Kənar müdaxilələrin qarşısı qətiyyətlə alınır
Siyasət

Kənar müdaxilələrin qarşısı qətiyyətlə alınır

"Bu günlərdə Ermənistan tərəfindən törədilmiş yeni təxribata dərhal adekvat cavab verildi, düşmən cəzalandırıldı. Bu, bir daha onlara və əsasən onlara ürək-dirək verən, üstümüzə göndərən qüvvələrə siqnal idi ki, bizim qabağımızda heç kim dura bilməz. Ermənistanın nə qədər havadarları olsa da, heç kim bizi dayandıra bilməz. Bizim siyasətimiz beynəlxalq hüquqa əsaslanır". Bu fikirləri Prezident İlham Əliyev andiçmə mərasimindəki nitqi zamanı söyləyib.

Fevralın 14-də keçirilən andiçmə mərasimindəki çıxışında ölkənin daxili və xarici siyasəti ilə bağlı vacib mesajlar verən ölkə başçısı vurğulayıb ki, vasitəçi olmaq üçün bitərəf olmaq lazımdır. Bununla da ölkə başçısı bir daha ölkəmizə müdaxilə etmək istəyində olanlara sərt cavab verib, Azərbaycanın öz müqəddəratını təyinetmə və özünüidarəetmə gücünə malik olduğunu xatırladıb. Prezident İlham Əliyev çıxışında Ermənistanın son təxribatına da cavab verib, Azərbaycanın sarsılmaz qətiyyətini və suverenliyini müdafiə etməyə hazır olduğunu bildirib. Dövlət başçısı Azərbaycanın heç bir təxribat və ya şantaj cəhdinə dözməyəcəyini, ölkəmizin beynəlxalq hüquq normalarını rəhbər tutduğunu bir daha vurğulayıb.

Ermənistan İkinci Qarabağ müharibəsində məğlub olaraq kapitulyasiya aktını imzalayıb. Azərbaycan Ordusunun hansı nailiyyətlərə imza atdığını heç kim unutmamalıdır. Qəhrəman əsgərlərimiz, müasir texnikamız, o cümlədən Ali Baş Komandanın uzaqgörən siyasəti sayəsində 2020-ci ildə sadəcə 44 günə torpaqlarımız işğaldan azad edilib, 2023-cü ildə isə antiterror tədbirləri və 23 saat ərzində separatçıların tör-töküntüləri ərazilərimizdən qovulub. Bu gün Silahlı Qüvvələrimiz daha da inkişaf edir, ən son texnika ilə təmin olunur. Ermənistanın təxribatlarına verilən qətiyyətli cavab da bunun sübutudur.

Havadarlarına arxalanaraq müxtəlif təxribatlar törədən haylar anlamalıdır ki, onlar yalnız öz maraqları naminə digər dövlətlərə dəstək olurlar. Ermənistan mətbuatı özü də bunu qeyd edir. Onlar yazır ki, Fransadan alınan radar qurğuları keyfiyyət tələblərinə cavab vermir və Paris bu radarların aşkar etdiyi hədəfləri məhv etmək üçün nəzərdə tutulmuş raketləri İrəvana satmır. Fransadan alınan hərbi maşınların keyfiyyəti aşağı səviyyədədir. Ukraynanın onlardan imtina etməsi bunu təsdiqləyir. Hindistandan silah-sursatların tədarükünə gəldikdə isə Ermənistan ordusunda onları idarə etmək üçün təcrübə və lazımi bacarıq yoxdur.

Azərbaycan vətəndaşlarına müraciət edən Prezident İlham Əliyev birlik və möhkəmlik mesajı verib. O, xalqı əmin edib ki, ölkəmizin siyasəti beynəlxalq hüquq normaları üzərində qurulur. Azərbaycanın daxili işlərinə qarışmaq istəyənlərə o mesaj da verildi ki, ölkəmizin taleyini və gələcək inkişafını onun xalqı və hökuməti müəyyən edir, dövlətimiz kənar diktələrdən və təsirlərdən azaddır.

Millətin öz müqəddəratını təyinetmə və özünüidarəetmə hüququnu vurğulayan ölkə başçısı  beynəlxalq hüquq və normalara uyğun olaraq Azərbaycanın ərazi bütövlüyünə və daxili suverenliyinə hörmətlə yanaşmanın vacibliyini diqqətə çatdırıb. Prezident çıxışında Azərbaycanın öz milli maraqlarının müdafiəsinə, vətəndaşlarının hüquq və rifahının qorunmasına sadiqliyini də xüsusilə qeyd edib. Ölkəmiz daxili məsələlərini həll etməyə və kənar müdaxilə olmadan öz inkişaf proqramını həyata keçirməyə hazırdır. Xalqlar arasında qarşılıqlı hörmət və əməkdaşlığın vacibliyini vurğulayan dövlət başçısı xarici gücləri Azərbaycanın daxili işlərinə qarışmaqdan çəkinməyə, bunun əvəzinə qarşılıqlı maraq doğuran məsələlərdə Azərbaycan hökuməti və xalqı ilə konstruktiv əlaqə saxlamağa çağırıb.

Prezident İlham Əliyevin andiçmə mərasimindəki nitqi ölkənin suverenliyinə və daxili işlərinə qarışmaq istəyən xarici havadarlara kəskin və vaxtında verilmiş mesajdır. Müstəqilliyini, ərazi bütövlüyünü və vətəndaşlarının hüquqlarını qorumaq öhdəliyi ilə Azərbaycan kənar təzyiq və müdaxilələr qarşısında qətiyyətlə dayanır.

Nurcan SÜLEYMANOVA,

"Respublika".