Şərəf və qəhrəmanlıq səhifəsi
Siyasət

Şərəf və qəhrəmanlıq səhifəsi

Bu il xalqımız 20 Yanvar hadisələrinin 34-cü ildönümünü qeyd edərək  igid övladlarının fədakarlığını sonsuz məhəbbətlə xatırlayır, onların əziz xatirəsini böyük ehtiramla yad edir. Şəhidlər Xiyabanı xalqımız üçün müqəddəs bir and yerinə, milli iradəmizin şərəfli salnamə səhifəsinə çevrilib. 1990-cı ilin 20 Yanvar hadisəsi Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olub.

Qanlı Yanvar qırğını həmin dövrdə Azərbaycanda hakimiyyətdə olan və milli maraqlara zidd addımlar atan iqtidarın istefası tələbini irəli sürdüyünə və qətiyyətlə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə qarşı çıxdığına görə Azərbaycan xalqını cəzalandırmaq üçün SSRİ rəhbərliyi tərəfindən törədildi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridildi, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirildi. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıqla müşayiət olundu. SSRİ tarixində ilk dəfə idi ki, ordu sovet şəhərinə və sovet vətəndaşına qarşı bu miqyasda hərbi müdaxilə və qanlı faciə törətdi. O gün Sovet ordusu Bakıya  nəzarəti bərpa etdi. Lakin Azərbaycanı strateji baxımdan birdəfəlik itirmiş oldu. 20 Yanvar tarixi yaddaşımızı oyatdı. Şəhidləri dəfn etmək üçün qazılan məzar yerlərində Azərbaycan Xalq Cümhuriyyəti dönəmindəki şəhidlərimizin qalıqları üzə çıxdı. Beləliklə, 70 il əvvəlki hadisələrlə bağlantı əmələ gəldi. Yetmiş il əvvəl həyatını itirən şəhidlərin qalıqlarının aşkar edildiyi  məkanda yeni şəhidlərimiz dəfn edildi. Hər iki hadisələrdə erməni amili ciddi rol oynadı.

Sovet qoşunlarının təcavüzü nəticəsində Bakıda 134 mülki vətəndaş öldürülmüş, 800-dən çox adam yaralanmışdı. 1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. O ağır günlərdə Azərbaycan xalqı böyük bir həqiqəti də  bütün mahiyyəti ilə dərk etdi. Bu həqiqət isə ondan ibarət idi ki, meydanda həqiqi lider yox idi. O müdhiş günlərdə Ümummilli Lider Heydər Əliyevin respublikada yoxluğu günün ən böyük və ən acı həqiqəti kimi dərk olundu. Amma Bakıda olmamasına baxmayaraq, xalqının səsinə hər kəsdən əvvəl səs verən də elə Ulu Öndər oldu. Belə bir faciəli və ümumrespublika matəm günündə, siyasət adamlarının əqidəsizlik və qorxaqlıq sərgiləyərək susduqları, Azərbaycanın informasiya blokadasına alındığı bir vaxtda, məhz imperiyanın mərkəzində, elə Moskvada haqq səsini qaldırıb bu qətliamı pisləyən ilk siyasi şəxsiyyət Heydər Əliyev oldu. Azərbaycan xalqının bu ağır və ağrılı günündə, dahi şəxsiyyət Heydər Əliyev Moskvada mətbuat konfransı keçirərək dünyanın aparıcı KİV-ləri qarşısında Azərbaycan xalqı adından olduqca qəti və ciddi bəyanatlar verib, SSRİ rəhbərliyinə və eləcə də bütün dünyaya səslənərək bu qanlı qətliamı törədənləri, şəxsən M.Qorbaçovu ittiham etdi. Heydər Əliyev bu hadisəni hüquqa, demokratiyaya, humanizmə və ölkədə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab etdiyini bildirdi. Ümummilli Lider Heydər Əliyevin 1990-cı il 21 yanvar tarixli bəyanatı həm də Moskvada, imperiyanın mərkəzində faciəyə verilən ilk siyasi qiymət idi.  Öz bəyanatında Ulu Öndər demişdi: "Azərbaycana kənardan böyük ordu kontingenti yeridilmişdir. Respublikada neçə ordu birləşməsinin olduğu mənə yaxşı bəllidir. Azərbaycanda kifayət qədər - 4-cü ordu, Xəzər Hərbi Dəniz Donanması, desant qoşunlarının diviziyası, Hava Hücumundan Müdafiə Qoşunları, DİN-in daxili qoşun birləşmələri vardır. Oraya əlavə qoşun yeritmək nəyə lazım idi? Əgər belə zərurət var idisə, orada yerləşən hərbi hissələrdən də istifadə etmək olardı. Belə qərar qəbul edən Azərbaycan rəhbərliyi, hamıdan əvvəl isə Azərbaycanı qoyub qaçmış Vəzirov öz xalqı qarşısında məsuliyyət daşımalıdır".

