Beynəlxalq aləmdə unikal azadlıq məkanı
Siyasət

Beynəlxalq aləmdə unikal azadlıq məkanı

İstər regionda, istərsə də beynəlxalq aləmdə Azərbaycanın nüfuzu durmadan artır. Ölkəmizin yüksək səviyyəli müxtəlif mötəbər tədbirlərə uğurla ev sahibliyi etməsi dövlətimizin dünyada daha çox tanınmasına töhfə verir. Azərbaycanın Cənubi Qafqazda aparıcı aktora çevrilməsi respublikamızın beynəlxalq təşkilatlarla əlaqələrində və onların fəaliyyətində aktiv iştirakı ilə xarakterizə olunur. Artıq dünya dövlətləri Azərbaycanı etibarlı, mühüm, sözü imzası qədər dəyərli olan tərəfdaş kimi qəbul edirlər. Hazırda BMT, Avropa İttifaqı, NATO, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu qurumlar dövlətimizlə əməkdaşlığı strateyi prioritet kimi müəyyənləşdirib. Azərbaycan hazırda bir sıra beynəlxalq qurumlarda, sadəcə üzv dövlət kimi deyil, eyni zamanda, bir çox qərarların qəbulunda və icrasında əsas rol oynayan ölkə olaraq iştirak edir.

Qlobal Bakı Forumu da artıq beynəlxalq aləmdə kifayət qədər nüfuz qazanmış mötəbər tədbirlərdən biridir. Prezident İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə 2013-cü ildən bəri keçirilən bu tədbir artıq Davos Forumu, Münxen Təhlükəsizlik Konfransı kimi müasir dünyamızın aktual problemlərinin müzakirə olunduğu, perspektivi müəyyən edən ideyaların yarandığı və təşəbbüslərin irəli sürüldüyü, gələcəyə nəzər salmağa imkan verən beynəlxalq diskussiya platforması statusu qazanıb. Qlobal Bakı Forumu müstəvisində aparılan müzakirələr, irəli sürülən təşəbbüslər dinlərarası dialoq, miqrasiya, multikulturalizm və inteqrasiya, eneryi təhlükəsizliyi kimi məsələləri daim gündəmdə saxlamağa, bu sahələrdə çətinliklərin aradan qaldırılması ilə əlaqədar qlobal əhəmiyyətə malik qərarların qəbuluna da mühüm töhfə verib. Qeyd edək ki, forumlarda keçirildiyi dövrün reallıqlarına müvafiq olaraq, müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparılır.

Qlobal Bakı Forumunun dünya əhəmiyyətli diskussiya platformasına çevrilməsi ölkəmizin beynəlxalq müstəvidə nüfuzunu artırmaqla yanaşı, ölkəmizi dünyaya, dünyanı Azərbaycana daha yaxşı tanıtdırmağa zəmin yaradır. Qlobal Bakı Forumunun verdiyi imkanlardan ölkəmiz milli maraqlarımızın müdafiəsi, problemlərimizin həlli baxımından maksimum yararlanır. Bu gün Qlobal Bakı Forumu dövlətimizin gücünün, inkişafının rəmzinə çevrilib. Martın 14-də Bakıda "Parçalanmış dünyanın bərpası" mövzusunda XI Qlobal Bakı Forumunun açılış mərasimi baş tutub. Mərasimdə Prezident İlham Əliyev iştirak edib.

