Batumi müqaviləsindən Şuşa Bəyannaməsinə
Tarix

Batumi müqaviləsindən Şuşa Bəyannaməsinə

Azərbaycan və Türkiyə arasında diplomatik münasibətlərin qurulmasından 32 il ötür. İki ölkənin 1992-ci il yanvarın 14-də diplomatik müstəvidə başlatdığı fəaliyyət bu gün də uğurla davam edir.

1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini bərpa edən Azərbaycan noyabrın 1-də respublikanın müstəqilliyinin tanınması ilə bağlı Türkiyə Cümhuriyyətinə rəsmi təklif göndərmiş və qardaş ölkənin Nazirlər Kabinetinin 1991-ci il noyabrın 9-da keçirilən iclasında ölkəmizin müstəqilliyinin tanınması haqqında qərar qəbul edilmişdi. Beləliklə, Türkiyə Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlət oldu və əlaqələrin genişləndirilməsinə siyasi zəmin yarandı.

Hazırda qardaşlıq və dostluq münasibətlərinin zirvəsini yaşayan Azərbaycan və Türkiyə tarixin bütün dönəmlərində ikitərəfli əlaqələrin inkişaf etdirilməsinə qarşılıqlı maraq göstəriblər. 1918-ci ildə Cənubi Qafqazda yaranan 3 müstəqil dövlətdən biri olan Azərbaycan Xalq Cümhuriyyəti (AXC) mayın 29-da radioteleqraf vasitəsilə Cümhuriyyətin tanınması ilə bağlı beynəlxalq aləmə çağırış etmiş, buna ilk olaraq Osmanlı dövləti müsbət cavab vermiş, bir neçə gündən sonra AXC ilə Osmanlı dövləti arasında Batumi müqaviləsi imzalanmışdır. Təkcə AXC-nin suverenliyini tanımaqla kifayətlənməyən Osmanlı dövləti Batumi müqaviləsinin şərtlərinə uyğun olaraq Bakının erməni-bolşevik işğalından təmizlənməsi üçün Qafqaz İslam Ordusunu Azərbaycana göndərmişdi. Nəzərə almaq lazımdır ki, həmin illər Osmanlı dövləti çox çətin siyasi proseslər məngənəsində olmasına baxmayaraq, öz üzərinə düşən öhdəliyi yerinə yetirmişdi.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə xarici siyasət və diplomatik əlaqələr Xarici İşlər Nazirliyi, Azərbaycanın xarici dövlətlərdəki səfirlikləri, diplomatik nümayəndəlikləri, konsulluqları, həmçinin bir sıra xarici dövlətlərin ölkəmizdəki diplomatik nümayəndəlikləri və konsulluqları vasitəsilə həyata keçirilmiş, Əlimərdan bəy Topçubaşov və Yusif bəy Vəzirov Türkiyədə fəaliyyət göstərmişdir.

Çar Rusiyası Cənubi Qafqazdakı müstəqil dövlətləri işğal etdikdən sonra da, Azərbaycan-Türkiyə diplomatik əlaqələri öz mövcudluğunu qoruyub saxlaya bilmişdi. 1921-ci ilin oktyabrında Azərbaycan SSR-in Türkiyədə səfirliyi açılmışdı. Eyni zamanda Sovet dönəmində Azərbaycan SSR-in Qarsda konsulluğu, Bakıda isə Türkiyə Böyük Millət Məclisi hökumətinin diplomatik nümayəndəliyi fəaliyyət göstərmişdi. 1921-ci il oktyabrın 13-də mühüm tarixi əhəmiyyətə malik olan Qars müqaviləsinin imzalanması Naxçıvanın muxtar respublika kimi Azərbaycanın tərkibində qalmasına təminat verən çox mühüm hüquqi, siyasi, beynəlxalq sənəd olmuşdur.

SSRİ-nin süquta uğradığı və ölkəmizin yenidən müstəqilliyə qovuşması ərəfəsində 25 may 1991-ci ildə Türkiyənin Bakıda Baş konsulluğu açıldı.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra da xarici siyasətində Türkiyə ilə əməkdaşlığa xüsusi önəm verdi. Bakının xarici siyasətində Ankara faktorunun önə çıxması heç də təsadüfi olmamış, tarixdən gələn isti münasibət buna öz təsirini göstərmişdir. Müstəqillik dövründə diplomatik əlaqələr bərqərar olduqdan sonra Azərbaycanın Türkiyədə səfirliyi 1992-ci ilin avqust ayında açılmışdır. 1993-cü ilin yanvar ayında İstanbul şəhərində, 12 aprel 2004-cü il tarixində isə Qars şəhərində Azərbaycanın Baş konsulluqları təsis edilmişdir. Türkiyənin Bakıda Səfirliyi və Naxçıvan və Gəncə şəhərlərində Baş Konsulluqları fəaliyyət göstərməkdədir. Həmin illərdə dünya siyasətində müstəqil olaraq ilk addımlarını atan respublikamızın qardaş ölkədən ilk gözləntisi də qarşılıqlı şəkildə səfirliklərin açılması və Azərbaycanın müstəqilliyinin digər dövlətlər tərəfindən tanınması üçün Türkiyənin yardımçı olmasından ibarət idi. Türkiyə bu istiqamətdə də öz yardımını ölkəmizdən əsrigəməmişdi.

Tarixi köklərə və qardaşlığa söykənən, hər zaman həmrəylik nümayiş etdirən Azərbaycan və Türkiyə arasında strateji əməkdaşlığın bünövrəsi 1992-ci il 1-3 may tarixlərində Türkiyə Cümhurbaşqanı Turqut Özalın ölkəmizə səfəri zamanı imzalanmış "Birgə Bəyanat" olmuşdur.

Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir", ümummilli lider Heydər Əliyevin "Bir millət, iki dövlət" fəlsəfəsinə əsaslanan diplomatik əlaqələr Prezidentlər İlham Əliyev ilə Rəcəb Tayyib Ərdoğan dönəmində ən pik həddini yaşayır. 15 iyun 2021-ci il tarixində "Türkiyə Respublikası ilə Azərbaycan Respublikası arasındakı müttəfiqlik münasibətləri haqqında" Şuşa bəyannaməsinin imzalanması buna əyani sübutdur. Beləliklə, deyə bilərik ki, iki qardaş ölkənin diplomatik münasibətləri Batumi müqaviləsindən Şuşa Bəyannaməsinə qədər şərəfli bir yol keçib.

Musa BAĞIRLI,

"Respublika".