Qanlı Yanvar faciəsi ilə bağlı Heydər Əliyev tərəfindən verilən kəskin bəyanat artıq Azərbaycan tarixində yeni siyasi dövrün başlanmasını bildirirdi. Heydər Əliyevin növbəti sərt addımı isə SSRİ Nazirlər Sovetinin partiya təşkilatına ünvanladığı 19 iyul 1991-ci il tarixli ərizəsidir. O, Kommunist Partiyası sıralarından çıxmasına dair bu ərizəsində kommunist rejiminin ölkəni uçuruma apardığını, SSRİ-nin dağılmasının labüdlüyünü açıq bəyan etmişdi. Heydər Əliyev bu müraciətdə 20 Yanvar hadisəsi ilə bağlı qeydlərində bildirirdi: "Bu antihumanist, Konstitusiyaya və hüquqazidd hərəkəti ittiham edərkən Sov. İKP və Azərbaycan KP MK-nın bu cinayətin üstünü açacağına və günahkarları üzə çıxaracağına ümid edirdim. Artıq yarım il keçib. Nəinki bu dəhşətli cinayətlərin hamıya çoxdan məlum olan günahkarları üzə çıxarılmayıb, əksinə bunları ört-basdır etmək üçün əllərindən gələni edirlər. Ümid edirlər ki, bu faciə unudulacaq. Ancaq tarix dəfələrlə sübut etmişdir ki, doğma xalqa qarşı yönəldilmiş qanlı cinayətləri on illər keçsə də, unutmaq və bağışlamaq mümkün deyil". Beləliklə, 1991-ci ilin iyulunda Heydər Əliyev Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etdi.

20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verilməməsi Heydər Əliyevi çox düşündürən məsələlərdən biri idi. 1990-cı ilin yanvarından sonra hakimiyyətdə olan qüvvələrin bu məsələdə ilk vəzifəsi faciəni təhlil etmək, günahkarları üzə çıxarmaq və dövlət səviyyəsində siyasi-hüquqi qiymət vermək olsa da, respublika əhalisinin təkidli tələblərinə baxmayaraq, bununla bağlı 1993-cü ilə qədər faktiki olaraq heç bir tədbir görülməmişdi. 1990-cı il yanvar ayının 22-də çağırılan Azərbaycan Ali Sovetinin fövqəladə sessiyası öz işini yarımçıq qoymuş və sonrakı sessiyalarda bu məsələnin müzakirəsini davam etdirməmişdi. Ali Sovetin yanvar hadisələrini tədqiq etməli olan komissiyasının işi başa çatdırılmamış qalmışdı.

Yalnız Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra 1990-cı ilin Qanlı Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi. "20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 5 yanvar 1994-cü il tarixli Fərmanında deyilirdi: "Xalqımızın tarixinə qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin yanvarın 20-də Azərbaycan öz azadlığı və müstəqilliyi uğrunda ilk şəhidlərini vermişdir. Tarixin yaddaşına qanla yazılmış həmin gündən bizi 4 illik zaman məsafəsi ayırır. Təəssüf ki, 4 il ərzində 20 Yanvar hadisələrinə dövlət səviyyəsində lazımi siyasi-hüquqi qiymət verilməmişdir".

Fərmanda Milli Məclisə 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymətin verilməsi, bu məqsədlə parlamentin xüsusi sessiyasının keçirilməsi məsələsinə baxılması tövsiyə edilirdi. Milli Məclisdə müzakirələrin yekunu olaraq 1994-cü il martın 29-da qəbul edilən qərarda nəhayət ki, 1990-cı ilin Qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi. Qərarda 1990-cı ilin 20 Yanvar hadisələri Azərbaycanda vüsət almış milli azadlıq hərəkatını boğmaq, suveren bir dövlət amalı ilə ayağa qalxan xalqın inam və iradəsini qırmaq, belə bir yola qədəm qoyan xalqa sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədilə totalitar kommunist rejimi tərəfindən hərbi təcavüz və cinayət kimi qiymətləndirildi.

Heydər Əliyev şəhidləri və şəhid ailələrini heç vaxt diqqətdənkənar qoymurdu. 20 Yanvar faciəsinin bütün ildönümlərində şəxsən Şəhidlər Xiyabanını ziyarət edən Ulu Öndər şəhid ailələrinə müraciətlə bütün Azərbaycan xalqı adından onlara başsağlığı verir, problemləri ilə yaxından maraqlanırdı. Ümummilli lider bu faciəni böyük bir tarixi hadisə kimi qiymətləndirmiş və qəhrəman övladlarımızın özünü qurban verərək Azərbaycan xalqının milli azadlığı üçün, Azərbaycanın müstəqilliyi üçün yol açdıqlarını ifadə etmişdir.

Heydər Əliyev hər zaman 20 Yanvar faciəsinin mahiyyət etibarilə bəşəriyyətə, humanizmə, insanlığa qarşı yönəldilmiş ən qanlı terror aktlarından biri kimi qiymətləndirmiş, Şəhidlər Xiyabanını  Azərbaycan xalqı üçün ən müqəddəs yer olduğunu bildirmişdir.

Aiza ŞABANOVA,

"Respublika".