Bütün millətlərin arzuladığı rəhbər
Siyasət

Bütün millətlərin arzuladığı rəhbər

BAM xatirələri

İqtisadiyyatın və ticarətin əsaslı inkişafı birbaşa nəqliyyat infrastrukturu ilə bağlıdır. Tarix boyu hər bir dövlət məhz bu kimi yollara nəzarət üçün çalışmış, iri layihələrlə daha çox dividend əldə etmişlər. Uzun illər dünyada super gückimi tanınan keçmiş Sovet İttifaqı da Avropa qitəsindən başlayan və uzaq Şərqdə bitən ərazilərə sahib olduğundan nəzarət mexanizmi, təhlükəsizliyin təmini, əyalətlərlə mərkəzi birləşdirmək, regionların əlaqəsini yaratmaq və iqtisadi səmərə götürmək üçün Baykal-Amur Magistralı (BAM) dəmir yolunun tikintisini vacib hesab etmişdir.

Hər bir ölkənin dəmir yolu xətləri onun dinamik inkişafını təmin edir. İstənilən ölkədə dəmir yolu xətlərinin uğurla istismarı, bölgə və regionlarla əlaqələrin qurulmasında əhəmiyyətli yüklərin daşınmasında əhalinin uzaq nəqliyyat problemlərinin həllində müstəsna rol oynayır. Baykal-Amur Magistralı buna uğurlu nümunədir. Sözügedən magistral xətt bu günədək dünyada həyata keçirilən ən böyük nəqliyyat layihələrindən biridir. Rusiyanın Şərqi Sibirdə və Uzaq Şərqdə Sakit okeana çıxan dəmir yol magistralı sayılan bu xəttin ümumi uzunluğu 4300 kilometrdir. Qeyd edək ki, yolun tikintisinə 1940-cı ildən başlanılıb, 1989-cu ildə istifadəyə verilib. Öz dövrünün ən nəhəng logistika layihəsi kimi ərsəyə gələn Baykal-Amur Magistralı insan əməyinin bariz nəticəsi kimi tanınır.

Coğrafi baxımdan Azərbaycandan xeyli uzaqda yerləşən bu dəmir yolu marşrutunun gerçəyə çevrilməsində soydaşlarımızın əməyi danılmaz olub. Baykal-Amur Magistralının tikintisi başlayan zaman ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik edirdi. 1974-cü ildə o zaman Sovet İttifaqının tərkibinə daxil olan ölkəmizdən minlərlə gənc BAM-ın tikintisinə məhz ulu öndərin göstərişi ilə cəlb olunub. Qeyd edək ki, bir sıra texnoloji çətinliklər dəmir yolunun inşasının uzun illər davam etməsinə səbəb oldu. Bütün çətinliklərə rəğmən 1984-cü ildə SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini Heydər Əliyev sovet dövlətinin magistral boyu 10 günlük səfərə yollanan ilk yüksəkvəzifəli şəxsi kimi tarixə düşdü. Məhz bu səfərdən sonra BAM-ın tikintisində ciddi dönüş yarandı. Moskvaya qayıdan Heydər Əliyev Siyasi Büro üçün geniş məruzə hazırladı. Məruzədə tikintinin sürətləndirilməsi üçün yeni ideya irəli sürərək onun həyata keçməsinə nail oldu. Səfər çərçivəsində siyasi büro üzvü kimi ulu öndər Heydər Əliyev su ilə dolmuş, bəzən torpaq laylarının qopduğu yeddi kilometrlik tunellə dizə qədər suyun içərisində irəliləyərək saatlarla helikopterlərdə uçuşlar nəticəsində inşaatçılarla görüşlər keçirir, hətta dəmir yolu xəttinə çiy də vurur. 1984-cü ildə Baykal Amur Magistralı istifadəyə verilsə də, inşaat işləri davam edir, yeni marşrut xətləri çəkilirdi. Təsadüfi deyil ki, 2008-ci il iyulun 18-də BAM-da, Şərqi Sibir dəmir yolunun Anqoya stansiyasındakı vağzala, ümummilli lider Heydər Əliyevin adının verilməsi münasibətilə təntənəli mərasim keçirilib. Burada ulu öndərin xatirə lövhəsi açılıb.

Heydər Əliyev 1999-cu ilin iyulunda BAM-ın 25 illiyinin qeyd olunması üçün yaradılmış Təşkilat Komitəsinə yazdığı məktubda bildirmişdi: "Mənim xatirimdə BAM mənən güclü, böyük işlərə qadir insanları birləşdirən bir tikinti kimi qalmışdır. Biz fəxr edirik ki, bu magistralın tikintisində Azərbaycanın bir çox nümayəndələri iştirak etmiş, onlar digər obyektlər sırasında Ulkan şəhərini də salmışlar. BAM tayqa, yolsuzluq və daimi donuşluq şəraitində işləmiş insanların, dostluq və qardaşlıq amallarına sadiq insanların mərdlik və dəyanətinin nümunəsi kimi tarixdə həmişəlik qalacaqdır".

