Beynəlxalq aləmin diqqətində olan layihə
İqtisadiyyat

Beynəlxalq aləmin diqqətində olan layihə

"Bizim enerji sahəsinin inkişafı neft hasilatından təbii qaz istehsalına keçid edib. Bununla yanaşı, bizim neft hasilatımız və ixracımız hələ də bir çox ölkənin enerji təhlükəsizliyinin bir hissəsidir. Üç il öncə 3500 kilometr uzunluğunda inteqrasiya edilmiş qaz boru kəmərlərindən ibarət olan Cənub Qaz Dəhlizinin başa çatdırılması Azərbaycana özünün qaz təchizatının coğrafiyasını genişləndirmək imkanı yaratdı. Bu gün biz Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, İtaliya və Rumıniyaya qaz ixrac edirik. Həmçinin biz Macarıstan və Serbiya ilə müqavilələr imzalamışıq. Bununla yanaşı, Albaniya da bizim qazın paylanılmasına dair planlarımıza daxildir". Bu sözləri Prezident İlham Əliyev noyabrın 23-də "Euronews" televiziyasına verdiyi müsahibəsi zamanı söyləyib.

Bu gün ölkə başçımızın yürütdüyü uğurlu siyasət nəticəsində Azərbaycanın beynəlxalq aləmdəki nüfuzu artır. Dövlətimizin müəllifi olduğu layihələr beynəlxalq aləmin də marağını cəlb edir. Bu qəbildən olan Cənub Qaz Dəhlizi istehsalçı, tranzit və istehlakçı ölkələrin maraqları baxımından da strateji üstünlüyə malikdir. Çünki planetimizdə baş verən dəyişikliklər fonunda yaranmış enerji təhlükəsizliyi məsələsi aktual olaraq qalmaqdadır. Bu baxımdan, Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında alternativ təhlükəsizlik kəməri kimi mühüm əhəmiyyət kəsb edir. Cənub Qaz Dəhlizi respublikamızla yanaşı, tranzit və istehlakçı ölkələrdəki sosial problemləri də aradan qaldıran layihəyə çevrilib. Geniş beynəlxalq əməkdaşlıq çərçivəsində həyata keçirilən Cənub Qaz Dəhlizi nəinki energetika sektorunda, digər sahələrdə də müxtəlif ölkələrlə əməkdaşlığın dərinləşməsinə xidmət edir. Cənub Qaz Dəhlizinin reallaşması Azərbaycanda neft-qaz sənayesinin inkişafında yeni mərhələnin başladığından xəbər verir. Dəhlizin açılışı ABŞ, Böyük Britaniya, OPEC və s. kimi dövlətlərin və beynəlxalq təşkilatların da diqqət mərkəzində idi. Bu baxımdan, həmin layihənin mühüm iqtisadi tərəfləri ilə yanaşı, siyasi tərəflərinin də olduğunu söyləmək mümkündür. Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşan Cənub Qaz Dəhlizi Azərbaycanın beynəlxalq münasibətlərdə mühüm aktor olduğunu bir daha təsdiqləyir.

Cənub Qaz Dəhlizi "Şahdəniz" qaz-kondensat yatağının işlənməsi layihəsinin 2-ci mərhələsi çərçivəsində hasil olunan Azərbaycan qazının Türkiyə və Avropa İttifaqı (Aİ) ölkələrinə tədarükünü həyata keçirir. Bundan başqa, dəhliz ölkəmizin digər yataqlarından gələcəkdə hasil ediləcək, eləcə də üçüncü tərəflərə məxsus təbii qaz həcmlərinin dünya bazarına çatdırılması potensialına da malikdir. Bakıdan başlayaraq Gürcüstan, Türkiyə, Yunanıstan və Albaniya ərazisindən keçməklə İtaliyaya qədər uzanan dəhliz ölkə iqtisadiyyatına mühüm töhfə verir. "Cənub Qaz dəhlizi"nin üç kəmərindən birincisi 42 düymlük Cənubi Qafqaz Boru Kəməridir (CQBK). Ümumi uzunluğu 692 kilometr olan bu xəttin 443 kilometri Azərbaycanın, 249 kilometri Gürcüstanın ərazisindən keçir. "Şahdəniz" yatağından hasil olunan qaz Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) kəmərləri vasitəsilə İon-Adriatik boru kəmərinə çatdırılaraq və Şərqi Avropa ölkələrinə paylanılır. Layihənin ilkin mərhələsində 10 milyard kubmetr qaz ixracı planlaşdırılsa da, Avropanın təbii qaza olan tələbatı dəhlizin genişləndirilməsi məsələsini gündəmə gətirdi.

Xatırladaq ki, ötən il Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen və enerji məsələləri üzrə komissar Kadri Simsonun Bakıya səfəri baş tutmuşdu. Səfər çərçivəsində Avropa İttifaqının təmsilçiləri ölkəmiz ilə Cənub Qaz Dəhlizinin genişləndirilməsinə dair memorandum imzalamışlar. Memorandumda dövlətimizin 2027-ci ildə Avropaya nəql etdiyi qazın həcmini ildə 20 milyard kubmetrə çatdıracağı proqnozlaşdırılıb. Bir məqamı da qeyd edək ki, dəhlizin genişləndirilməsi Azərbaycan üçün də əhəmiyyətlidir. Belə olan halda ölkəmiz həm öz qazını, həm də Orta Asiya ölkələrində hasil edilən qazı tranzit olaraq Avropaya ötürmək imkanı əldə edir. Bu baxımdan, Trans-Xəzər kəmərinin də tikintisi vacibdir. Eyni zamanda layihənin son seqmenti olan TAP-ın istismara verilməsi də mühüm hadisə idi. Məhz Cənub Qaz Dəhlizinin reallaşması səbəbindən Azərbaycan qazı tarixdə ilk dəfə olaraq Avropa məkanına çıxış əldə edib. Bu isə ölkəmizə Avrasiyanın enerji xəritəsini yenidən tərtib etməyə şərait yaradıb. Həmin layihə bu gün regionun yeni enerji damarı olmaqla yanaşı, Avropanın enerji təhlükəsizliyində də mühüm rol oynayır. Çünki layihə reallaşdırılarkən iştirak edən bütün tərəflərin maraqları balanslı şəkildə qorunub. Qeyd etdiklərimiz Cənub Qaz Dəhlizinin günümüzdəki əhəmiyyətini bir daha təsdiqləyir.

Nəzrin ELDARQIZI,

"Respublika".