan arasında sülh razılaşması prosesinə öz dəstəyini göstərib. Qarabağda rus sülməramlı kontingentinin yerləşməsi və 3 ildən artıq bir müddətdə bu ərazilərdə mövcudluğu iki ölkənin bir-birinə olan etimadını bir daha təsdiqləyib. Bundan başqa, müttəfiqlik əlaqələrini daha da artıran Azərbaycan və Rusiya prezidentləri arasında 2022-ci il fevralın 22-də Moskvada "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında" Bəyannamə dövlətlərarası münasibətləri keyfiyyətcə yeni səviyyəsinə qaldırıb.

Azərbaycan-Rusiya iqtisadi əlaqələri artan xətlə inkişaf edir və ötən ilin nəticələrinə görə iki ölkə arasında ticarət dövriyyəsində 17 faiz artım müşahidə olunub. Eyni zamanda, turizm, qarşılıqlı sərmayələr kimi sahələrdə də inkişaf dinamikası yüksəkdir. Belə ki, Rusiya Azərbaycanın İtaliya və Türkiyədən sonra üçüncü tərəfdaşıdır. Azərbaycan-Rusiya ticarət-iqtisadi əlaqələrinin dayanıqlı inkişaf dinamikası sayəsində ticarət dövriyyəsi 2017-ci illə müqayisədə ötən il iki dəfədən çox artaraq, 4,5 milyard ABŞ dollarına yüksəlib. Ölkələr arasında əlaqələrin sürətli inkişafının qarşıdakı dövrdə də uğurla davam etdirilməsi məqsədilə bu ilin əvvəlində "Azərbaycan-Rusiya əməkdaşlığının inkişafının əsas istiqamətləri üzrə 2024-2026-cı illər üçün Yol Xəritəsi" imzalanıb.

Prezident İlham Əliyevin ötən gün Rusiya Federasiyasına səfəri iki ölkə arasında əlaqələrin bütün istiqamətlərdə daha da güclənməsinə təkan verəcək. Azərbaycan-Rusiya əlaqələrinin yaxşı olması, xalqların mehriban münasibəti, iki ölkənin siyasi müstəvidə daim bir-birinə olan dəstəyi mövcud müttəfiqlik münasibətlərinin daha da genişləndirilməsində müstəsna rol oynayır.

Tacir SADIQOV,

"Respublika".