Ölkəmizin təbii sərvətləri rifaha xidmət edir
İqtisadiyyat

Ölkəmizin təbii sərvətləri rifaha xidmət edir

Ümummilli lider Heydər Əliyevin adı müasir tariximizə xalqımızın xilaskarı, müstəqil Azərbaycan dövlətinin memarı kimi qızıl hərflərlə yazılıb. Çağdaş Azərbaycanın qurucusu Heydər Əliyevin böyük dühası, fitri istedadı, parlaq zəkası sayəsində respublikamız müstəqillik dövründə böyük uğurlara imza atıb. 1993-cü ildə xalqımızın təkidli xahişi ilə ikinci dəfə siyasi rəhbərliyə qayıdan ümummilli lider parçalanmaq təhlükəsi ilə üz-üzə qalan dövlətimizi bu bəlalardan xilas etdi.

Heydər Əliyev ölkənin neft sənayesinin inkişafı ilə bağlı əvəzsiz işlər gördü. Ulu öndərin rəhbərliyi ilə yeni neft strategiyasının hazırlanması, xarici neft şirkətlərinin Azərbaycana dəvət edilməsi də bunun əyani sübutudur. Həmin dövrdə Heydər Əliyevin müvafiq sərəncamı ilə Azəri-Çıraq-Günəşli yataqlarının işlənməsi üzrə xarici şirkətlərlə danışıqlara başlandı. 1994-cü il sentyabrın 20-də Xəzərin Azərbaycan sektorundakı "Azəri", "Çıraq", "Günəşli" yataqlarının dərin su qatlarındakı neftin birgə işlənməsi haqqında "məhsulun pay bölgüsü" tipli müqavilə imzalandı. Sözügedən sənəd öz tarixi, siyasi və qlobal əhəmiyyətinə görə "Əsrin müqaviləsi" kimi tarixə düşdü.

Azərbaycanda neft hasilatından qazanılan gəlirlərin şəffaflığının qorunması və səmərəli şəkildə xərclənməsi üçün 1999-cu il dekabr ayının 29-da Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) yaradıldı. ARDNF-nin yaradılması uğurlu neft strategiyasının mühüm hissəsi kimi qiymətləndirilir. Adıçəkilən qurum ölkəmizin neft və qaz ehtiyatlarından qazandığı gəlirlərin toplanmasına, səmərəli idarə edilməsinə, gələcək nəsillər üçün saxlanmasına xidmət edir. ARDNF-nin Əsasnaməsi Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2000-ci il tarixli 434 nömrəli Fərmanı ilə təsdiqlənib. Fond Prezident Fərmanı ilə 2001-ci ilin iyun ayında qurumun vəsaitlərinin yerləşdirilməsi qaydalarının təsdiq edilməsindən sonra fəaliyyətə başlayıb.

ARDNF Azərbaycanda makroiqtisadi sabitliyin qorunmasını, neft gəlirlərindən asılılığın azaldılması və qeyri-neft sektorunun inkişafının təmin edilməsini əsas prioritetini kimi müəyyənləşdirib. Ölkənin sosial-iqtisadi tərəqqisi naminə mühüm ümummilli layihələrin maliyyələşdirilməsi də ARDNF-nin vəzifələri arasında yer alır. Qurumun fəaliyyətinə gəldikdə isə şəffaflığa xüsusi önəm verilir. Bunu ARDNF-nin hesabatlarında da görmək mümkündür. Belə ki, Fondun maliyyə fəaliyyəti haqqında hesabatı müstəqil auditor tərəfindən yoxlanılır. Daha sonra ARDNF təbii ehtiyatların idarə olunmasından əldə edilən gəlirlər və onların xərclənməsi istiqamətlərinin ictimaiyyətə çatdırılması məqsədilə mətbuatda gəlir və xərclər haqqında rüblük, qurumun fəaliyyəti barədə isə illik hesabatlar yayımlayır.

Qeyd etmək lazımdır ki, 2007-ci ilin mayında ARDNF "BMT-nin Dövlət Qulluğu Mükafatı" ilə təltif olunub. Sözügedən mükafat dünyanın müxtəlif ölkələrində dövlət qurumlarının həmin ölkələrin inkişafına verdiyi töhfənin və əldə etdikləri uğurların qiymətləndirilməsi məqsədilə BMT tərəfindən 2003-cü ildə təsis olunub. ARDNF Şərqi Avropa, MDB ölkələrinin dövlət təşkilatları arasında "BMT-nin Dövlət Qulluğu Mükafatı"na layiq görülən ilk dövlət qurumudur.

ARDNF-nin Əsasnaməsinə müvafiq olaraq, Fondun vəsaitinin ölkənin sosial-iqtisadi tərəqqisi naminə ən mühüm ümummilli problemlərin həllinə və strateji əhəmiyyətli infrastruktur obyektlərinin inşasına və bərpasına istifadə olunur. Əlavə olaraq, qurum dövlət büdcəsinə bir sıra transfertlər də edir. ARDNF-nin xərclərinin müəyyən hissəsi də qurumun idarə edilməsinə yönəldilib. Azərbaycan Respublikasının "Büdcə Sistemi haqqında" Qanununa uyğun olaraq qurumun xərcləri icmal dövlət büdcəsinin tərkib hissəsidir və hər il ölkə parlamenti tərəfindən baxılaraq təsdiqlənir. Qanuna əsasən, ARDNF yalnız öz büdcəsi ilə nəzərdə tutulan xərcləri həyata keçirə bilər.

Nəzrin ELDARQIZI,

"Respublika".