Bayramlı qəsəbəsi abad yaşayış məkanıdır
Region

Bayramlı qəsəbəsi abad yaşayış məkanıdır

Kürün sağ sahilində yerləşən Bayramlı qəsəbəsi son illər xeyli böyüyüb inkişaf etmiş, abad yaşayış məkanına çevrilmişdir. Şirvan şəhərinin tabeliyində olan bu qəsəbənin sakinlərinə daima qayğı və diqqət göstərilir. Bu günlərdə qəsəbədə keçirilən səyyar qəbulda sakinlər şəhər rəhbərliyinə öz razılıqlarını bildirdilər. Qəbuldan öncə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov qonaqlarla birlikdə Bayramlı qəsəbə kitabxanasında Yeni il hazırlıqları ilə tanış oldu, yolkanın ətrafında balacaların səsləndirdikləri Dünya Azərbaycanlılarının Həmrəylik Gününə və Yeni ilə həsr olunmuş şeirlər dinlənildi.

Qəsəbə klubunda keçirilən qəbulda şəhər icra hakimiyyətinin başçısı İlqar Abbasov sakinləri salamlayaraq pandemiya və Vətən müharibəsi ərəfəsində ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən uğurlu dövlət siyasətindən, koronavirus infeksiyasına qarşı dünyaya örnək olan mübarizə tədbirlərindən, müasir tibbi avadanlıqlarla təchiz edilmiş modul tipli xəstəxanaların yaradılmasından, əhalinin kütləvi vaksinləşməsi prosesindən danışdı:

- Artıq 2 ildir ki, xalqımız 44 günlük Vətən müharibəsində qazandığı qələbəni qeyd edir, təkcə ölkə vətəndaşlarının deyil, dünyanın müxtəlif ölkələrində yaşayan 50 milyonluq azərbaycanlı Şanlı Zəfərlə qürur və iftixar hissi keçirir. Vətən müharibəsi ərəfəsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinə minlərlə gəncin müraciət etdiyini, çox böyük ruh yüksəkliyi ilə cəbhəyə yollandıqlarını, qısa müddətdə hospitala çevrilmiş Şəhər Mərkəzi Xəstəxanasında müalicə olunan yaralılara tibb personal və şəhər sakinləri tərəfindən xüsusi həssaslıqla yanaşıldığını, əsgər və zabitlərin sağalan kimi yenidən döyüşə qayıtmaq istədiklərini yaxşı xatırlayırıq. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun döyüş əzmi və vətənpərvər ruhu Qələbəni şərtləndirən əsas amillər oldu.

İcra başçısı Şirvan şəhərindən 22 nəfərin şəhid olduğunu, onların izdihamla dəfn olunduğunu, ailələrinin xüsusi diqqət və qayğı ilə əhatə olunduğunu diqqətə çatdırdı. 10 gündür ekoloji terrora qarşı ictimai fəalların Şuşa-Laçın-Xankəndi yolunda keçirdikləri etiraz aksiyasının mahiyyəti barədə sakinlərə ətraflı məlumat verdi. Ölkə başçısının Şirvan şəhərinə göstərdiyi diqqət və qayğının nəticəsi olaraq, şəhər ərazisində genişmiqyaslı abadlıq-yenidənqurma işlərinin həyata keçirildiyini, 2021-ci ildə 39 küçənin asfaltlandığını, hazırda 7 küçədə asfaltlanma işlərinin başa çatdırıldığını, 123 küçənin tam işıqlandırıldığnı, şəhər sakinlərinin mədəni istirahətini təmin etmək məqsədilə Məhəmməd Füzuli adına Mədəniyyət və İstirahət Parkının ərazisinin genişləndirilərək yenidən qurulduğunu, "İDEA" İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə "Bizim həyət" layihəsi çərçivəsində Şirvanda üçüncü həyətin abadlaşdırılmağa başlandığı vurğulandı. Eyni zamanda Bayramlı qəsəbəsində yeni parkın salınaraq Novruz bayramına qədər sakinlərin istifadəsinə verilməsinin planlaşdırıldığı qeyd olundu. Bayramlı qəsəbə sakinlərinin fasiləsiz içməli su ilə təminatı ilə bağlı müvafiq işlər görüldüyünü bildirdi. Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Şəhidlər Xiyabanında genişmiqyaslı abadlıq-bərpa işlərinin aparıldığı, Vətən müharibəsi şəhidlərinin məzarları qoyulduqdan sonra Birinci Qarabağ müharibəsi şəhidlərinin də məzarlarının qara mərmərdən yenidən quraşdırıldığı, şəhid analarının şərəfinə "Şəhid anası" memorial abidə-kompleksinin və ətrafında tarixin müxtəlif dönəmlərində xalqımızın məruz qaldığı faciələri və şəhidləri xatırladan mərmər lövhələrin yaradıldığı diqqətə çatdırıldı.

 Sonra qəbula gələn sakinlər dinlənilib, onları narahat edən məsələlər və problemlər aidiyyəti məsul şəxslərin iştirakı ilə müzakirə edildi. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həll olundu, bəzi müraciətlərin həlli ilə bağlı müvafiq göstərişlər verildi və nəzarətə götürüldü.

Sakinlər onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minətdarlıqlarını ifadə etdilər.

Tofiq HÜSEYN,

"Respublika".