Bizim böyük planlarımız var
Siyasət

Bizim böyük planlarımız var

Müstəqil enerji siyasəti yürüdən Azərbaycan xarici investisiyalar üçün açıq ölkədir

"Bizim böyük planlarımız var və əminəm ki, Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında dostluq və qardaşlıq əlaqələri uğurla inkişaf etməkdə davam edəcək. Əminəm ki, daha çox layihələr olacaq. Faktiki olaraq bu gün - bir qədər sonra biz çox qısa zamanda 1 qiqavat bərpaolunan enerji istehsalına yol açacaq üç investisiya sazişinin imzalanma mərasiminin şahidi olacağıq. Ona görə də bugünkü tədbiri Birləşmiş Ərəb Əmirlikləri və Azərbaycan arasında qardaşlıq əlaqələrinin parlaq nümunəsi hesab edirik". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimində bildirib.

Bunun iki qardaş ölkənin böyük yolunun başlanğıcı olduğuna əminliyini ifadə edən dövlət başçısı vurğulayıb ki, nisbətən qısa zamanda - təxminən ilyarımdan bir qədər çox müddət ərzində Abşeron yarımadasının boş hissəsinin yaşıl enerji mənbəyinə çevrildiyini görəndə çox qürur duyuruq. Bu, əlamətdar nailiyyət, yaxşı nümunədir və Birləşmiş Ərəb Əmirliklərindən olan bir çox şirkətlərə gəlib bizimlə işləmək üçün siqnal olacaq.

Qeyd edək ki, 2021-ci il aprelin 6-da Azərbaycanın Energetika Nazirliyi, "AzərEnerji" ASC və Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti arasında investisiya, enerji alqı-satqısı və ötürücü şəbəkəyə qoşulma ilə bağlı müqavilələr imzalanıb. Stansiyanın təməlqoyma mərasimi isə 2022-ci il martın 15-də "Gülüstan" sarayında Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə qoyulub. Qaradağ Günəş Elektrik Stansiyası Xəzər regionunda və MDB məkanında ən böyük günəş elektrik stansiyasıdır. Stansiya 262 milyon ABŞ dolları dəyərində xarici sərmayə hesabına tikilib. Ölkəmizdə xarici investisiya cəlb edilməklə reallaşdırılan sənaye miqyaslı ilk günəş elektrik stansiyasıdır. Stansiyada hər il 500 milyon kilovat-saat elektrik enerjisi istehsal edilməklə 110 milyon kubmetr həcmində təbii qaza qənaət olunacaq. Eyni zamanda, atmosferə atılan karbon emissiyası 200 min ton azaldılacaq. 550 hektar ərazini əhatə edən elektrik stansiyasında 570 min günəş paneli quraşdırılıb. Bu stansiyanın şəbəkəyə qoşulması üçün 330 kilovoltluq yarımstansiya tikilib.

Ölkəmizin bərpaolunan enerji gündəliyi təkcə günəş və ya külək elektrik stansiyaları ilə məhdudlaşmır. Üç il bundan əvvəl işğaldan azad edilmiş Qarabağın və Şərqi Zəngəzurun ərazilərində hazırda hidroenerji potensialımızı fəal şəkildə inkişaf etdiririk. Ümumiyyətlə, Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan artıq yaşıl enerji zonası elan olunub. Bizim təbii sərvətlərimizin istifadəsi üçün böyük potensial var. Artıq 170 meqavat gücündə olan hidroelektrik stansiyaları istismara verilib və bu ilin sonuna kimi bu, 270 meqavata çatdırılacaq. İki-üç ildən sonra hidroelektrik stansiyaların gücü 500 meqavat olacaq. Bu da yaşıl enerjiyə keçid prosesinə mühüm töhfə verəcək. Müstəqillik tariximiz bizim təkcə enerji sahəsində deyil, bütün sahələrdə planlarımızın gerçəkləşdiyini göstərir.

Azərbaycan xarici investisiyalar üçün çox açıq ölkədir. Bu kontekstdə Neftçalada 390 MVt günəş, Biləsuvarda 445 MVt günəş və Qobustanda 200-300 MVt gücündə külək elektrik stansiyalarının inşası nəzərdə tutulur.

240 MVt gücündə "Xızı-Abşeron" KES-in isə 2025-ci ildə istismara verilməsi qrafikinə uyğun işlər davam etdirilməkdədir. "ACWA Power" şirkəti ilə dənizdə və quruda ümumi gücü 2,5 QVt-dək külək layihəsinin həyata keçirilməsinə dair İcra müqavilələri çərçivəsində bu yaxınlarda Batareya Enerji Saxlama Sistemi və quruda 200 MVt külək layihələri üzrə Yol Xəritəsi imzalandı. Cəbrayılda BP tərəfindən gələn il 240 MVt gücündə günəş elektrik stansiyasının təməli qoyulacaq. Həmçinin Cəbrayılda "Nobel Energy", Füzulidə isə Çin şirkəti ilə günəş elektrik stansiyalarının tikintisi üçün hazırda ərazilər razılaşdırılır. Naxçıvanda "Nobel Energy", "TotalEnergies" və "A-Z Czech Engineering" şirkətləri tərəfindən ümumi gücü 1,150 MVt olan günəş elektrik stansiyalarının inşası məqsədilə ərazilərin seçilməsi və razılaşdırılması prosesi davam edir. Bundan başqa, Böyükşor gölündə 100 kVt gücündə pilot layihə üzrə ölkəmizdə ilk üzən günəş stansiyası quraşdırılıb, tezliklə şəbəkəyə qoşulacaq. Ümumən, mərhələli şəkildə 2030-cu ilədək 7 QVt həcmində istehsal güclərinin yaradılması planlaşdırılır. İxrac tələblərindən asılı olaraq 2037-ci ilə qədər bu həcmlər əhəmiyyətli dərəcədə arta bilər. Azərbaycan 2030-cu ilə qədər bərpaolunan enerji sahəsində quraşdırılmış güclərin 30 faizə qədər artırılması kimi mühüm məqsədləri də qarşısına qoyub.

Hazırda iqtisadi hədəf qazıntı yanacağından asılılığı azaltmaq üçün iqtisadiyyatı şaxələndirməkdir. Digər tərəfdən, Azərbaycan enerji ehtiyatlarının ixracında çoxvariantlı nəqletmə sisteminə - diversifikasiya edilmiş təchizata üstünlük verir və dünyanın aparıcı dövlətləri tərəfindən etibarlı strateji tərəfdaş kimi qiymətləndirilir. Müstəqil enerji siyasəti ölkəmizin beynəlxalq arenadakı mövqeyini, həmçinin regionun və regionətrafı coğrafiyanın geostrateji təhlükəsizliyini daha da gücləndirir. Eyni zamanda, Azərbaycanın səmərəli enerji siyasəti yeni əməkdaşlıq platformaları müəyyənləşdirməklə yanaşı, Avrasiyanın enerji xəritəsinin zənginləşməsinə mühüm töhfələr verir.

Mustafa KAMAL,

"Respublika".