Bir dövrün yekunu, yeni eranın başlanğıcı
Siyasət

Bir dövrün yekunu, yeni eranın başlanğıcı

Məlumdur ki, altı ali konstitusion niyyətimizdən biri - Azərbaycan dövlətinin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünün qorunmasının təmin edilməsi 30 il ərzində natamamlıqla xarakterizə olunurdu. 2023-cü ilin sentyabr ayında antiterror tədbirlərində qazanılan müstəsna qələbə, epoxal bir hadisə - beynəlxalq hüquq və ədaləti bərqərar etməklə Azərbaycanın müstəqillik tarixində yeni bir dövr başlatdı.

İlk növbədə, natamam konstitusion niyyətlərə tam nail olunmaqla yeni prioritetlər meydana çıxardı, ümummilli hədəfləri bir sıra hallarda, hətta xarakterini dəyişməklə daha da genişləndirdi. Keçidin təmin olunması üçün isə metodoloji olaraq xalqın seçkilərdə iradə ifadə etməsi zərurət idi və seçkilərə gedildi. Prosesin niyə məhz prezident seçkilərindən başlanmasına gəlincə, Azərbaycan dövləti Prezidentin ölkənin daxilində və xarici münasibətlərdə dövləti təmsil etməsi, xalqının vahidliyini təcəssüm etdirmək, dövlətçiliyinin varisliyini təmin etmək, dövlətin müstəqilliyi, ərazi bütövlüyü, tərəfdar çıxdığı beynəlxalq müqavilələrə riayət olunmasına və məhkəmə hakimiyyətinin müstəqilliyinə təminat verməkdə ehtiva olunan Prezident üsuli-idarəli respublika olduğu üçün Prezident seçkiləri bütün digər seçkilərlə müqayisədə ən vacib seçkilərdir. Bu mənada, müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ərazilərimizi əhatə edən seçkilərin məhz prezident seçkiləri olması hüquqi, həm də mənəvi cəhətdən də daha doğru olanıdır.

Müharibədə qələbəmiz və suveren haqlarımızın tam bərpası ilə başa çatan ötən dövr qarşıya qoyulan missiyanın ləyaqətlə tamamlandığını, məhz bu uğurlara əsaslanan, nəticələrin davamlılığını diktə edən yeni şərtləri meydana çıxarır. Bu mənada, 7 fevral prezident seçkiləri qarşıdakı yeni hədəflərə uyğun tempdə inkişafın davamlılığının təmini üçün tarixi zərurətdir.

Seçki prosesinə gəlincə, Konstitusiyanın 54-56 və 71-ci maddələrinə müvafiq olaraq, Azərbaycan Respublikası vətəndaşlarının cəmiyyətin və dövlətin siyasi həyatında maneəsiz iştirak, dövlətin idarə olunmasında iştirak və dövlət orqanlarına seçmək və seçilmək hüququna təminat verilir və Konstitusiyada təsbit edilmiş bu hüquqları gözləmək və qorumaq üçün bütün aidiyyəti orqanlar səfərbər edilib. Növbədənkənar prezident seçkilərinin keçirilməsi, səslərin hesablanması, səsvermənin yekunlarının, seçkilərin nəticələrinin müəyyən edilməsinin açıq və aşkar həyata keçirilməsi üçün heç bir maneə yoxdur. Artıq Seçki Məcəlləsinin tələblərinə müvafiq olaraq, prezidentliyə namizədin irəli sürülməsi, prezidentliyə namizədi müdafiə üçün imza toplanması, prezidentliyə namizədin qeydə alınması prosesləri uğurla realizə olunub, eyni zamanda qanunvericiliyə müvafiq olaraq rəsmən təbliğat-təşviqat prosesinə start verilib. Ümumiyyətlə, tam qəti olaraq deyə bilərik ki, növbədənkənar prezident seçkilərinin təşkili və keçirilməsi tam, bərabər və qərəzsiz tətbiq olunan qanunlara əsaslanır. Proseslərin gedişi bir daha sübut edir ki, bu gün Azərbaycanda qanun çərçivəsində hər bir siyasi partiyaya, namizədə, seçiciyə və seçki kampaniyasının digər iştirakçılarına ədalətli və bərabər münasibət təmin edilib. Həmçinin qanun əsasında seçicilərə, seçki hərəkətlərinin həyata keçirilməsində iştirak etmək hüququ olan şəxslərə sənədlərlə və məlumatlarla tanış olmaq üçün hər bir şərait yaradılması, birmənalı və aydın anlaşılmaqla müntəzəm xarakterli kommunikasiya imkanı təmin olunmuşdur. Eyni zamanda seçicilərin seçkilərdə iştirakı üçün Seçki Məcəlləsinə müvafiq olaraq, imkan dairəsində bütün tədbirlər öncədən görülmüş və görülməkdədir, o cümlədən inklüzivliyin təmini üçün xüsusi şəraitin yaradılması tələb olunan həssas təbəqədən olan şəxslərin, habelə uzaq və ya yolu çətin keçilən yerlərdə yaşayan seçicilərin seçkilərdə iştirakı üçün bütün imkanlar yaradılmış, seçicilər, namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar və müşahidəçilər üçün Konstitusiyanın 57-ci maddəsinə və Seçki Məcəlləsinin 16-cı fəslinə müvafiq olaraq, istənilən pozuntu ilə bağlı işlək şikayət mexanizmləri mövcuddur.

Əlbəttə, Azərbaycan seçicisi seçimində sərbəstdir və əvvəldə də qeyd edildiyi kimi, sərbəst iradə ifadə etməsi üçün siyasi-hüquqi bazis, o cümlədən faktiki şərait tam şəkildə təmin edilmişdir. Lakin elə reallıqlar var ki, milli maraqlar, dövlətçilik məfkurəsi fonunda qiymətləndirilməlidir. Məsələn, hər kəsə aydındır ki, bu gün nə əhali sayımız, nə ərazimiz bizə böyük dövlətlər siyahısına düşməyə imkan vermir. Amma biz Azərbaycan olaraq dünya nəhənglərini qarşımıza alıb cəmi 44 günə 30 il möhkəmlənmiş işğal faktoruna, ərazimizdə tarixi bir əsrə dayanan separatizmə son qoya bilmişik. Cəmi 30 il əvvəl parçalanmaqda olan Azərbaycan bu gün faktiki olaraq Orta Asiyanın, Şərqi və Cənubi Avropanın, Balkanların enerji təhlükəsizliyinin, dolayısı ilə milli təhlükəsizliyinin qarantına çevrilib. Məhz bu reallığı görməli, böyük reallıqlar yaradan dövlətin vətəndaşı olmaqdan qürur duymalı və başa düşməliyik ki, əsrlər sonra, bu gün biz, nəhayət ki, hərbi-siyasi qələbələrdən danışırıq.

Bəhruz MƏHƏRRƏMOV,

Milli Məclisin deputatı.