Modern quruculuq modeli
Digər xəbərlər

Modern quruculuq modeli

İşğaldan azad olunmuş ərazilərimizdə sakinlər üçün rahat həyat şəraiti yaradılır

Azərbaycanın İkinci Qarabağ müharibəsində Zəfərindən sonra qarşıda duran vəzifələrin yerinə yetirilməsi istiqamətində məqsədyönlü fəaliyyət davam etdirilir. Şanlı Qələbəmiz işğaldan azad edilmiş ərazilərdə əsaslı bərpa və quruculuq işlərinin daha sürətlə aparılmasını şərtləndirir. Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən quruculuq işləri ölkəmizin həyatına çoxsaylı yeniliklər gətirəcək. Prezident İlham Əliyevin çıxışlarında açıqladığı kimi, Böyük Qayıdış keyfiyyətcə yeni həyata qayıdış olacaq. 30 il əvvəl hətta yaşayış üçün ən vacib əşyalarını belə götürməyə macal tapmadan öz evlərini tərk etmiş sakinlər rahat həyat şəraiti ilə təmin olunmuş müasir kəndlərə və şəhərlərə qayıdacaqlar.

Prezident İlham Əliyevin işğaldan azad edilmiş rayonlara səfərləri, orada ictimaiyyət nümayəndələri ilə görüşləri ölkəmizdə olduğu qədər, dünya gündəmində də müzakirə mövzusudur. Çünki həyata keçirilən işlər, reallaşdırılan layihələr, oradan bütün dünyaya verilən mesajlar regional və qlobal müstəvidə də mühüm əhəmiyyət kəsb edir. İşğaldan azad edilən ərazilərimizdə sürətlə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri, təməli qoyulan kəndlər, obyektlər Qarabağın və Şərqi Zəngəzurun tezliklə Azərbaycanın çiçəklənən diyarına çevriləcəyindən xəbər verir. "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" təsdiq olunub. Bu proqram "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın tərkib hissəsidir və ölkəmizin yeni mərhələdə qarşıya qoyulmuş hədəflərinin reallaşdırılmasını özündə ehtiva edir.

 Qeyd edək ki, Dövlət Proqramı hazırlanarkən mütərəqqi beynəlxalq təcrübəyə istinad olunub, bundan başqa, işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi potensialı və dünya iqtisadiyyatının müasir çağırışları nəzərə alınıb. Bu ərazilər Ermənistanın işğalı nəticəsində tamamilə dağıdılıb, İkinci Qarabağ müharibəsindən sonra isə yeni yanaşma ortaya çıxıb. Yeni yanaşma dedikdə, sözügedən ərazilərdə ardıcıl və sürətli şəkildə tikinti, bərpa-quruculuq işlərinin aparılmasından, məcburi köçkünlük həyatına məhkum olmuş insanların öz torpaqlarına qayıtmasının prioritetliyindən söhbət gedir. Məqsəd həm də yenidən canlandırılacaq ərazilərin ölkənin sosial, iqtisadi, mədəni həyatına bağlantısını təmin etməkdir. Burada dövlət-özəl tərəfdaşlığına əsaslanan iqtisadi artım stimullaşdırılmalı və dayanıqlı məskunlaşmanın təmin edilməsi kimi hədəflərin həyata keçirilməsində institusional baza yaradılmalıdır.

Vətən müharibəsinin başa çatmasından üç ilə yaxın zaman keçməsinə baxmayaraq, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yenidən qurulması istiqamətində görülmüş işlərin miqyası möhtəşəm və əzəmətlidir. Füzuli və Zəngilan Beynəlxalq Hava Limanları, Zəfər yolu kimi nəhəng layihələrin başa çatdırılması, bütün azad olunmuş rayonlarımızda dayanıqlı enerji, su təchizatı infrastrukturunun yaradılması, Ağalı kəndinə, Laçına keçmiş məcburi köçkünlərin dönüşü, digər mühüm quruculuq işləri göstərir ki, Prezident İlham Əliyevin milli ideya elan etdiyi Qarabağ və Şərqi Zəngəzurun bərpası sürətli, dinamik və genişmiqyaslıdır. Qarabağ və Şərqi Zəngəzur Azərbaycan incəsənətinin, mədəniyyətinin mərkəzi kimi qədim tarixə malikdir. Məhz ona görə də bu ərazilərin bərpası tarixiliklə müasirliyin vəhdətində qurulur.

