Bölgəyə dayanıqlı sülh mesajı
Digər xəbərlər

Bölgəyə dayanıqlı sülh mesajı

Ermənistan regionda sabitlikdə maraqlıdırsa, qanunsuz silahlı dəstələrini Azərbaycanın Qarabağ bölgəsindən tamamilə çıxarmalıdır

"Münaqişə başa çatdıqdan az sonra Azərbaycan Ermənistanla bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında sülh sazişi imzalamaq üçün beş əsas prinsipini təqdim edib. Ermənistanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımağa məcbur olmasına baxmayaraq, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində hələ də Ermənistan silahlı qüvvələrinin qalıqları mövcuddur. Əgər Ermənistan həqiqətən də regionda çoxdan gözlənilən sülhdə maraqlıdırsa, onda onun silahlı qüvvələri Azərbaycanın Qarabağ bölgəsindən tamamilə çıxmalıdır. Bölgədəki erməni hərbi və yarımhərbi elementləri tərk-silah edilməlidir". Bu fikri Bakıda Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun "Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli" mövzusunda nazirlər görüşündə Azərbaycan Prezidenti İlham Əliyev çıxışında bildirib.

Dövlət başçısı deyib ki, həmçinin Birinci Qarabağ müharibəsi nəticəsində işgəncələrə məruz qalan, öldürülən və kütləvi məzarlıqlarda basdırılan 4 minə yaxın itkin düşmüş azərbaycanlının taleyinin müəyyənləşdirilməsində tam şəffaflıq təmin edilməlidir. Onun bu məsələlərə növbəti dəfə diqqət yetirməsi beynəlxalq ictimaiyyətin məlumatlandırılması kimi qəbul oluna bilər. Bununla da bir daha qətiyyətli mövqeyini ortaya qoyan dövlət başçısı rəsmi İrəvana xəbərdarlıq edərək, Ermənistanın sülhdən başqa yolunun olmadığını növbəti dəfə diqqətə çatdırıb. Qarabağdakı qüvvələr, o cümlədən Rusiya kontingenti, Ermənistan rəhbərliyi və havadarları bu bəyanatdan nəticələr çıxarmalıdırlar. İkinci Qarabağ savaşı Qələbə ilə başa çatıb. Azərbaycan öz torpaqlarını dünyanın gözü qarşısında əsgərinin gücü, hərbi potensialı ilə işğaldan azad edib. 10 noyabrda üçtərəfli Bəyanat imzalanıb və növbəti addım sülh müqaviləsinin imzalanmasıdır ki, Azərbaycan buna hazırdır və Prezident İlham Əliyev bütün çıxışlarında bu məsələni dəfələrlə vurğulayır.

Azərbaycan Ermənistanla bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında sülh sazişi imzalamaq üçün təqdim etdiyi prinsiplər -  yolların açılması, Zəngəzur dəhlizinin yaradılması, bütün ticarət əlaqələrinin bərpası, yəni Cənubi Qafqazda uzun fasilədən sonra sülhün təmin edilməsi bizim maraqlarımıza cavab verir. Bu cür sülh Ermənistanın da maraqlarına uyğundur. Onlar dəmiryolu ilə həm İran, həm Rusiya ilə əlaqə yarada bilərlər. Beş prinsipi özündə əhatə edən sülh müqaviləsinin imzalanması ilə bağlı təşəbbüs məhz Azərbaycan tərəfindən irəli sürülüb və iki ölkə arasında sülh müqaviləsi bu prinsiplər əsasında imzalana bilər. Aparılan görüşlərdə, qəbul edilən bəyanatlarda sülh gündəliyi platforması məhz bu şərtlərlə müəyyən olunub. Azərbaycanın mövqeyi iki yanaşmadan ibarətdir. Birinci yanaşma Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanması, ikinci yanaşma isə Azərbaycanla Qarabağın erməni sakinləri arasında dialoqun həyata keçirilməsidir. Qarabağdakı ermənilərin getdikcə daha çətin duruma düşməsi müşahidə olunur. Hadisələrin gedişi göstərir ki, onların yeganə xilas yolu Azərbaycana inteqrasia olmaqdan keçir. Onlar ya bu addımı atmalı, ya da qısa müddətdə bu əraziləri tərk etməlidirlər. Qarabağdakı ermənilərin, eləcə də Ermənistanın bu məsələdə beynəlxalq ictimaiyyətə, konkret olaraq regionda maraqlı qüvvələrə müraciəti də heç bir nəticə vermir.

