Bəşəri faciə: Mina terroru
Siyasət

Bəşəri faciə: Mina terroru

Uzun illər işğal altında saxladığı ərazilərimizdə ekosid, urbisid və müxtəlif bəşəri cinayətlər törədən Ermənistanın bu əməllərinə dünya birliyi səssiz qalır. Bir milyona yaxın  soydaşımızı yurd yerindən didərgin salan, əzəli və əbədi torpaqlarımızı zəbt edən düşmən bununla da kifayətlənməyərək ərazilərimizi mina ilə çirkləndirib.

Ötən əsrin sonlarından bu yana hayların mina terroru təkcə insan həyatına deyil, ekologiyamıza, flora və faunaya olduqca ciddi ziyan vurmuşdur. Bu gün mina təhlükəsi hələ də davam edir. Xatırladaq ki, bir sıra rəsmi məlumatlarda İkinci Qarabağ müharibəsi və antiterror tədbirlərindən sonra ölkəmizin ərazisində bir milyondan artıq mina və partlamamış hərbi sursatın olduğu qeyd edilib. Təsadüfi deyil ki, işğaldan azad edilən ərazilərdə 340-dan çox insan Ermənistan tərəfinin qurduğu ölüm tələsinə düşüb. Hətta elə ərazilərimiz var ki, burada bir kvadratmetrdə piyada əleyhinə 6-8 minaya rast gəlinir.

Rəsmi İrəvan 1999-cu il Ottava Konvensiyasının piyada əleyhinə minaların istifadə edilməsini, istehsalını, yığılmasını və ötürülməsini qadağan edən bəndlərinə də zidd hərəkət edib. Eyni zamanda "Müharibə qurbanlarının müdafiəsi haqqında" 1949-cu il 12 avqust tarixli Cenevrə konvensiyalarını, 10 oktyabr 1980-ci il "Hədsiz zərərli sayıla bilən və ya seçimsiz nəticələrə malik ola bilən müəyyən adi silah növlərinin istifadəsinə qoyulan qadağalar və ya məhdudiyyətlər haqqında" Konvensiyanın İkinci Protokolunun tələblərini də kobud şəkildə pozur. Düşmən ölkə müvafiq beynəlxalq məhkəmə işləri çərçivəsində məsuliyyətdən yayınmaq məqsədilə bütün mina sahələrini əhatə edən formulyarların verildiyi iddiası ilə də çıxış edir. Amma İrəvan tərəfindən təqdim edilmiş formulyarlar işğaldan azad olunmuş bütün əraziləri tam şəkildə əhatə etmir.

Mina və partlamamış hərbi sursatların təmizlənməsi olduqca uzun, məşəqqətli və xərc tələb edən prosesdir. Nəzərə alınmalıdır ki, azad edilmiş ərazilərin minalardan tamamilə təmizlənməsi üçün bundan sonra 30 ilə yaxın vaxt lazımdır. Bütün bunlar Azərbaycanın dövlət büdcəsi hesabına həyata keçirilir. Təəssüf ki, ölkəmizə bu sahədə də beynəlxalq birliyin dəstəyi hiss olunmur. Bu gün Azərbaycan mina probleminin öhdəsindən də özü təkbaşına gəlir. Minatəmizləmə əməliyyatlarına əsasən yaşayış məntəqələrinin salınacağı ərazilər, əkin sahələri və yollardan başlanılıb. Hazırda bu istiqamətdə gərgin iş davam edir. Minatəmizləmə işləri Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA), Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidməti tərəfindən həyata keçirilir. Bütün çətinliklərə rəğmən proses sürətlə davam edir. Qeyd edək ki, 2020-2022-ci illərdə 57,6 min hektar ərazi minalardan təmizlənib. 2023-2026-cı illərdə 215 min, 2026-cı ilin sonunda 280 min hektar ərazinin minalardan təmizlənməsi nəzərdə tutulur.

Əslində bu proseslərə aidiyyəti beynəlxalq təşkilatlar və ölkələr yardım göstərməlidirlər. Amma bəzi qərb dövlətləri bizi ittiham edərək ermənilərə dəstək verirlər. Ermənistanın törətdiyi müharibə cinayətləri beynəlxalq qurumlar tərəfindən araşdırılmalı, ərazilərin minalanması və xəritələrin təqdim edilməməsinə hüquqi-siyasi qiymət verilməli və işğalçı ölkə törətdiyi bütün cinayətlərə görə cəzalandırılmalıdır.

Fevralın 12-də Ermənistan işğaldan azad edilmiş ərazilərdə mövcud olan mina sahələrinə dair 8 formulyarı Azərbaycana təqdim edib. Həmin formulyarlarda əsasən Kəlbəcər rayonu Murovdağ silsiləsini əhatə edən minalanmış ərazilərə dair qeydlər öz əksini tapıb. Təəssüf ki, son təqdim edilən formulyarlarda da məlumatlar əvvəlkilərdə olduğu kimi, qeyri-dəqiq, etibarsız və natamamdır. Təqdim edilən formulyarlar keçmiş təmas xətti boyu ərazilərin bir qismini əhatə etsə də Xocavənd, Tərtər və Goranboy rayonları ərazisindən keçən hissəsi, habelə 2020-ci ilin noyabr ayında geri çəkilən zaman Ermənistan hərbi birləşmələri tərəfindən minalanmış ərazilər barədə məlumatlar hələ də Azərbaycana təqdim edilməyib.

Nurlan ABDALOV,

“Respublika”.