Baytarlıq xidmətləri müzakirə olunub
Digər xəbərlər

Baytarlıq xidmətləri müzakirə olunub

Gədəbəy rayonunda Aqrar Xidmətlər Agentliyinin (AXA) Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin təşkilatçılığı ilə “Heyvan sağlamlığının qorunması və baytarlıq xidmətlərinin səmərəliliyinin artırılması” mövzusunda tədbir keçirilib.

“Respublika” xəbər verir ki, tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin qurumu olan Aqrar Xidmətlər Agentliyinin sədr müavini Eldar Həsənov, Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin rəisi Məsud Xatibi, AXA əməkdaşları, dövlət aqrar inkişaf mərkəzlərinin (DAİM), rayon heyvan sağlamlığı və baytarlıq xidmətləri idarələrinin rəhbərləri, eləcə də  fərdi (özəl) baytarlıq praktikası ilə məşğul olan baytar həkimləri iştirak ediblər.

Tədbirdə çıxış edən AXA-nın sədr müaviniEldar Həsənov ölkədə epizootik sabitliyin qorunub saxlanılmasının mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib. Bildirib ki, bu baxımdan dövlət-özəl baytarlıq münasibətlərinin daha da inkişaf etdirilməsi,vaksinasiya tədbirlərinin vaxtında və keyfiyyətlə həyata keçirilməsi,maarifləndirici tədbirlərin aparılması, baytarlıq subyektlərinin peşəkarlıq səviyyəsinin artırılması,şəffaflığın və vətəndaş məmnunluğunun təmin edilməsi vacibdir.

Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin rəisi Məsud Xatibi görülmüş işlər barədə məlumat verib. Vurğulanıb ki, bazar iqtisadiyyatının tələbinə uyğun baytarlıq fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində islahatlar aparılıb, özəl baytarlıq xidmətinə keçid təmin olunub. Dövlət büdcəsindən maliyyələşən xüsusi təhlükəli xəstəliklərə qarşı peyvəndləmə tədbirləri baytar həkimləri ilə AXA arasında bağlanılmış müqavilə əsasında, digər xəstəliklərə qarşıpeyvəndləmə tədbirləri fermerlərə ödənişli əsaslarla, qarşılıqlı razılaşma yolu ilə həyata keçirilir.

Hazırda bölgələrdə xüsusi təhlükəli xəstəliklərə qarşı vaksinasiya tədbirləri davam etdirildiyini və cari ildə də vaksinasiya tədbirlərinin vaxtında və keyfiyyətli həyata keçirilməsi, ölkədə epizootik vəziyyətin sabit saxlanılması üçün rayon (şəhər) Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarələrinin üzərinə böyük vəzifə qoyulduğunu nəzərə çatdırıb.

Tədbirdə Gədəbəy, Tovuz, Ağstafa, Şəmkir, Daşkəsən və Qazax rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin rəhbərləri, eləcə də özəl baytar həkimləri çıxış edərək bölgədə epizootik vəziyyət, yerlərdə qarşılaşdıqları çətinliklər barədə məlumat verib.

Mövzu ətrafında fikir mübadiləsi aparılıb, səslənən təkliflər qeydə alınıb.

Nəriman Cavadov,

“Respublika”