Sözügedən dövrdə məhz BAM-ın tikintisindəki xüsusi xidmətlərinə görə fərqlənən soydaşlarımızdan biri də Əmrah Söyləməzli idi. O, həmin dövrdə BAM-da çalışanların ulu öndərə olan ehtiramını belə xatırlayır:

- Mən özüm Sumqayıtda oluram. Sumqayıt Su Kanal İdarəsinə müraciətlərin qəbulu şöbəsinin rəisiyəm. 1967-ci ildə Qərbi Azərbaycanın Amasiya rayonunun Oxçoğlu kəndində anadan olmuşam. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Fizika-riyaziyyat fakültəsini qurtarmışam. 1985-ci ildə institutda oxuyanda o vaxt keçmiş SSRİ-nin müdafiə naziri tərəfindən bir qərar qəbul olundu ki, ali təhsillər də hərbi xidmətə yollanmalıdı. Bu baxımdan, mən də zabit kursu oxumaq üçün müraciət etdim. İlk olaraq məni Tbilisiyə göndərmək istədilər. Tbilisidən imtina etdim və buna görə də məni daha uzaq yerə, Baykal-Amur Magistralına göndərdilər. 2 il müddətinə orada işlədim. O vaxt BAM-a yeni getməyimə baxmayaraq, xüsusi xidmətlərimə görə məni texnikaya nəzarət üzrə rəhbər zabit təyin etmişdilər. Hətta o vaxt bu xidmətlərimə görə mənə 10 günlük məzuniyyət vermişdilər ki, həmin dövrdə məzuniyyət yalnız xidmətdə xüsusi fərqlənənlərə verilirdi. Əlavə olaraq, keçmiş SSRİ-nin sonuncu müdafiə naziri olan Dmitri Yazovun imzası ilə xüsusi xidmətlərimə görə medala layiq görülmüşəm ki, o vaxt bu medal məndən başqa yeganə olaraq bir ukraynalı zabitə verilmişdi.

Həmsöhbətimiz Əmrah bəy elə ilk günlərdən Ulu Öndər Heydər Əliyevin BAM-da xüsusi hörmət və ehtiramla qarşılandığını deyir. O vaxt təəssüf ki, azərbaycanlılara yaxşı münasibət bəsləmirdilər. Hətta bizi tanımırdılar. Gah deyirdilər ermənisən, gah deyirdilər gürcüsən, gah da deyirdilər tatar. Bütün bu sualların yeganə cavabı isə Ulu Öndər Heydər Əliyev idi. Biz onun adını çəkən zaman istər-istəməz hamı susurdu. Çünki həmin dövrdə Ümummilli liderin öz xalqı üçün fədakarlıqları bütün keçmiş Sovet Respublikasında yaşayan digər xalqların dilində əzbər idi. Yanımızda işləyən ruslar, ukraynalılar, gürcülər həmişə deyirdi ki, kaş Heydər Əliyev bizim millətin oğlu olardı. Ulu öndər tərəfindən Baykal-Amur Magistralının tikilməsi üçün layihələrin hazırlanmasında xidmətləri o vaxt orada hərkəsi heyran etmişdi. Keçmiş SSRİ hakimiyyəti də Heydər Əliyevin xidmətlərini böyük dəyərləndirirdi. Çünki o vaxt Çinin SSRİ-yə hücumu gözlənilirdi. Belə şəraitdə BAM-ın tikintisi böyük məsuliyyət tələb edirdi ki, Heydər Əliyev bu ağır vəzifəni böyük şərəflə öz üzərinə götürmüşdü. Bu baxımdan hər kəs ona hörmət və ehtiram göstərir, bir növ paxıllıq da çəkirdilər ki, kaş belə bir dahi şəxs bizim millətdən çıxardı. Buna görə də biz azərbaycanlılara, ulu öndərin xidmətləri sayəsində böyük rütbələr verilirdi. Bu isə təbii ki, erməniləri çox ciddi narahat edirdi.

Əmrah bəy deyir ki, vaxtilə bir tikəsindən belə keçməyən ruslar Heydər Əliyevin yerlisi olduğumuzu bilən kimi bizə pulsuz çörək verirdilər. Heydər Əliyevin millətindən olduğumuzu biləndə bütün ermənilər susurdu. Keçmiş sovet respublikaları ilə yanaşı dünyanın əksər hissələrindən də Ulu Öndərə böyük ehtiram vardı. O vaxt Şimali Koreyadan tikinti üzrə vəzifəli şəxslərə BAM-a səfər edən zaman onlar heyrətə gəlmişdilər. Baykal-Amur Magistralının layihəsinin hazırlanması birbaşa Heydər Əliyevin adı ilə bağlı idi. Koreyalılar bu baxımdan Heydər Əliyevi çox sevir, böyük hörmət və ehtiramla qarşılayırdılar. Ümumiyyətlə, o dövrdə azərbaycanlılara olunan bütün haqsızlıqlara, azərbaycanlıları "tatar" olaraq tanıyanlara əsl cavab Heydər Əliyev idi. Dahi şəxsiyyət, ulu öndər BAM-dakı fəaliyyətinə görə daim bizim üstümüzdə qoruyucu olub.

Tacir SADIQOV,

Nurlan ABDALOV,

"Respublika".