Beynəlxalq Radio azərbaycançılıq məfkurəsinin formalaşması əsas prioritetdir
Digər xəbərlər

Beynəlxalq Radio azərbaycançılıq məfkurəsinin formalaşması əsas prioritetdir

Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin mühüm strukturlarından biri də Beynəlxalq Radiodur. Azərbaycan K(b)P MK-nın və Radio Komitəsinin 1941-ci il tarixli 284 nömrəli əmri ilə həmin il iyulun 18-də Azərbaycan Radio Verilişləri Komitəsində türk və fars dillərində verilişlər redaksiyası yaradıldı. Bununla da xarici verilişlərin əsası qoyuldu. Artıq Beynəlxalq Radionun 80 yaşı tamam olur. Beynəlxalq Radionun əsas aparıcı şöbəsi hər gün 8 saat efirə çıxan Cənubi Azərbaycan verilişləri redaksiyasının yaranmasının  isə 70 illiyi qeyd olunur.   Azərbaycanın xarici verilişlər redaksiyasının  keçdiyi tarixi yol qürurvericidir. Bu radionun necə deyərlər, 40 illik ömür yoluna şəxsən bələdəm. Ustadların dili ilə desək, zilini də görmüşəm, bəmini də. Amma indiki kimi qayğı  göstərən, nazını çəkən rəhbərini görməmişdim.

Radio jurnalistlərinin  arasında bir deyim var: Bir var özün çalıb, özün oynayırsan, bir də var sən çalasan ellər oynaya. Çox vaxt olub ki,  naşı rəhbərliyin səriştəsiz idarəçiliyi  ucbatından özümüz   çalıb, özümüz oynamalı olmuşuq. Hətta elə zamanlar olub ki, Beynəlxalq Radionu bəzi sədrlər heç düz-əməlli tanımayıb və ona əhəmiyyət verməyib. Amma  bu radio işini axarında, min bir  çətinliklər içərisində öz gücünə görürdü. Sərhəddən kənarda azərbaycançılıq məfkurəsinin dirçəlişində, milli  kimliyini millətimizə səhv başa salmağa çalışan bədxahlarımızın yanlış siyasətini alt-üst edib və bu ənənə yüksək səviyyədə davam edir. Nəticədə,  dili, məktəbi qadağan olmuş, bir gün də ana dili  - Azərbaycan dilində oxumayan  milyonlarla güneyli soydaşımız radio vasitəsilə milli ruhda böyüdüklərini dəfələrlə etiraf edirlər.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra dünya azərbaycanlıları diasporunu yaratmaq günün aktual məsələsinə çevrildi. Əslən Təbrizdən olan, İsveçdə yaşayan, DAK-ın əsas yaradıcılarından biri,  keçmiş sədr Cavad Dirəxtini xalq yaxşı tanıyır. Təxminən 2000-ci ilin əvvəlləri idi - Cavad Dirəxti Bakıya gəlmişdi.  Onunla  radioda görüşdük.

Radioya necə bağlandığını danışan C.Dirəxti dedi ki,  günlərin birində Təbrizdən Tehrana gedirdik. Zəncan şəhərindən keçəndə sükan arxasında olan dostum qəfil maşını yana çəkib saxladı. Dedim nə oldu? Dedi bir bax, şəhərdə maşınlar işıqlarını yandırıb-söndürürlər. Bilirsən, bu, nəyə işarədir? Dedim bilmirəm. Dedi: “Körpü”  verilişinin başlanmasına  işarədir.  İndi veriliş başlayır. Bağışla, dayanıb  o verilişə rahat qulaq asıb gedəcəyəm. Dedim axı, biz tədbirə gecikirik. Dedi ondan da vacib bu verilişi dinləməkdir. Xülasə, Cavad Dirəxti dedi ki, mən də məcbur olub, o verilişi dinlədim. İlk dəfə idi ki, “Körpü”nü dinləyirdim. Gördüm  dostum vaxtını elə-belə  boşa xərcləmir. Sonra o verilişin mən də daimi dinləyicisinə çevrildim. O verilişlərdən Azərbaycanı tanıdım. Azərbaycana  necə xidmət etməyi öyrəndim. İçimdə Azərbaycan-türk qüruru yarandı. Gedib Türkiyədə  ali təhsil aldım.  İsveçə  köçdüm. Azərbaycan-Türk birliyinə neçə xidmət etməyin yollarını axtardım. Nəhayət, Dünya Azərbaycanlılarının Konqresini yaratdıq (DAK).

