Səfirliyimizə hücum ölkəmizə qarşı qərəz idi
Siyasət

Səfirliyimizə hücum ölkəmizə qarşı qərəz idi

44 gün davam edən Vətən müharibəsindən sonra qələbəmizi həzm edə bilməyən qüvvələr qisaslarını xaricdəki diplomatik korpuslarımızdan və müdafiəsiz soydaşlarımızdan almağa başladılar. Artıq son iki ildə xarici ölkələrdə səfirliklərimizə bir neçə dəfə hücum təşkil edilib. Səfirliklərin ərazisi dövlətlərin ərazisi hesab olunur. Bu da suverenlik və səfirliyin fəaliyyət göstərdiyi ölkənin beynəlxalq və daxili hüquqla məsuliyyəti məsələsini önə çıxarır.

Şübhəsiz, xarici ölkələrdəki diplomatik nümayəndəliklərimizin təhlükəsizliyinin təmin edilməsi ev sahibi olan ölkənin öz üzərinə götürdüyü öhdəliyidir. Təəssüflər olsun ki, bəzi ölkələr öz öhdəliklərinə əməl etmirlər. Baş verən hadisələr diplomatların və diplomatik binaların təhlükəsizliyinin təmin edilməsini bir daha diqqət mərkəzinə gətirir. Səfirliklərimizə ard-arda hücumların olması Azərbaycan dövlətinin siyasi iradəsinə təsir göstərmək cəhdləri kimi başa düşülür. Elə bu səbəbdən, Livanda, Böyük Britaniyada, Fransada və İranda eyni hallar baş vermişdi.

Ötən il yanvarın 27-də Tehranda baş vermiş hadisə dövlətimiz və xalqımızda kəskin qəzəb doğurdu. Həmin gün Azərbaycan Respublikasının Tehrandakı Səfirliyinə hücum oldu. Hadisə nəticəsində mühafizə xidmətinin rəisi qətlə yetirildi, iki nəfər isə yaralandı. Bu vəhşilik ABŞ-ın İrandakı səfirliyinə hücumu xatırladır. 1979-cu ildə iranlı gənclər səfirliyin 52 əməkdaşını 444 gün girov saxlamışdılar. Məhz həmin hücum da ABŞ-İran münasibətlərində uçurum yaratdı.

Hadisədən bir neçə gün öncəyə nəzər salsaq, əslində, hər şeyin planlı olduğu ortaya çıxır. İranda bir çox terror qrupları var. Bunlardan biri də "Hüseyniyyun" qruplaşmasıdır. Sözügedən terror qruplaşması səfirliyimizə edilən hücumdan bir neçə gün öncə "Hüseynçilər 1979" kanalında hücumun ola biləcəyinə dair şifrəli mesajlar veriblərmiş.  Həmin kanalda "Böyük Cihada hazır olun" adlı süjet yayımlanıb. Süjetin tərkibi isə bundan ibarətdir: "Azərbaycanda şəriət rejiminin qurulmasının vaxtı çatıb...". Həmçinin bu kimi məlumatları öz teleqram qruplarında da yayımlayıblar. Hücumdan 10 saat əvvəl isə "hüseyniyyun himni" adlı mahnı paylaşılıbmış. Bu hadisələrin hamısı onu göstərir ki, hücumun arxasında Azərbaycanın uğurlarına sevinməyən qüvvələr durur.

Binaya hücum bir dövlətin ərazisinə qanunsuz şəkildə daxil olmaqdır. Bu terror aktı həm yerli, həm də beynəlxalq hüquqa əsasən cinayət sayılır. Səfirlik, konsulluq və başqa bu tip diplomatik nümayəndəliklərin fəaliyyəti Vyana Konvensiyası ilə tənzimlənir. Konvensiyaya əsasən nümayəndəliyin binaları toxunulmazdır. Qəbul edən dövlətin hakimiyyət orqanları nümayəndəlik rəhbərinin razılığı olmadan bu binalara daxil ola bilməzlər. Lakin terrorçu bu qanuna məhəl qoymayaraq binaya hücum edib.

Hücumun səbəbləri "məişət zəmininə" tərəf istiqamətləndirilsə də baş verənlər tam aydındır. Hadisə zamanı yaralanan Vasif Tağıyev özünə gəldikdən sonra belə ifadə verib: "Onun məqsədi terror törətmək idi. Ailəsini axtarmağa gələn şəxs silahla gəlmir".

Vasif Tağıyev "Kalaşnikov" silahla hücum edən terrorçunun üstünə əliyalın gedərək, əlbəyaxa döyüşlə onu zərərsizləşdirmiş, bununla da onlarla səfirlik əməkdaşının həyatını xilas etmişdir. Onun silahı vətəninə, torpağına sonsuz sevgisi idi ki, bu da ona əlavə cəsarət verdi. Əgər Vasif Tağıyev öz həyatını riskə ataraq, o terrorçunu zərərsizləşdirməsəydi, faciənin miqyası daha böyük olardı. Sonradan aydın oldu ki, o, terrorçu ilə əlbəyaxa davada çiynindən güllə yarası da alıb, lakin buna baxmayaraq, qəhrəmanlıq edərək sona qədər çarpışıb və terrorçunu tərk-silah edə bilib.

Qeyd edək ki, onun davranışları beynəlxalq səviyyədə reaksiya doğurub, terrorçunu zərərsizləşdirməsi qəhrəmanlıq nümunəsi kimi qiymətləndirilib. Həyat və sağlamlıq üçün real təhlükə şəraitində xidməti borc və hərbi qulluq vəzifəsini yerinə yetirərkən mərd və qətiyyətli hərəkətlərinə görə Vasif Tağıyev 1-ci dərəcəli "Rəşadət" ordeni ilə təltif olunub. O, Azərbaycanda bu ordeni alan 5-ci şəxsdir.

Diplomatik korpuslarımıza terror hadisələrinə qarşı sərt tədbirlər görülməməsi bu cür təxribatların bir daha təkrarlanmayacağına zəmanət vermir. Ona görə də günahkarlar layiqli cəzalarını almalı və Azərbaycan səfirliklərinin təhlükəsizliyinin qorunması daha etibarlı təmin edilməlidir.

Röya RÜSTƏMLİ,

"Respublika".