Avropa Rusiyanı niyə Qafqazdan uzaqlaşdırmaq istəyir?
Siyasət

Avropa Rusiyanı niyə Qafqazdan uzaqlaşdırmaq istəyir?

Bütün dövrlərdə Cənubi Qafqaz dünyanın diqqət mərkəzində olub. Bunun bir səbəbi regionda baş verən münaqişə və müharibələrdisə, digər tərəfi isə Qafqazın zəngin sərvətlərinə olan maraqdır. Bölgə qədim ticarət yollarının kəsişmə nöqtəsi olmaqla yanaşı, tarixi İpək Yolu da buradan keçir. Regionun üstün cəhətlərindən biri də Qara dəniz vasitəsilə Avropaya, Xəzər dənizi ilə isə şimala və qərbə çıxışın olmasıdır. Son dövrlərdə Qafqazın müzakirə mövzusu böyük güclərin toqquşan maraqlarıdır.

44 günlük Vətən müharibəsindən sonra bu maraqlar daha kəskin forma aldı. Azərbaycanın regionda söz və güc sahibi olması Ermənistan kimi ələbaxan dövlətlərə sərf etmir. Əslində Ermənistan məğlub ölkə kimi Azərbaycanın təklif etdiyi sülh prosesinə tez bir zamanda qoşulmalı, regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunmasına səy göstərməlidir. Lakin məğlub ölkə regionda maraqları olan güc mərkəzlərinin əlində alətə çevrilib.

Yalan erməni sevgisi nümayiş etdirən regionda yerləşmək istəyən Avropa ölkələrindən biri də Fransadır. Lakin Fransanın qarşısını kəsən əngəllərdən biri Rusiyanın ərazidə mövcudluğudur. Bu səbəbdən də Fransa ilk növbədə Rusiyanı regiondan sıxışdırıb çıxarmaq istəyir. Fransa həmçinin Ermənistanı silahlandıraraq regionda vəziyyəti gərginləşdirməklə öz iddialarını yeritməyə çalışır.

Cənubi Qafqazda Rusiyaya ən yaxın strateji ölkə Ermənistandır. Vaxtilə erməniləri bu bölgəyə gətirən də məhz Rusiya olub. Hazırda Rusiyanın Ermənistan ərazisində bir neçə hərbi bazası var. Lakin son dövrlərdə baş verən siyasi gedişlər onu göstərir ki, Ermənistan Qərbə və Fransa kimi dövlətlərə sığınaraq, Rusiyaya xəyanət edir. Böyük güclərin savaşa çıxdığı Cənubi Qafqazda Ermənistan həmin qüvvələrin oyunlarının qurbanına çevrilib. Həmin dövlətlər, ilk növbədə, Ermənistanın əli ilə Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq və öz məqsədlərini reallaşdırmaq istəyirlər. Rusiya isə Qərbin Ermənistanda möhkəmlənməsini qəbul edə bilmir. ABŞ və Fransa kimi bəzi Avropa ölkələri isə Rusiyanı təkcə Ermənistandan deyil, ümumiyyətlə, Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq niyyətindədir. Hətta onlar bu istiqamətdə maraqlarını gizlətmirlər. Artıq böyük güclərin region uğrunda rəqabəti açıq mübarizəyə çevrilib. Avropa Cənubi Qafqazı qətiyyən itirmək istəmir, Rusiya isə regionda itirdiyi siyasi gücünü bərpa etməyə çalışır.

Məlumdur ki, Amerika hərbçilərinin Ermənistana təlim məqsədilə gəlişi bölgədə siyasi prosesləri daha da mürəkkəbləşdirdi. Yaranmış vəziyyətdən narahat olan Rusiya bildirib ki, "qərblilər" regionun taleyi ilə maraqlanmır və onların məqsədi Rusiya və Ermənistan arasında nifaq salmaq və Moskvanın təsirini zəiflətməkdir. Hətta ABŞ-la birgə keçirilən təlimlər Qərbin Cənubi Qafqazda Ermənistan üzərindən Rusiyaya qarşı ikinci cəbhə açması kimi qiymətləndirilib. Göründüyü kimi, Cənubi Qafqaz böyük oyunların kiçik məkanına çevrilib və dünya nəhənglərinin əsas diqqət mərkəzindədir. Yerləşdiyi coğrafi məkan bu regionu dünyada hegemonluq iddiasında olan bəzi dövlətlər üçün olduqca cəlbedici edir. Cənubi Qafqazda strateji maraqları olan beynəlxalq güclər ilk növbədə rəsmi Bakının müəyyən etdiyi yeni qaydalara uyğun hərəkət etməlidirlər. Əks halda, Ermənistan üzərindən regiona yerləşmək cəhdləri sadəcə, boşuna vaxt itirməkdən başqa bir şey deyil.

Ramidə YAQUBQIZI,

"Respublika".