Ötən il Praqa və Soçi görüşlərində Ermənistan ölkəmizin ərazi bütövlüyünü və suverenliyini rəsmən tanıdı. Bundan sonra Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün bütün şərtlər təmin edildi. Brüsseldə keçirilən üçtərəfli görüşlərdən sonra səslənən bəyanatlar sübut etdi ki, Azərbaycan döyüş meydanındakı tarixi qələbəsini diplomatik meydanda da uğurla davam etdirir. Artıq Ermənistan Azərbaycanın təklif etdiyi 5 maddəlik baza prinsipini qəbul edib və bu istiqamətdə iş görülür. Ermənistanın üzərinə düşən öhdəlikləri yerinə yetirməməsinə baxmayaraq, Azərbaycanın gündəliyi sülh gündəliyidir. Ermənistan isə sülh sazişinin imzalanmasından mümkün qədər yayınmağa çalışır. Son dövrlər Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanın ərazi bütövlüyü ilə bağlı səsləndirdiyi fikirlər müəyyən qədər qaneedici olsa da, rəsmi şəkildə ölkəmizin suverenliyi tanınmalı, sərhədlərin delimitasiya və demarkasiyası həyata keçirilməlidir.

Bu günədək davamlı olaraq keçirilən ikitərəfli və üçtərəfli görüşlərdə gedən proseslər ABŞ danışıqlarında da təkrarlandı. Ermənistan mərkəzdənqaçma xislətinə sadiq qaldı. Göründüyü kimi, bəyanatlardan irəli gələn öhdəliklərini yerinə yetirməkdən imtina edən Ermənistan müxtəlif bəhanələrlə sülh sazişini imzalamağa "tələsmir". Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasından və mümkün sülh müqaviləsi imzalamaqdan yayınır. Paşinyan iyulun 6-da hökumətin iclasında Bakı ilə İrəvan arasında imzalanacaq sülh müqaviləsinin mətninin hazır olmadığını deyib. Onun bu açıqlaması deməyə əsas verir ki, Paşinyan daxili auditoriya, Qərb və Rusiya arasında manevr etməyə məcburdur. O da yaxşı anlayır ki, bu gün Qarabağda mövcud olan silahlı birləşmələr Azərbaycan Ordusu ilə müqayisədə çox kiçikdir və onların zərərsizləşdirilməsi Azərbaycan üçün an məsələsidir. Amma daxili auditoriyanın istədiyini deməyə məcburdur. O, iyulun 21-də Avropa İttifaqı Şurası rəhbərinin vasitəçiliyi ilə Brüsseldə Azərbaycan Prezidenti ilə görüşünün planlaşdırıldığını xatırladıb. Baş nazir qarşıdan gələn görüş zamanı Vaşinqtonda əldə olunan irəliləyişi daha əsaslı hala gətirə biləcəklərinə ümid etdiyini deyib. Həmçinin əlavə edib ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalanmalıdır. Azərbaycan XİN-in yaydığı məlumatda qeyd olunur ki, Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən hökumətin 6 iyul tarixli iclasında Azərbaycan əleyhinə beynəlxalq ictimaiyyət arasında yanlış təəssürat yaratmaq məqsədi daşıyan fikirləri tamamilə əsassızdır. Ermənistan tərəfinin beynəlxalq hüququn norma və prinsiplərinə və üçtərəfli Bəyanat çərçivəsində öhdəliklərinə uyğun olaraq erməni qüvvələrini Azərbaycan ərazilərindən çıxarmaq əvəzinə, ərazimizdə mövcud olan silahlı qüvvələrin Ermənistana məxsus olmadığına dair işğal dövründə səsləndirilən iddiaların təkrarlanması bu ölkənin yanlış siyasətdən əl çəkmədiyini göstərir.

