Böyük dövlətlər Azərbaycana inanır və etibarlı tərəfdaş kimi güvənirlər
Digər xəbərlər

Böyük dövlətlər Azərbaycana inanır və etibarlı tərəfdaş kimi güvənirlər

Ölkəmiz davamlı olaraq bir çox beynəlxalq layihələrdə fəal iştirak edir və bütün sahələr üzrə öz müsbət töhfəsini verir. Bu səbəbdən də istər Davosda, istərsə də digər beynəlxalq tədbir və toplantılarda dünyanın Azərbaycana və onun başçısına marağı böyükdür. Təsadüfi deyil ki, Davos Forumunda beynəlxalq təşkilat və şirkətlərlə, dövlət başçıları ilə ən çox görüşlər keçirən, müzakirələr aparanlardan biri də Azərbaycan Prezidenti olmuşdur. Bu gün dünyanın ən inkişaf etmiş dövlətləri Azərbaycanla əməkdaşlıq etməyə maraqlıdırlar.

Yanvar ayının 18-də Azərbaycan Prezidenti İlham Əliyev Davosda Latviya Respublikasının Prezidenti Egils Levits ilə görüşüb. Söhbət zamanı Azərbaycan Avropa İttifaqı əlaqələrinə toxunulub. Latviyanın Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrini daim dəstəklədiyi qeyd olunub. Eyni zamanda, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində və qaza tələbatının ödənilməsində oynadığı rol yüksək qiymətləndirilib. Respublikamızın Avropa İttifaqı ölkələrinə potensial elektrik enerjisi ixrac edən ölkə kimi imkanlarının artacağı bildirilib. Həmçinin, Azərbaycanın Orta Dəhlizdə yerləşən ölkə olaraq Mərkəzi Asiya ilə Avropa İttifaqı arasında mühüm nəqliyyat daşımalarının həyata keçirilməsində önəmli rolu vurğulanıb. Görüşün sonunda Prezident Egils Levits Azərbaycanın Latviyanın çox önəmli tərəfdaşı olduğunu bildirib.

Yanvar ayının 19-da isə Prezident İlham Əliyev Davosda Niderland Krallığının Baş naziri Mark Rutte ilə görüşüb. Görüş zamanı Azərbaycan ilə Niderland arasında iqtisadi sahədə əməkdaşlığın inkişaf etdiyi xüsusi qeyd olunub. Onu da qeyd etmək lazımdır ki, Niderland şirkətləri Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsində yaxından iştirak edir. Mark Rutte Azərbaycanın Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin olunmasına verdiyi töhfəyə və Avropa ölkələrinin qazla təchizatında oynadığı rola görə təşəkkürünü bildirib. Həmçinin, Şərq-Qərb nəqliyyat dəhlizinin və Orta Dəhlizin artan əhəmiyyəti barəsində də geniş fikir mübadiləsi aparılıb. Bütün bunlarla yanaşı, ölkə başçısı İlham Əliyev Ermənistan-Azərbaycan münasibətlərinə toxunaraq iki ölkə arasında sülh müqaviləsi üzrə danışıqlar prosesi haqqında məlumat verib, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəstəyi ilə aparılan danışıqlar prosesinin vacibliyini vurğulayıb. Hər zaman ölkəmizin bu proses çərçivəsində danışıqların davam etdirilməsinə hazır olduğu qeyd olunub. Xankəndi-Laçın yolunda azərbaycanlı ekofəalların etiraz aksiyalarına da toxunan Prezident İlham Əliyev Ermənistanın guya yolun blokadada olması barədə yalan məlumatlar yaydığını və beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışdığını qeyd edib. Dövlətimizin başçısı Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərimizdə ölkəmizin təbii sərvətlərinin qanunsuz istismarının Azərbaycan ictimaiyyətinin və vətəndaş cəmiyyəti təşkilatlarının haqlı narazılığına səbəb olduğunu və ekofəalların aksiyasının dinc, humanitar məqsədli olduğunu bildirmişdir.

Elə həmin gün Prezident İlham Əliyev Xorvatiya Respublikasının Baş naziri Andrey Plenkoviçi qəbul edib. Tərəflərin geniş və əhatəli müzakirəsi zamanı minaların təmizlənməsi sahəsində əməkdaşlıq məsələlərindən də söhbət açılıb. Azərbaycan kimi Xorvatiyanın da minalardan əziyyət çəkən ölkə olaraq minatəmizləmə sahəsində böyük təcrübəyə malik olduğu bildirilib.

Prezident İlham Əliyev otuz illik işğal dövründə Ermənistanın Azərbaycan ərazilərində çoxlu sayda mina basdırdığını və 2020-ci il noyabrın 10-dan hərbi əməliyyatların başa çatmasından bu günə kimi 300-ə yaxın Azərbaycan vətəndaşının mina partlaması nəticəsində həlak olduğu və yaxud da yaralandığını qeyd edib. Söhbət əsnasında enerji sahəsində əməkdaşlıq məsələləri də müzakirə olunub. Azərbaycanın Avropa İttifaqı ilə enerji sahəsindəki strateji tərəfdaşlığı və ölkəmizin Avropanın enerji bazarına əlavə qaz həcmləri çıxarması istiqamətində fəaliyyətini davam etdirdiyi də xüsusi olaraq vurğulanıb. Prezident İlham Əliyev Xorvatiyanın Baş nazirini Azərbaycana səfərə dəvət edib.

Ermənistan və ona havadarlıq edən bəzi ölkələr Azərbaycana qarşı beynəlxalq arenada hansısa sanksiyaların tətbiq edilməsi, ölkəmizin beynəlxalq aləmdən təcrid olunması üçün xüsusi canfəşanlıq edirlər. Lakin hazırkı vəziyyətdə dünya Azərbaycanın hansı amalda, məqsəddə və mövqedə olduğunu çox gözəl bilir. Davos İqtisadi Forumunda biz bunun bir daha şahidi olduq. Dünyanın ölkəmizə marağı böyükdür. Və bir dövlət kimi Azərbaycana inanır və etibarlı tərəfdaş kimi güvənirlər. Azərbaycanla müxtəlif sferalarda əməkdaşlıq etmək istəyən tərəflərin sayının günü-gündən artdığını da görürük. Ölkəmizdə sabitliyin və normal biznes mühitinin mövcudluğu investisiya cəlbediciliyinin qorunmasında öz sözünü deyir. Bu da Azərbaycanın artan siyasi çəkisinin göstəricisidir.

Ramidə YAQUBQIZI,

"Respublika".