Beynəlxalq ekspert: Azərbaycan qlobal iqlim dəyişmələrinin təsirini azaltmaq üçün mühüm praktiki addımlar atır
Siyasət

Beynəlxalq ekspert: Azərbaycan qlobal iqlim dəyişmələrinin təsirini azaltmaq üçün mühüm praktiki addımlar atır

Bu ilin noyabr ayında Azərbaycanda dünyanın ən irimiqyaslı tədbirlərindən biri hesab olunan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 keçiriləcək. İki həftə davam edəcək tədbir zamanı Bakı dünyanın mərkəzinə çevriləcək və 70-80 minə yaxın xarici qonağı qəbul edəcək. Tədbirin ölkəmizdə keçirilməsi barədə yekdil qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28-in plenar iclasında qəbul edilib.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının Azərbaycanda keçirilməsi ilə bağlı AZƏRTAC-ın suallarını pakistanlı ekspert, Avrasiya Əsri İnstitutunun direktoru İrfan Şahzad Təkalvi cavablandırıb.

–Azərbaycanın COP29 tədbirinə hazırlığı və bu tədbirin uğurla həyata keçirilməsi üçün səylərini necə dəyərləndirirsiniz?

–Azərbaycan COP29-a ev sahibliyi etmək hüququnu əldə etməkdə dünya ölkələri arasında layiqli yer tutdu. Son illər Azərbaycan bir sıra çoxtərəfli beynəlxalq tədbirləri uğurla təşkil edib ki, bu da ölkənin təşkilati aparatının yüksək səviyyədə olduğunu göstərir. Azərbaycanın əsas faydalı qazıntı istehsalçısı və ixracatçısı olmasına baxmayaraq, ölkə qlobal iqlim dəyişmələrinin dünyaya təsirini azaltmaq üçün mühüm praktiki addımlar atır. Təəccüblü deyil ki, Azərbaycana ev sahibliyi hüququnun verilməsi beynəlxalq ictimaiyyətin konsensus əsasında qəbul edilmiş qərarıdır. Bakının bu tədbirin təşkilində göstərdiyi səylərə nəzər salsaq, əminliklə deyə bilərik ki, bu, fenomenal uğur olacaq.

–Azərbaycanda keçiriləcək COP29 iqlim dəyişmələri ilə mübarizədə gələcək addımların müəyyənləşdirilməsində mühüm rol oynayacaq. Sizcə, əsas mövzular nələr olacaq və konfransın gündəliyinə hansı mövzular daxil edilməlidir?

–İqlim dəyişmələri ilə bağlı cari müzakirələr ilk növbədə iqlim fəaliyyəti - emissiyaların azaldılması və təmiz enerjiyə keçid ənənəsi kimi məsələləri əhatə edir. İqlim maliyyəsi də gündəmdədir. Kimin hansı funksiyanı yerinə yetirdiyi haqda məlumat gündəmdə qalır. İqlim dəyişmələri ilə bağlı danışıqların gündəliyində çatışmayan məqama məsuliyyətlərin müəyyən edilməsi və yüklərin bölüşdürülməsi də daxildir. Ümid edək ki, Azərbaycanda keçirilən COP29 bir tərəfdən tənqidi müzakirələri davam etdirəcək, digər tərəfdən isə çatışmayan cəhətləri gündəmə gətirəcək. Sadə dillə desək, debat təkcə qlobal şimalda inkişaf etmiş ölkələrlə üstünlük təşkil etməməli, o, həm də inkişaf etməkdə olan qlobal cənubun həqiqi çağırışlarını və perspektivlərini əhatə etməlidir.

–Azərbaycan qlobal yaşıl gündəliyin həyata keçirilməsinə hansı töhfəni verə bilər və bu baxımdan Azərbaycanda yaşıl enerjinin inkişafı istiqamətində həyata keçirilən tədbirləri necə qiymətləndirirsiniz?

–Təkcə öz istehlakı üçün deyil, həm də gələcək onilliklərə yönəlmiş ixrac üçün kifayət qədər qalıq yanacaq ehtiyatlarına malik olan bir ölkə üçün təmiz enerjiyə qlobal keçid istiqamətində atılan addımlar təqdirəlayiqdir. Azərbaycan qazı təkcə bu qlobal dəyişikliyə töhfə verməyəcək, həm də Bakının müxtəlif regionlarının və əhalinin buna olan hazırlıq dərəcəsi xüsusi olaraq bölgə, həm də ümumilikdə dünya üçün böyük əhəmiyyət kəsb edir. Şəxsən mən hesab edirəm ki, Bakı iqlim dəyişmələri sahəsində gələcək planlarını nümayiş etdirməkdən çəkinməməlidir. Ölkədə bərpa olunan enerji mənbələrinin kifayət qədər ehtiyatı var və bunu göstərmək lazımdır.

–Ölkəmizin iqlim gündəliyinə və dekarbonizasiya planlarına sadiqliyini necə qiymətləndirirsiniz?

–Əgər Bakı indiki trayektoriyası ilə davam etsə, o zaman Azərbaycanın uğuru inkişaf etməkdə olan dünya üçün qələbə olacaq. Səylər yalnız siyasət yanaşmasında ardıcıllıq elementi olduqda öz bəhrəsini verir və ümid edirik ki, Bakı bunu təmin edəcək.

–Cənubi Qafqazın dünya iqtisadiyyatına inteqrasiyasında Azərbaycan hansı rola malikdir?

–Azərbaycanın ÜDM-i Cənubi Qafqazın ümumi ÜDM-nin təxminən 60 faizini təşkil edir. Beləliklə, Azərbaycan iqtisadiyyatının daha geniş regionun iqtisadiyyatı və dünya iqtisadiyyatı ilə getdikcə daha çox qarşılıqlı əlaqədə olması və inteqrasiya etməsi o deməkdir ki, ölkəniz dünya iqtisadiyyatının daha inteqrasiya olunmuş hissəsinə çevrilir. Bu proses davam edəcək. Region ölkələri Azərbaycanla, xüsusilə iqtisadiyyat və ticarət sahəsində əməkdaşlıq etməlidirlər. Biz qarşılıqlı asılılıq dövründə yaşayırıq; heç bir ölkə ətrafda baş verənlərə məhəl qoymadan kənarda və ya təcrid olunmuş vəziyyətdə yaşaya bilməz.