Martın 16-dək davam edəcək Forumda mühüm əhəmiyyət kəsb edən bir sıra məsələlərin müzakirəsi nəzərdə tutulub. Belə ki, hazırda bütün dünyanın diqqət mərkəzində olan COP28-in nəticələri və COP29-a hazırlıq məqsədilə qlobal müzakirələr, yeni dünya nizamına təhdid yaradan amillər, o cümlədən təhlükəsizlik məsələsi və sülhün təmin olunması üçün perspektivlər, parçalanmış dünyada dayanıqlılığın qurulması forumun gündəliyində olan məsələlərdir. Bununla yanaşı, dünyanı sarsıdan münaqişələr, meqatəhdidlər, həmçinin iqlim, qida və nüvə təhlükəsizliyi problemləri barədə də fikir mübadiləsi aparılacaq. Eyni zamanda qlobal idarəetmədə hərbi və iqtisadi ittifaqların rolu, regional perspektivlər, Avropa İttifaqı və onun qonşuları ilə münasibətlər, gənclər siyasəti, qlobal çağırışlara qarşı davamlılığı artırmağın yolları kimi məsələlər də diqqət mərkəzində saxlanılacaq. Qlobal Bakı Forumu xüsusi təcrübəyə və müdrikliyə malik, fərqli rəylər bildirən tanınmış insanları bir araya gətirən unikal məkan olmaqla yanaşı, təhdidləri azaltmaq və vədləri həyata keçirmək üçün də vacib rol oynayır.

XI Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edən Prezident İlham Əliyev ölkəmizin günbəgün artan nüfuzunu həzm edə bilməyən, bu gün ermənidən daha çox erməni olmağa çalışan Fransanın xəbis niyyəti barədə fikir söyləyib. Ölkəmizin başçısı Fransanın mövqeyinin beynəlxalq ictimaiyyətin mövqeyinə tamamilə zidd olduğunu diqqətə çatdırıb. 90-cı illərin əvvəllərində Fransa ilə Azərbaycan arasında münasibətlərin müsbət istiqamətdə inkişaf etdiyini xatırladan Prezident İlham Əliyev rəsmi Parisin İkinci Qarabağ müharibəsinə və antiterror tədbirlərinə reaksiyasının tamamilə qeyri-adekvat olduğunu vurğulayıb. Dövlətimizin başçısı, bununla yanaşı, forum iştirakçılarına, beynəlxalq qurumlarda ölkəmizə sanksiya cəhdləri və Fransanın Evian şəhərində Natəvanın heykəlinə qarşı törədilmiş vandalizm aktları barədə də məlumat verib: "Bir neçə ay sərf etməli olduq ki, həmin abidəni Eviandan götürüb Azərbaycanın Mədəniyyət Mərkəzinin həyətinə gətirib orada yerləşdirək. Hazırda Natəvanın abidəsi oradadır. Bu, əslində, onu göstərir ki, biz suverenliyimizi bərpa etdikdən sonra nə ilə üzləşmişik. Bu, əslində, ikili standartların nümayişidir". Prezident İlham Əliyevin bu çıxışı təkcə Fransaya deyil, anti-Azərbaycan siyasətinin özünü büruzə verdiyi ölkələrə də bir növ ismarıc idi.

Azərbaycanın cari il COP29 kimi digər mötəbər tədbirə ev sahibliyi edəcək. İstər Qlobal Bakı Forumu, istərsə də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının ölkəmizdə keçirilməsi Azərbaycana olan etimadı bir daha dünyaya nümayiş etdirir. Bu il keçirilməsi planlaşdırılan COP29 sadəcə ekoloyi problemlərin müzakirəsi üçün konfrans deyil, onların həlli üçün də əhəmiyyətli rola malik olacaq. Son dövrlərdə Azərbaycanın aktual ekoloyi problemləri həll etmək və davamlı həll yolları tapmağa dair digər ölkələrlə işləmək üçün imkanları daha da genişlənir. COP29 da dünyada iqlim dəyişmələrinin azaldılmasına və yaşıl təcrübələrin təşviqinə yönəlmiş qlobal təşəbbüslərin rolunu özündə ehtiva edir.

Təbii ki, respublikamızda ard-arda belə qlobal əhəmiyyətli tədbirlərin keçirilməsi nüfuzumuza kölgə salmaq istəyənləri xeyli qıcıqlandırır. Şübhəsiz, nə şər güclərin təxribatları, nə də ölkəmizə qarşı yeritdikləri qarayaxma kampaniyasının heç bir nəticəsi olmayacaq. Azərbaycan öz haqlı mövqeyindən əsla dönməyəcək, daim etibarlı tərəfdaş kimi öz mövqeyini qoruyacaq.

Nəzrin ELDARQIZI,

"Respublika".