Ermənistan Müdafiə Nazirliyinin komandanlığı altında fəaliyyət göstərən və Ermənistan məhkəmələri tərəfindən məhkum olunan silahlı qüvvələrin onlara məxsus olmadığını iddia etmək heç bir məntiqə sığmır. Azərbaycan ərazilərini işğal altında saxlamaqla və qonşu ölkələrə qarşı ərazi iddiaları irəli sürməklə özünü blokadada saxlayan Ermənistanın Azərbaycan kommunikasiyaların açılmasında maraqlı olmadığını iddia etməsi və üçtərəfli Bəyanata zidd olaraq Ermənistanın Naxçıvana maneəsiz keçidi təmin etməkdən imtina etməsi bu ölkənin öhdəliklərini heçə saydığını nümayiş etdirir. Qeyd edək ki, Ermənistan xəritələrin bir hissəsini Azərbaycana versə də, sənədlərin böyük qismi minalanmış ərazilərlə üst-üstə düşməyib. Elə buna görədir ki, Vətən müharibəsindən sonrakı dövrdə 300-dək azərbaycanlı mina qurbanı olub. Ermənistan həqiqətən də regionda çoxdan gözlənilən sülhdə maraqlıdırsa, onda onun silahlı qüvvələri Azərbaycanın Qarabağ bölgəsindən tamamilə çıxmalıdır. Təbii ki, ölkəmiz hazırda bu siyasətə sadiqdir. Onların tərk-silah olunmasını, oradan getmələrini gözləyir və bu istiqamətdə lazımi addımlar atır. Əks halda, Azərbaycan öz legitim hüququnu da saxlayır. Yəni ermənilərin törədəcəyi təxribatlara adekvat cavab tədbiri, antiterror əməliyyatlar həyata keçirə bilər. Bu, hələ də bölgəyə dayanıqlı sülhün gəlməsi ilə bağlı mesajdır. Ermənistan vaxtında və gecikmədən qarşıya qoyulan məsələlərə əməl etməlidir. Həmçinin rəsmi İrəvan 10 noyabr Bəyanatının müddəlarının qeyd-şərtsiz və vaxtında icra olunmasını təmin etməlidir.

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Aİ-nin Cənubi Qafqazda sabitliyi və iki ölkə arasında normallaşmanı təşviq etmək səylərini inkişaf etdirmək üçün Ermənistan və Azərbaycan liderləri ilə sıx əlaqə saxlamaqda davam edir. Avropa İttifaqının gizli gündəliyi yoxdur, qurumun yeganə məqsədi Ermənistan və Azərbaycana hərtərəfli və ədalətli sülhə nail olmaqda kömək etməkdir. Şarl Mişel mətbuata açıqlamasında bildirib ki, sərhəd məsələlərində irəliləyişi və sərhədlərin delimitasiyası ilə bağlı atılacaq növbəti addımları müzakirə etdik. Həmin kontekstdə liderlər sərhəd məsələləri ilə bağlı ikitərəfli görüşlərin bərpasına dair razılığa gəldilər. Liderlər 1991-ci ilin Alma-Ata Bəyannaməsinə və Ermənistanın 29,800 kvadratkilometr və Azərbaycanın 86,600 kvadratkilometr ərazisinin toxunulmazlığına birmənalı sadiqliklərini təsdiq etdilər. Xatırladaq ki, Azərbaycan və Ermənistan liderlərinin görüşü 2022-ci ilin oktyabrında Praqada Şarl Mişel və Fransa prezidenti Emmanuel Makronun iştirakı ilə baş tutmuşdu. İlham Əliyev və Paşinyan ötən il Mişelin vasitəçiliyi ilə dekabrın 14-də, martın 30-da, mayın 22-də, avqustun 31-də də Brüsseldə görüş keçiriblər. İyunun 1-də Kişineuda Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan baş naziri Nikol Paşinyan, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Almaniya Kansleri Olaf Şolts və Fransa prezidenti Emmanuel Makron arasında qeyri-rəsmi görüş keçirilib. Bu pozitiv amil iyulun 21-də Brüsseldə keçiriləcək növbəti görüşə yaxşı hazırlıq kimi dəyərləndirilir. Azərbaycan tərəfinin bu istiqamətdə yanaşması hər zaman davamlı və ardıcıldır. Ölkəmiz danışıqlar prosesinin və normallaşmanın tərəfdarıdır.

Mustafa KAMAL,

"Respublika".