Məhsul yığımı yekunlaşır
İqtisadiyyat

Məhsul yığımı yekunlaşır

Qızmar istilərə baxmayaraq,  rayonda kənd təsərrüfatı işlərinin qızğın çağıdır.  Artıq taxıl biçini başa çatdırılıb,  fermerlər biçilmiş kövşənlərdə şum aparırlar, meyvə-tərəvəz yığımı davam edir, xüsusi mülkiyyətçilər yetişdirdikləri məhsulları bazarlara çıxarırlar.

Hərtərəfli dövlət qayğısı ilə əhatə olunan ağdamlılar həyatın bütün sahələrində əzmlə, inamla, ruh yüksəkliyi ilə çalışır, onlara göstərilən bu diqqətə əməli işləri ilə cavab verirlər.  Həm də qüdrətli Azərbaycan dövlətinin inkişaf etdirilməsində fəal iştirak etmələrinə görə haqlı olaraq qürur duyurlar.  Torpağa bağlı olan insanlar Ağdamın əkinçilik ənənələrinin, keçmiş şöhrətinin itməsinə imkan verməyiblər, əksinə,  əkinçilər keçmiş işğal illərində bütün çətinliyə baxmayaraq məhsul bolluğu yaradıblar, ildən-ilə uğur qazanıblar.

Yeri gəlmişkən qeyd edək ki,  Ağdamın inkişafı ötən əsrin 80-ci illərində özünün ən yüksək səviyyəsinə çatıb və varlı kənd təsərrüfatı rayonu kimi respublikamızda şöhrət qazanıb. Eyni zamanda,  Ağdam Azərbaycanın füsunkar təbiəti, münbit torpaqları olan ən iri kənd təsərrüfatı rayonudur. Vaxtilə burada 100 min tondan  çox  üzüm istehsal olunub,  pambıqçılıq,  taxılçılıq, baramaçılıq xeyli inkişaf edib.  Yuxarıda qeyd etdiyimiz kimi,  ağır işğal illərinə baxmayaraq ağdamlılar heç zaman ruhdan düşməyiblər. 30 ilə yaxın rayonun əlimizdə qalan ərazisində əkinçiliklə, heyvandarlıqla, quruculuq işləri ilə məşğul olublar. Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi,  sahibkarlara kreditlərin verilməsi,  əkinçilərə subsidiyanın ödənilməsi,  yüksək reproduksiyalı toxumların və cins mal-qaranın əldə edilməsində güzəştlərin olması hesabına aqrar sahənin inkişafı üçün əlverişli zəmin yaranıb, ildən-ilə bu sahəyə diqqət artıb. 

Qarabağ iqtisadi rayonunda ən çox suvarılan torpaqlar Ağdam rayonundadır və  kənd təsərrüfatına yararlı torpaqların suvarılmasında heç bir problem qalmayıb.  İşğaldan azad edilən Xaçınçay Su Anbarının dolması əkinçilərə əlavə stimul verir. Bərəkətli torpaqlar,  bol su, yüksək reproduksiyalı toxum, lazımi texnika ağdamlı fermerlərin yüksək məhsuldarlıq əldə etmələrinə münbit şərait yaradır.  Odur ki, torpaq  adamları əl-ələ verərək rayonun keçmiş şöhrətini bərpa edirlər. Ağdamlı fermerlər və torpaq mülkiyyətçiləri taxıl biçinini başa çatdırıblar. Rayon statistika idarəsindən  bildirilib ki,  10 min 354 hektar taxıl sahəsindən 42 min 775 ton məhsul əldə edilib.  Məhsulun 34 min 695 tonu buğda,  8 min 80 tonu arpadır.  Hər hektara məhsuldarlıq orta hesabla 41,3 sentner,  o cümlədən buğda sahələrində 41,9 sentner,  arpa sahələrində isə 39 sentnerdir.

Keçən təsərrüfat ilinə görə cari ildə taxılçılar yüksək göstəriciyə nail olublar. Rayonun fermerləri və torpaq mülkiyyətçiləri tarlalarda və bostanlarda məhsul yığımında da fəallıq göstərirlər. Cari ildə 3545 hektarda becərilmiş tərəvəz,  bostan,  kökümeyvəlilər və köküyumruların 2520 hektarında artıq məhsul yığımı aparılıb.  Sahələrdən ümumilikdə 54 min 366,8 ton məhsul toplanıb.  Hər hektara məhsuldarlıq orta hesabla 215,7 sentnerdir. Torpaq mülkiyyətçiləri gələn il yüksək məhsuldarlıq əldə etmək üçün torpağa aqrotexniki qulluq edirlər.  Rayonda təkrar əkinin tətbiqi də uğurla həyata keçirilir.

Salman ALIOĞLU,

"Respublika".