“Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul tarixli 935-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2004-cü il 26 mart tarixli 42 nömrəli, “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 140-VQD nömrəli Qanununun tətbi
Fərman

“Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul tarixli 935-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2004-cü il 26 mart tarixli 42 nömrəli, “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 140-VQD nömrəli Qanununun tətbi

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul tarixli 935-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 10.2.6-cı maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 94.1-1-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi həyata keçirir.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul tarixli 935-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilsin ki:

3.1. aşağıdakı normativ xarakterli aktları altı ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin:

3.1.1. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 8.2.5-1-ci maddəsinə uyğun olaraq, məlumatın formasını;

3.1.2. həmin Qanunun 10.5-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, bankın Müşahidə Şurası və İdarə Heyətinin sədri və üzvləri, habelə yerli filialı olan xarici bank yerli filialının rəhbəri ilə müsahibənin keçirilməsi qaydasını;

3.1.3. həmin Qanunun 11.1-1-ci maddəsinə uyğun olaraq, yerli bankların şöbələrinin fəaliyyəti ilə bağlı şərtləri və tələbləri;

3.1.4. həmin Qanunun 40.1.1-1-ci maddəsinə uyğun olaraq, aidiyyəti olan şəxslərə kreditlərin verilməsi limitlərini və şərtlərini;

3.2. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul tarixli 935-VIQD nömrəli Qanunundan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.

4. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 26 mart tarixli 42 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 3, maddə 143; 2010, № 2, maddə 80; 2014, № 11, maddə 1392; 2017, № 4, maddə 550; 2021, № 12, maddə 1373; 2022, № 8, maddə 862; Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 16 may tarixli 2140 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər edilsin:

4.1. 3.1-1-ci bəndə “Qanunun” sözündən sonra “10.2.6-cı maddəsində,” sözləri əlavə edilsin;

4.2. 3.2-ci bənd ləğv edilsin;

4.3. 3.4-cü bənddə “maddəsində” sözü “və 94.1-1-ci maddələrində” sözləri ilə əvəz edilsin.

5. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 140-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 9 mart tarixli 819 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 3, maddə 440; 2021, № 12, maddə 1373) 3-cü hissəsi ləğv edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 31 iyul 2023-cü il.