Cənubi Qafqazda güc balansını dəyişdirməyə cəhd edilir
Siyasət

Cənubi Qafqazda güc balansını dəyişdirməyə cəhd edilir

Ermənistan 44 günlük İkinci Qarabağ müharibəsində silahlı qüvvələrinin itirdiklərinin və Azərbaycana qənimət olaraq götürdüyü silah-sursatın yerini doldurmaq üçün bir neçə istiqamətdə hərəkətə keçib. Birinci istiqamət təbii ki, regionda yeni müharibə istəyən Fransadır. Bu ölkə Ermənistanın militarizasiya siyasətinə böyük dəstək verir. Bir məqamı da qeyd edim ki, burada Fransanın geostrateji maraqları var. Rəsmi Parisin bu işə dəstək verməsində əsas məqsədi Ermənistanı Rusiyanın təsirindən çıxarmaqdır. Amma onun verdiyi "Bastion" piyada döyüş maşınları Ukrayna döyüşlərində özünü doğrultmadı. Həmçinin Ermənistana təhvil verdiyi radar sistemlərinin raketləri belə yoxdur. Yəni Fransa hər zamankı kimi, Ermənistanı "cəsarət"ləndirir, Azərbaycan və Rusiyaya qarşı müharibəyə sürükləyir.

Məlum olduğu kimi, İrəvanın silah idxal etdiyi digər ölkə Hindistandır. Hindistanla da Ermənistan arasında 2022-ci ildə 250 milyon ABŞ dolları həcmində hərbi müqavilə imzalanıb. Saziş əsasında Hindistanla artilleriya və hava hücumundan müdafiə sistemləri ilə bağlı əməkdaşlıq edilir. Və ilkin mərhələdə Ermənistan Hindistandan 155 mm çaplı 84 ədəd artilleriya sistemi olan "ATAGS" alacaq. Qeyd etdiyim kimi, müharibədə sıradan çıxarılan artilleriya toplarının yerinin bu vasitə ilə konpensasiya edilməsi nəzərdə tutulur. Lakin bu hərbi qurğuların hazırlanıb Ermənistana gətirilməsi kifayət qədər uzun vaxt tələb edir. Həmin silahların daşınması da ciddi bir məsələdir. Ona görə də rəsmi İrəvan və Dehli hava yolunun axtarışındadır. Quru və dəniz yolu ilə daşımalar kifayət qədər baha olduğu üçün bunu hava nəqliyyatı ilə həyata keçirməyə çalışırlar.

Təbii ki, böyük güclərin bütün bu davranışları Cənubi Qafqazda balansı dəyişməyə yönəldilib. Amma tam əminliklə deyə bilərəm ki, yaxın 5-10 il ərzində bu, mümkün deyil. Çünki Ermənistanın maliyyə imkanları buna imkan vermir. Və erməni silahlı qüvvələrinin döyüş ruhu da çox aşağı səviyyədədir. Təkcə düşmən orudusunda 12 min fərarinin olması faktı bütün suallara aydınlıq gətirir. Azərbaycan və Ermənistan ordularındakı güc fərqi silahlanma ilə aradan qaldırıla bilməz. Burada ən önəmli faktor hərbçilərin mənəvi-psixoloji vəziyyətidir ki, bu da qarşı tərəfdə çox aşağıdır. Ona görə də Ermənistan nə qədər silahlansa da, Azərbaycanla güc dili ilə danışa bilməyəcək. Ordumuz dünya miqyasında 50-ci yeri tutur. Ermənistan isə heç 100-lükdə belə yoxdur. Ona görə də Ermənistanın bir çıxış yolu var. O da sülh sazişini imzalamaqdır. Amma onlar hələ ki, mümkün variantlardan ən pisini seçirlər.                  

Elxan ŞIXƏLİYEV,

hərbi ekspert.