Beynəlxalq Ədalət Məhkəməsindən Ermənistana rədd cavabı
Digər xəbərlər

Beynəlxalq Ədalət Məhkəməsindən Ermənistana rədd cavabı

Azərbaycanın İkinci Qarabağ müharibəsində əldə etdiyi qələbə onun qüdrətini təkcə regionda deyil,  eləcə də, beynəlxalq arenada da təsdiqlədi. Amma xain düşmənimiz hələ də öz məğlubiyyətini qəbullana bilmir. Bunun nəticəsidir ki, onlar ərazilərimizi tərk etmək əvəzinə çirkin əməllərini həyata keçirməyə davam edirlər. Ermənistan Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərimizdə faydalı qazıntı yataqlarımızın, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarı ilə məşğul olurlar. Əlbəttə, nə dövlətimiz, nə də xalqımız bu cür özbaşınalığa göz yummayıb. Belə ki, QHT təmsilçiləri və eko-aktivistlər Laçın-Xankəndi yolunda dinc etiraz aksiyasına başlayıblar. Düşmən tərəfi yenə də öz xain xislətini sərgiləyərək vətəndaşlarımızın dinc aksiyasına müxtəlif don geyindirməyə, hadisələri siyasi və humanitar böhran kimi təqdim etməyə çalışır. Hələ bu kifayət deyilmiş kimi, məsələ ilə bağlı Ermənistan tərəfi Beynəlxalq Ədalət Məhkəməsinə də müraciət edib. Təbii ki, beynəlxalq səviyyədə haqqın öz yerini tapması ilə məşğul olan məhkəmə onların vəsatətini ləğv etməli idi. Elə də oldu, Ermənistanın irəli sürdüyü iddiaya rədd cavabı verildi. Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın tətbiqi ilə bağlı məhkəmə işləri üzrə Beynəlxalq Ədalət Məhkəməsinin 22 fevral 2023-cü il tarixli qərarına dair keçirdiyi brifinqdə bu barədə məlumat verib. Ermənistan tərəfi nə qədər saxta informasiyalar yaysa da, Azərbaycan həm hüquqi çərçivədə, həm də beynəlxalq müstəvidə düşmənə layiqli cavablar verir. Ölkəmiz məhkəməyə ekoloji aksiya ilə bağlı faktlar və fotoşəkillər təqdim edərək düşmənin xain planını ifşa edib. Etiraz aksiyasının keçirildiyi yerdən media nümayəndələrinin, ayrı-ayrı sosial şəbəkə istifadəçilərinin verdiyi məlumatlardan humanitar yük, sərnişin daşıyan nəqliyyat vasitələri, təcili tibbi yardım və digər humanitar nəqliyyat vasitələrinin sərbəst hərəkəti üçün şərait yaradıldığı məlumdur. Həmçinin, ölkəmizin Qarabağ bölgəsində yaşayan erməni əsilli sakinlərin  problemlərinin operativ şəkildə həlli üçün QHT-lər tərəfindən qaynar xətt yaradılıb. Buna görə də, erməni əsilli sakinlərin guya “blokada”ya alınması kimi iddiaların heç bir əsası yoxdur.

 Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 18-də Münxendə televiziya kanallarına verdiyi müsahibəsində aksiya barədə də danışıb. Ölkə başçımız bir daha Ermənistanın yaydığı əsassız informasiyaları təkzib edib: “Laçın-Xankəndi yolundakı vəziyyət də əlbəttə ki, müzakirə edildi. Mən bir daha Azərbaycanın mövqeyini bildirdim ki, hər hansı bir blokadadan söhbət gedə bilməz”. Bundan başqa, dövlətimizin başçısı bu ərazidə nəzarət-buraxılış məntəqələrinin yaradılmasının vacibliyini də qeyd edib. Onun fikirlərinə əsasən, sərhədlərin delimitasiyası çərçivəsində bu məntəqələr həm Zəngəzur dəhlizinin hər iki başında, həm də Laçın rayonu ilə Ermənistan arasındakı sərhəddə yaradılmalıdır.

Qeyd edək ki, aksiyanın əsas  məqsədi ərazilərimizdə ekoloji tarazlığın bərpa edilməsi, ekoloji terrorun və təbii sərvətlərimizin talanmasının qarşısının alınmasıdır. Burada heç bir siyasi məqsəddən söz gedə bilməz.

Nəzrin ELDARQIZI,

“Respublika”.