Buraxılış imtahanı verəcək şagirdlərin sayı açıqlandı
Elm və təhsil

Buraxılış imtahanı verəcək şagirdlərin sayı açıqlandı

Aprelin 21-də Bakı şəhərinin Xəzər, (II zona), Nizami və Pirallahı rayonlarında, Naxçıvan Muxtar Respublikası, Sumqayıt (II zona), Naftalan, Abşeron (II zona), Göygöl, Goranboy, Şəmkir (II zona), Gədəbəy, Qax, Balakən, Zaqatala, Cəlilabad (II zona), Masallı (II zona), Lerik, Bərdə, Tərtər, Yevlax, Göyçay, Ağdaş, Qobustan, Saatlı, Salyan, Xaçmaz (II zona) və Quba (II zona) rayonlarında, həmçinin tədrisi ingilis, fransız və gürcü dillərində aparılan ümumi təhsil müəssisələrinin, Bakı şəhərinin xüsusi təhsil müəssisələrinin (internat məktəbləri, Çilov adasında yerləşən məktəb, cəzaçəkmə müəssisələrində yerləşən məktəblər) məzunları üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçiriləcək.

Çilov adasında yerləşən məktəbə imtahan rəhbəri və materialların daşınması “Azneft” İstehsalat Birliyinin helikopteri vasitəsilə həyata keçiriləcək.

Bu barədə "Respublika"-ya DİM-dən məlumat verilib. İmtahan saat 11:00-da başlanacaq. İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. 

İmtahanda 46169 şagirdin iştirakı nəzərdə tutulur. İmtahanda 17 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagirdlər də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib.