Düşmənin təbliğat və təxribat maşını da heydən düşür
Digər xəbərlər

Düşmənin təbliğat və təxribat maşını da heydən düşür

Qarabağda yaşayan erməni sakinlərin guya "humanitar yardıma" ehtiyacları olduqları və "blokadada" qaldıqları barədə xəbərlər dünya mediasının "mövqesiz" mətbuat orqanları tərəfindən demək olar ki, hər gün tirajlanır. Təbii ki, burada ən böyük dəstəkçi erməni lobbisidir.

Haylar Birinci Qarabağ müharibəsi dövründə də bu "taktikadan" istifadə edərək "aclıq çəkdiklərini" və bu səbəbdən, "soyqırımı" təhlükəsi ilə "üzləşdiklərini" iddia edirdi. Həmin zaman da Qərb mediasında bu barədə böyük kampaniya aparılırdı. Çirkin oyunlar qurulur, işğalçını zərərçəkən kimi göstərməyə cəhdlər edilirdi. Xocalıda törədilən soyqırımından, Şuşanın, Laçının və digər yerlərin işğalından və minlərlə insanın qətl edilməsindən, yüz minlərlə sakinin öz yerlərindən məcburi köçürülmələrindən isə danışılmırdı. Sanki Azərbaycan işğala məruz qaldığına görə günahkar idi. Səriştəsiz hakimiyyət də Azərbaycanın ərazilərinin işğalının beynəlxalq mediada təbliğində fəaliyyətsiz qalmışdı. Heç kim maraqlanmırdı ki, "aclıqdan yox olmaq təhlükəsi" yaşayan bir dövlət necə olur ki, qonşu ölkəyə hücum edir, onun torpaqlarını işğal edir. Bunun müqabilində bəzi güclər erməni lobbisinin təsiri altında Ermənistana yardımlar edirdi. Silah və ərzaq dəstəyi alan haylar Azərbaycanın 20 faizə qədər torpaqlarını işğal edərək, 30 ilə yaxın "sülh danışıqları" imitasiyası yaratdı. BMT-nin işğalı pisləyən və ermənilərin Azərbaycan torpaqlarından çıxmasını tələb edən dörd qətnaməsi Ermənistan tərəfindən icra edilmədi. Eyni zamanda, beynəlxalq təşkilatlar və aktorlar da Ermənistana qarşı sanksiya və digər təzyiqlər göstərərək qətnamələrin icrasını tələb etmədilər.

"Azərbaycan beynəlxalq hüququn verdiyi imkanlardan istifadə edərək, 2020-ci ildə Vətən müharibəsi ilə işğal altında olan torpaqlarını azad etdi. Bütün bunlar da onu göstərir ki, Ermənistana qarşı ədalət, beynəlxalq hüquq yalnız güclə təmin olunur. Bu gün regionda Azərbaycan siyasi, iqtisadi və hərbi gücə malik dövlətdir. Azərbaycan dövləti və xalqı bütün dünyaya  göstərdi ki, ərazisində separatizmin və seqreqasiyanın davam etməsinə imkan verməyəcək. Azərbaycan bütün imkanlara malik olmasına baxmayaraq, regionda sülhün yaranmasında maraqlıdır. Ona görə sülh danışıqlarını davam etdirir və ərazisində yaşayan erməni əsilli şəxslərin reinteqrasiyasına çalışır. Ermənistanın "humanitar" şousunun əksinə olaraq, erməni əsilli şəxslərin ehtiyaclarını təmin etməyə hazır olduğunu bildirir. Elə bu məqsədlə də avqustun 29-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən 40 ton humanitar yardım göndərib. Lakin həmin yardım hələ də Ağdam-Xankəndi yolunun başlanğıcında saxlanılır. Qarşı tərəf yenə yalan və saxta ittihamlarla çıxış edərək ölkəmizə qarşı beynəlxalq təzyiq formalaşdırmağa çalışır. Amma başa düşməlidirlər ki, daha özünü yazıq göstərmə cəhdləri ilə reallığı dəyişə, diplomatiyanı və hərbi gücü üstələyə bilməzlər. Laçın dövlət sərhədində buraxılış məntəqəsi qurmaq, orada keçid rejimi müəyyən etmək və tənzimləmək Azərbaycanın legitim hüququdur. Buna görə də dövlətimiz kimdənsə icazə almalı deyil. Azərbaycanın Ermənistandan gələn yüklərin və nəqliyyat vasitələrinin haradan keçəcəyini müəyyənləşdirməyi kiminləsə müzakirə etmək fikri yoxdur. Əgər vəziyyət həqiqətən Ermənistanın bildirdiyi kimi, "təhlükəli" həddədirsə, o zaman alternativ yoldan istifadə barədə düşünməlidirlər.

Ermənistanın BMT Təhlükəsizlik Şurasının müzakirəsinə çıxardığı "məsələyə" görə dəstək ala bilməməsi Azərbaycan dövlətinin, diplomatiyasının və hərbi gücünün nəticəsidir. Azərbaycan hansısa dövlətin və beynəlxalq təşkilatın bəyanatından və qərarından asılı olmayaraq öz ərazisində separatizmin kökünü kəsmək, ərazi bütövlüyünü təmin etmək gücündədir və bu istiqamətdə qarşısına qoyduğu məqsədə çatacaq. Bu kimi yalan təxribatlarla dolu "məsələləri" Azərbaycan Ermənistan tərəfindən çox görüb. Görünən odur ki, təcavüzkarın bütün əməlləri ifşa olunur. Ona havadarlıq edənlərin səyləri  isə "işdən qovulmamaq üçün məcbur plan doldurmağa" bənzəyir.

Ermənistanın belə "ziqzaqvari" siyasi gedişi mümkün sülh variantlarını yubatmağa hesablanıb. Xarici güclərə edilən yalvarışlar isə gözlənilən sonluğunu bir az da yaxınlaşdırır. Artıq Ermənistanı alət kimi istifadə edən dövlətlər regionda istədiklərini əldə edə bilmədikləri üçün haylardan üz döndərmələri reallıqdan heç də uzaq deyil...

Tacir SADIQOV,

"Respublika".