DAK-ın əsas fəaliyyət proqramlarından biri də Azərbaycan Televiziya və  Radiosunun Cənubi Azərbaycan redaksiyası ilə birgə əməkdaşlıq qurmaq idi. Bu əməkdaşlığı  yaratdıq və uğurlu nəticələrini gördük. İsveçdə yaşayan DAK üzvləri Əjdər Tağızadə, Abdulla Əmir Haşimi, Almaniyada yaşayan Behruz Həqqi, Nurəddin Qərəvi və başqaları dəfələrlə “Körpü”də çıxış etdilər. Bu çıxışlar da Güneydə böyük əks-səda yaradırdı. Hər çıxışdan sonra radionun gücünün bir daha şahidi olurduq - dedi.

Radionun bu nüfuzunun nəticəsiydi ki, sonra  Cavad Dirəxti bizi Almaniyanın Köln şəhərində, Türkiyənin Ankara şəhərində keçirilən DAK-ın qurultaylarına  dəvət etdi. DAK-ın qurultaylarında Radio və Cənubi Azərbaycan məsələsi aktual  mövzuya çevrildi. Həmin qurultaylarda Cənubi Azərbaycan redaksiyası ilə uzun illər əməkdaşlıq etmiş Naser Rəhbəri, Hüseyn Visuqi, Səməd  Niknam və başqaları  radio və dünya azərbaycanlıları mövzusunda maraqlı çıxışlar etdilər. Diaspor ilə radio  əməkdaşlığının yeni yolları müzakirə edildi. Bir sıra mühüm qərarlar qəbul olundu. Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin sədri Rövşən Məmmədov Azərbaycan diasporunu tədqiq edən və bu mövzuda   çoxlu sayda  elmi məqalələr, monoqrafiyalar yazan, bu sahənin bilicisi, yüksək səviyyəli mütəxəssisidir. Bəlkə də diasporu dərindən tanıdığı, bu sahədə radionun önəmini bildiyinə görə  sədr təyin olunandan Beynəlxalq Radioya xüsusi diqqət və qayğı göstərir. Azərbaycan Televiziyası hər gün, hər saat elin gözü qabağındadır. El gözü tərəzidir. Elin gözündən heç nəyi  qaçırmaq  olmaz. R.Məmmədov Beynəlxalq Radioya gələndə illərlə yığılıb qalmış problemlərlə yerindəcə tanış oldu, yayım, internet, kompüter problemini bir neçə gündə həll etdi. Bu günlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimlərini canlı yayımlayan, üstündə göy rəngli AzTV yazılan maşını Şuşada  görəndə şəxsən mən qürur hissi keçirdim. Axı, əvvəllər belə olmurdu. Bir çox dövlət tədbirlərini, yüksək çinli məmurların müsahibələrini başqa-başqa kanallarda görərdik. Şükürlər  olsun ki,  AzTV-nin itmiş nüfuzu  artıq  indi özünə qayıdıb. Təkcə bir fakt: Radionun “Günün nəbzi” verilişində hər gün saat 18-dən sonra  demək olar ki, bütün millət vəkillərini, nazirləri, o cümlədən  ölkənin ən tanınmış politoloqlarını dinləyirik. Təəssüflər olsun ki, bəzən  AzTV-nin ünvanına hər nə gəldi yazırlar. Yazsınlar, burada eldən, xalqdan gizlin heç nə yoxdur.  Televiziya ekranı göz qabağında şəffafdır.

Əgər  millətini, Vətənini sevirsənsə, bütün varlığınla  xalqına xidmət etməyə çalış.

Mehman VƏLİYEV,

AzTV QSC Beynəlxalq Radionun direktor müavini.