Bayram günlərində yurda qayıdış sevinci
Sosial həyat

Bayram günlərində yurda qayıdış sevinci

İkinci Qarabağ müharibəsindən keçən 3 ildən artıq müddət ərzində işğaldan azad edilmiş ərazilərimizdə böyük quruculuq və abadlıq işləri aparılır. Əlbəttə ki, görülən bütün işlərdə yalnız bir məqsəd var, işğaldan azad edilən torpaqlara sakinlərin ən tez zamanda, tam şəkildə qayıdışı və firavan yaşayışının təmin edilməsi. Ərazilərimizdə bərpa və yenidənqurma işləri nəzərdə tutulandan daha sürətlə gedir və bu, o deməkdir ki, Böyük Qayıdış uğurla başa çatdırılacaq. Şəhər və kəndlərin baş planlarının tərtib edilməsi, onların sürətlə dirçəldilməsi, əhalinin dayanıqlı şəkildə məskunlaşması, eləcə də iqtisadi aktivliyin təmin olunması əsas vəzifədir. "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə "Böyük Qayıdış"a dair I Dövlət Proqramı"na əsasən müasir tələblərə uyğun tikilən yurd yerlərimizə mərhələli şəkildə əhalinin köçürülməsi davam edir.

Dövlətin həyata keçirdiyi nəhəng tikinti-quruculuq işləri təkcə sakinlərin yaşayışı üçün nəzərdə tutulmur. Eyni zamanda keçmiş məcburi köçkünlərin istirahət və asudə vaxtlarının səmərəli təşkil edilməsi, əsasən də məşğulluğun təmin olunması üçün mühüm addımlar atılır, müəssisə və fabriklər istifadəyə verilir. Bütün bunlar isə yaxın gələcəkdə Qarabağ və Şərqi Zəngəzur bölgəsində əhalinin firavan yaşayışı ilə yanaşı, həm də yenidən tikilib qurulan ərazilərin dünyaya tanıdılması məqsədi daşıyır. Çünki Qarabağ və Şərqi Zəngəzur bölgəsi həm də turizm potensialı baxımından çox zəngindir. Sözsüz ki, bu da ölkə iqtisadiyyatına böyük töhfələr verəcək. Artıq bu ərazilər hava yolları vasitəsilə də dünyaya açılan yeni bir qapıdır. Füzuli, Zəngilan Beynəlxalq Hava limanları istifadəyə verilib, Laçın Beynəlxalq Hava limanında isə işlər davam edir.

44 günlük Vətən müharibəsində qazandığımız Zəfər regionun reallıqlarını dəyişdirməklə yanaşı, məcburi köçkünlərin 30 ilə yaxın yurd həsrətinə də son qoydu. İşğaldan azad edilmiş ərazilərimizdə yeni ab-hava var. Azad edilən ərazilərdə aparılan genişmiqyaslı işlər mənfur düşmənin törətdiyi cinayət və terrora son qoyaraq bütün yurd yerlərimizə yenidən həyat verir. Uzun illərdən sonra keçmiş məcburi köçkünlər yeni evlərinə geri dönürlər. Laçın və Füzuli şəhərlərinə, Ağalı, Talış və Zabux kəndlərinə qayıdan həmvətənlilərimiz üçün hər cür şərait yaradılıb. Bu da keçmiş məcburi köçkünlər arasında böyük ruh yüksəkliyinə səbəb olur. Sakinlərin rahat və təhlükəsiz yaşayışının təmin edilməsi üçün görülən genişmiqyaslı bərpa-quruculuq işləri intensiv şəkildə həyata keçirilir. Bunun nəticəsidir ki, keçmiş məcburi köçkünlər Prezident İlham Əliyevin qətiyyəti, iradəsi, şanlı Azərbaycan Ordusunun gücü hesabına düşmən tapdağından azad edilmiş yurd yerlərimizə, ağlaya-ağlaya didərgin salındıqları dədə-baba torpaqlarımıza indi gülə-gülə qayıdırlar. 30 illik işğal dövründə Ermənistan tərəfindən viran qoyulan, hər qarışına, dağına, daşına zərər yetirilən, zərrəcə həyat nişanəsi belə tapmaq mümkün olmayan, əzəli və əbədi sahiblərinə geri qayıdan ərazilərimiz indi nəhəng tikinti-quruculuq meydanına çevrilib. Uzun illər el-oba həsrəti çəkən Füzuli sakinləri də artıq Dövlət Proqramına əsasən yurda qayıdış sevincini yaşayırlar. İlk köç karvanı ötən il avqustun 18-də baş tutdu. İlkin olaraq 23 ailə - 90 nəfər doğma yurduna qayıtdı. Həmin vaxtdan etibarən mərhələli şəkildə köç prosesi davam edir.

Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı martın 27-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Füzuli şəhərinə daha 35 ailə - 134 nəfər köçürülüb. Novruz bayramı günlərində sakinlərin sevincinə sevinc qatılıb. Onlar uzun illər idi ki, bayramlarını, əziz günlərini ölkənin müxtəlif ərazilərində müvəqqəti sığındıqları məkanlarda qeyd edirdilər. Bu gün isə artıq həsrətə, hicrana son qoyulub. Dövlət başçısı İlham Əliyevin milli çağırışımız kimi xarakterizə etdiyi Böyük Qayıdış sürətli və layiqli şəkildə həyata keçirilir. Azərbaycan dövləti növbəti üç il ərzində Qarabağ və Şərqi Zəngəzur rayonları üzrə 150 mindən çox insanı doğma yurdlarına qaytarmağı nəzərdə tutur. Təkcə Qarabağ regionuna 2026-cı ilə qədər 140 min insanın dönəcəyi gözlənilir.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Doğma yurda qayıdan Füzuli sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür edirlər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirir, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyirlər. Xatırladaq ki, indiyədək Füzuli şəhərində 631 ailənin, yəni 2379 nəfərin daimi məskunlaşması təmin edilib.

Ramidə YAQUBQIZI,

"Respublika".