Yüksək standartlara cavab verən yaşayış məntəqələrinin, o cümlədən "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyaları əsasında yeni müasir şəhər və kəndlərin salınması ilə əhalinin layiqli həyat şəraitinin təmin edilməsi, etibarlı su, elektrik, qaz, istilik təminatının həyata keçirilməsi, bərpaolunan enerji mənbələrindən istifadəyə əsaslanan "yaşıl" texnologiyaların tətbiqi ilə "yaşıl enerji" zonasının yaradılması müasir rabitə, o cümlədən telekommunikasiya və poçt şəbəkələrinin qurulması, qabaqcıl standartlara uyğun təhsil, səhiyyə və sosial xidmətlərin yaradılması istiqamətində tədbirlərin həyata keçirilməsi, məşğulluq imkanlarının artırılması, insan kapitalının inkişaf etdirilməsi, sosial dəstək mexanizmlərinin geniş tətbiqi kimi vəzifələr icra olunmaqdadır.

İşğaldan azad olunmuş ərazilərimizdə yaşayış məntəqələri "ağıllı şəhər" və "ağıllı kənd" prinsipinə uyğun qurulur. Artıq Zəngilanın Ağalı kəndində "ağıllı kənd" prinsipinə uyğun olaraq yaşayış məntəqəsi salınıb. Eyni zamanda, digər bölgələrimizdə, o cümlədən Ağdam, Füzuli rayonunun Dövlətyarlı kəndində "ağıllı şəhər" və "ağıllı kənd" prinsipinə uyğun olaraq yaşayış məntəqələrinin inşası həyata keçirilir. Təbii ki, "ağıllı şəhər" və "ağıllı kənd" bu gün dünya praktikasında öz təsdiqini tapmış yanaşmadır. Artıq Avropada və bir sıra digər ölkələrdə məhz bu praktikadan istifadə olunur. Həm idarəetmənin çevikliyinin, həm də şəffaflığının artırılması baxımından "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyası çox vacibdir. Bu, eyni zamanda, vətəndaşların kommunal xidmətlərə əlçatanlığını asanlaşdırır. Çünki "ağıllı şəhər" və "ağıllı kənd" prinsipində kommunal, sosial xidmətlərə əlçatanlıq daha yüksək olur. Sosial xidmətləri daha qısa müddətdə, daha keyfiyyətli şəkildə əldə etmək imkanları yaranır. Bu, həmçinin fərqli sektorların - sənaye, aqrar sahələrin inkişafı üçün də yaxşı imkanlar yaradır. Ona görə də Azərbaycanın işğaldan azad olunmuş ərazilərində artıq reallaşan "ağıllı kənd", "ağıllı şəhər" modeli gələcəkdə digər bölgələrimizdə də tətbiq oluna bilər.

Bu, bütövlükdə Qafqazda yaşayış məntəqələrinin qurulması və məskunlaşma baxımından yenilikdir. Bütün yaşayış evləri, sosial obyektlər, inzibati və ictimai iaşə binaları, kənd təsərrüfatı məhsullarının emalı və istehsalı prosesi alternativ enerji mənbələri ilə təmin ediləcək. "Ağıllı kənd" təsərrüfatında isə kooperativ idarəetmə sistemini, müasir texnologiyalar əsasında qurulmuş tarla, bağ və fermaları dronlar vasitəsilə idarə etmək və nəzarətdə saxlamaq mümkün olacaq. "Ağıllı" təsərrüfatlar kəndlərdə meyvə, tərəvəz, ət və süd məhsulları istehsalını artırmağa, emal prosesini və satışı müasir tələblərə uyğun qurmağa imkan verəcək. Müasir şəhərsalma standartlarının tətbiqi, küçələrin "ağıllı" işıqlandırılması, isti və soyuğadavamlı ekoloji evlərin inşası, məişət tullantılarının idarə olunması, su elektrik stansiyalarının, günəş paneli stansiyalarının quraşdırılması, bioqaz enerjisindən istifadə kimi amillər də bu konsepsiyanın əsas komponentləri sırasındadır. Rəqəmsallaşma, alternativ enerjidən istifadə, ictimai xidmətlərin elektronlaşması "ağıllı kənd"də kompleks şəkildə tətbiq olunmaqdadır.

"Ağıllı kənd" modellərinə bütün dünyada böyük maraq var. Buna görə Ağalıda istifadəyə verilən "ağıllı kənd" dünyada Azərbaycan modeli kimi qiymətləndirilir. Bu yanaşma "ağıllı kənd"lə tanış olan beynəlxalq təşkilatların nümayəndələri tərəfindən dəfələrlə vurğulanıb və onu göstərir ki, işğaldan azad edilmiş ərazilərimizin yeni siması heyrətamiz olacaq.

Mustafa KAMAL,

"Respublika".