Baş nazirin kilsə qorxusu
Siyasət

Baş nazirin kilsə qorxusu

Hazırda erməni apostol kilsəsi, həmçinin bütün Ermənistanın katolikosu II Qaregin bütün davranışları ilə özünü Paşinyan hakimiyyətinə alternativ hesab edir. Bu da baş naziri və tərəfdarlarını həddindən çox hiddətləndirir. Onlar tez-tez II Qareginlə bağlı şəxsi məlumatları sosial şəbəkələrə yayıb, onu təhqir edirlər. Bir sıra dairələr, habelə jurnalistlər, katolikosun şəxsinə zərbə vurmaqdan çəkinmir, II Qareginin timsalında bütövlükdə dini gözdən salmağa çalışırlar.

Nikol Paşinyanın tərəfdarları düşünürlər ki, ölkədə din lazımsız mövhumatdır, köhnəliyin qalığıdır və dəyişməlidir. Maraqlısı odur ki, ermənilərin "sadiq" dostu Ağ Ev cari ilin əvvəlində dünyada dini etiqad azadlığı ilə bağlı hesabat hazırlayaraq, Azərbaycanı dözümsüz ölkə kimi qələmə verdi. Lal-kar-kor siyasəti yürüdənlər ölkənin əsas din xadimini ələ salmaqla məşğul olan Ermənistan hakimiyyətinə qarşı heç bir qərar vermədilər, olanları görməzdən gəldilər.

2023-cü il dekabrın 31-də Ermənistanın birinci kanalında II Qareginin yeni il təbrikinin yayımlanmasına imkan verilməyib. Ancaq Nikol Paşinyan özü Milad bayramı münasibətilə bir neçə gün əvvəlki müraciətində tam din xadimi kimi davranıb, müqəddəs kitabdan seçmələr səsləndirib. O, insanlar yavaş-yavaş alışdırmağa çalışır ki, ölkədə din xadimi də özüdür, rəhbər də. Lakin Ermənistan əhalisi hər şeyin fərqindədir. II Qareginin "İctimai" televiziyada efirə çıxarılmamasını görən cəmiyyət çoxsaylı etirazlar göstərib. Ölkənin media qurumları da birgə açıqlama yayaraq vəziyyətə öz etirazlarını bildiriblər.

Açıqlamada qeyd edilib ki, hökumətlə erməni apostol kilsəsi arasında yaranan ziddiyyətlər, bunun fonundakı arzuolunmaz siyasi çalarlar ictimai həyatın sağlamlığına töhfə verə bilməz. Əksinə, bu, müxtəlif dairələr arasında formalaşmış qütbləşməni gücləndirməklə cəmiyyətə mənfi təsir göstərir. Məsələ burasındadır ki, ənənə halını almış bu təbrik qaydası (təbriki əvvəlcə ölkənin prezidenti, ardınca isə erməni apostol kilsəsinin rəhbəri edir) konstitusion əsaslara dayanır. Dövlət televiziyasına məsələ ilə bağlı müraciət edilib, lakin yayım şirkətinin rəsmiləri məsələni özünün yayım siyasətinin müstəqilliyi ilə əsaslandırıb. Bu açıqlama media təmsilçiləri üçün keçərli səbəb kimi qəbul edilməyib: "Biz aşağıda imzası olan jurnalist təşkilatları hesab edirik ki, az qala, dövlət protokoluna çevrilmiş ənənələr yalnız ictimai rəyin öyrənilməsi və mümkün nəticələrin təhlili nəticəsində dəyişməlidir". Media qurumlarının təmsilçiləri bildiriblər ki, II Qareginə ənənəvi efir vaxtının verilməməsi hakimiyyətin reytinqinə mənfi təsir göstərir. Çünki "İctimai" televiziyanın ölkənin müstəqillik illərində formalaşmış ənənəni pozmaq hüququ yoxdur.

Bəs baş nazirin bu qədər katolikosdan qorxmasının səbəbi nədir?

Ermənistanda hazırda iqtidar-xalq qarşıdurması kəskin şəkildə artıb. Aksiyaların ardı-arası kəsilmir. Nikol Paşinyan özü də fərqindədir ki, onun hakimiyyəti ipdən asılı qalıb.

Töhfə SƏMƏDOVA,

"Respublika".