Biz haqqın, ədalətin tərəfindəyik
Siyasət

Biz haqqın, ədalətin tərəfindəyik

Bu faciə unudulmur, unudulmayacaq

"Bizə qarşı etnik təmizləmə aparılmışdır. Bizə qarşı soyqırımı törədilmişdir, Xocalı soyqırımı. Ondan çox ölkə Xocalı soyqırımını tanıyıb, "Xocalıya ədalət!" hərəkatı geniş beynəlxalq vüsət almışdır. Bax, o çətin dövrdən bu günə qədər keçdiyimiz yol şərəf və ləyaqət yoludur...". Bu fikirləri Prezident İlham Əliyev ötən il oktyabrın 15-də Xankəndi şəhərindəki çıxışında bildirib.

Tarix unudulmur. Təqvimin qanla yazılmış səhifələrini çevirdikcə "erməni xəstəliyi"nin anatomiyasından, onun dəhşətli fəsadlarından, bizə "bəxş etdiyi"  ağrı-acılardan, ölçüyəgəlməz faciələrindən bir daha xəbər tuturuq. Müxtəlif xarici ölkələrin basqılarına, xüsusən də erməni vandallarının vəhşiliklərinə qarşı ölüm-dirim mübarizəsində xalqımız həmişə dəyanətlə duruş gətirmiş, çoxsaylı itkilər hesabına olsa da əyilməmiş, sınmamışdır. Millətin tale karvanı dayanmadan irəliləmiş, xalqımız dünya çapında şərəfli bir mövqedə yer alaraq özünü təsdiqləmişdir.

1992-ci il 26 fevral. Bu tarixi də unutmur xalqımız, tariximizin ən acı səhifəsi - Xocalı faciəsini. 30 il qəlbində intiqam hissini sönməyə qoymadı, bu gün də deyil, sabah da olsa məqam düşəndə mütləq əvəzini çıxacağına inandı. İçində Xocalı soyqırımının yanğısı bir gün intiqam, döyüş, cəsarət, qeyrət bayrağını ucaldıb qana qanla cavab vermək iqtidarında olduğunu sübuta yetirmək üçün məqam gözlədi.

1992-ci  il fevralın 25-dən 26-na keçən gecə. Ayazlı-şaxtalı bir qış axşamı insanlar ölüm qorxusundan baş götürüb dağlara üz tutmuşdu. Dizə çatan qar örtüyünü çətinliklə yara-yara ölümdən qaçırdılar xocalılılar. O gecə Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin Xankəndidə yerləşən,   özü də tərkibi əsasən erməni millətindən olan əsgər və zabitlərdən ibarət 366-cı alayının köməyi və iştirakı ilə Xocalıya soxulub onu əhalisi ilə birlikdə yer üzündən tamamilə yox etdilər. Bu qəddarlığın, vəhşiliyin, barbarlığın, soyqırımın saysız-hesabsız qurbanı oldu. Xocalıdakı qanlı cinayət XX əsrdə dinc əhaliyə qarşı beynəlxalq terrorizmin həyata keçirdiyi ən dəhşətli aksiyalar cərgəsində yer aldı.

Bu qanlı hadisədə ASALA beynəlxalq erməni terror təşkilatının fəal üzvü Vazgen Sislyan öndə gedirdi. Uşaqların, qadınların öldürülməsi "işini" məhz o  yerinə yetirirdi. Cani bunu fəxrlə deyirdi. Sonradan Robert Köçəryanın şəxsi təşəbbüsü ilə V.Sislyan rəsmən "Qarabağ müharibəsinin qəhrəmanı" elan olunmuşdu.

Bəşəriyyətin ən dəhşətli faciələri ilə bərabər tutulan Xocalı soyqırımını təəssüf ki, ötən illərdə dünya faciə kimi qəbul etmədi. Bizsə Xocalıya ədalət istədik dünyadan. 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə start verilən "Xocalıya ədalət!" beynəlxalq təbliğat-təşviqat  kampaniyası Xocalı soyqırımı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi səbəbləri, nəticələri, həmçinin Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş keçmiş Dağlıq Qarabağ regionu və digər ərazilərindən qeyd-şərtsiz və dərhal çıxarılmasının zəruriliyi ilə bağlı beynəlxalq  maarifləndirmənin artırılması məqsədini daşıyırdı. Kampaniya çərçivəsində təşkil edilən tədbirlərdə əsas diqqət kütləvi qırğınlara, etnik təmizləmə, irqi, etnik və ya dini ayrı-seçkilik hallarına qarşı  güclü müqavimət nümayiş etdirməyə, Xocalı soyqırımının acısını yaşayanlarla  həmrəylik ifadə etməyə və Xocalıda azərbaycanlılara qarşı törədilmiş cinayətlərə görə cəzasızlıq halları ilə mübarizəyə yönəlmişdi. Xocalı soyqırımının dünya ictimaiyyəti tərəfindən tanınması, ona hüquqi və siyasi qiymət verilməsi, müvafiq cinayətlərin törədilməsinə görə məsuliyyət daşıyan şəxslərin cəzalandırılması, erməni silahlı qüvvələrinin işğal altında olan ərazilərimizdən tez bir zamanda çıxarılmasının zəruriliyi barədə dünya ictimaiyyətini məlumatlandırmağı və s. məsələləri strateji məqsəd kimi qarşıya qoymuşdu kampaniya. "Xocalıya ədalət, Qarabağa azadlıq" istəyirdi bu kampaniyaya qoşulanlar.

Xocalı gözdağımız, qan yaddaşımız oldu. Bu faciədə sağ qalanların, əsir götürülüb, sonra azad edilənlərin söylədikləri o faciənin böyüklüyünü açıb göstərir. Deyilənləri eşitmək belə dəhşətli gəlir insana. Xocalı şahidlərinin o acı xatirələri cild-cild kitablara da sığmaz...

O zaman tərəvəz mağazasında işləyən 33 yaşlı Nigar Əzizova əsir götürülmüş, taleyin bu acısını da yaşamışdı. "Helsinki Watch"a isə bunları demişdi: "Qaçanlar qarşıdan atəşə tutulanda geri dönüb müxtəlif istiqamətlərə səpələndilər. Mən ortada idim və irəlidə olan insanların əksəriyyəti öldürülmüşdü. Naxçıvanikdə bu insanların çoxu öldürüldü. Üzlərindən tanıyırdım, üzərlərindən keçdikcə üzlərini görürdüm. Uşaqlar görməsin deyə onların gözlərini bağlayırdıq".

Digər bir şahid Həsən Allahyarovun dediklərindən: "Tank atmağa başlayan zaman biz bütün istiqamətlərdə qaçmağa başladıq. Mən səpələnmiş meyitləri və onların əhatəsində olan bütün insanların yıxıldığını gördüm".

Xocalı soyqırımının acısını yaşayanlardan biri Hicran Ələkbərova isə belə söyləmişdi: "Naxçıvanikə çatan zaman səhər saat 9:00 idi. Orada bir sahə və çoxlu ölmüş insan var idi. Sayı yüz olardı. Saymağa cəhd etmədim. Əlif Hacıyev yaralanmışdı və mən ona kömək etmək istədim. Güllə qarın nahiyəmə dəydi. Onların haradan atdığını görürdüm. Ətrafda çoxlu meyit vardı, heç dərilərinin rəngi də hələ dəyişməmişdi".

"Naxçıvanikə səhər saat 8:00-da çatdıq və onlar atəş açanda biz bir sahənin ortasında idik. Onlar yalnız bu istiqamətdən - meşədən atəş açırdılar. Sonra biz bu sahədən həyat yoldaşım və baldızımın öldürüldüyü dərəyə doğru qaçdıq. Onlar təxminən iyirmi metrlik məsafədən öldürülmüşdü. Baldızım üç yerdən vurulmuşdu -  baş, qarın və ayaq nahiyəsindən. Həyat yoldaşıma arxadan atəş açılmışdı. Ermənilər onların üzüklərini də götürmüşdülər".

Bəli, Xocalı faciəsi insanlığa ləkədir. Biz bu ləkəni təmizlədik. Vətən müharibəsində Zəfərimizlə, Qarabağdakı separatçıların kökünü kəsməklə, Xocalıya üçrəngli bayrağımızı sancmaqla. Və bir də bu faciədə əli olanların bəzilərinin qandallanaraq Bakı təcridxanalarının "müsafiri" etməklə. Çünki dünyada ədalət deyilən bir anlayış da var. Başqalarından fərqli olaraq biz haqqın, ədalətin tərəfindəyik. Ədalət isə həmişə zəfər çalır.

Zümrüd QURBANQIZI,

"Respublika".