Cəbrayıl melioratorlarının uğurları
Region

Cəbrayıl melioratorlarının uğurları

Azərbaycan Respublikası Prezidentinin "Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında" 27 iyul 2020-ci il tarixli Sərəncamı ilə "Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı" təsdiq edilmişdir. Tədbirlər Planının yerinə yetirilməsi üçün Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən qarşıya qoyulmuş vəzifələrin icrası və meliorasiya və su təsərrüfatı sahəsi üzrə artan tələbatın təmin olunması bir sıra tədbirlərin həyata keçirilməsini tələb edir.

Bu baxımdan, suvarma suyundan səmərəli və qənaətlə istifadə etməklə kənd təsərrüfatı istehsalçılarının su tələbatının ödənilməsi, bu sahədə çalışan strukturların fermerlərlə işbirliyinin təkmilləşdirilməsi, sudan istifadədə uçot sisteminin düzgün qurulması, süni maneələrin aradan qaldırılması və bu sahədə fəaliyyətinin idarə olunmasında səmərəliliyin daha da artırılması məqsədilə "Azmelsutəsərrüfat" ASC tərəfindən əhəmiyyətli islahatlar həyata keçirilmişdir. Son vaxtlar bir bölgədə eyni fəaliyyət proqramı icra edən idarələrin birləşdirilməsi mütərəqqi islahatlar kimi öz bəhrəsini verməkdədir. Bununla da idarəetmə daha da təkmilləşir, suvarmada qarşıya çıxan problemlər əlçatan olur, artıq xərclərin aradan qaldırılması ilə büdcədə qənaət yaranır.

Cəbrayıl Suvarma Sistemləri İdarəsinin (SSİ) kollektivi 2022-ci ili uğurlu göstəricilərlə yola saldı. İdarə ümumilikdə, 4809 hektar sahəyə xidmət edir. Yem bitkiləri, taxıl, pambıq, tut bağı, çuğundur, həyətyanı və örüş sahələrindən ibarət olan bu ərazilərin su təminatı 5 ədəd nasos stansiya vasitəsilə həyata keçirilir. 4 ədəd nasos stansiya Biləsuvar rayonu ərazisində məcburi köçkünlər üçün salınmış 11 ədəd qəsəbədə tikilərək 4112 hektar sahəni, 1 ədəd nasos stansiya isə rayonun Cocuq Mərcanlı kəndində tikilmiş və kəndin 417 hektar, Füzuli rayonunun Mirzənağılı və Qazaxlar kəndində isə 280 hektar sahəni su ilə təmin edir.

Ümumilikdə, 99,40 kilometr suvarma kanalları vardır ki, onun 16,4 kilometri qapalı şəbəkə, 83,0 kilometri açıq suvarma kanallarıdır. Açıq kanalların 33,2 kilometri beton, 49,8 kilometri torpaq tiplidir. Ümumilikdə, nasos stansiyalarda 11 aqreqat vardır ki, bunların da ümumi gücü 2700 kilovatdır.

Bu il 1200 hektar taxıl, 37 hektar pambıq, 10 hektar şəkər çuğunduru, 2586 hektar yem bitkiləri, 28 hektar tut bağları, 3 hektar nar bağları, 665 hektar həyətyanı sahələrin, suvarma suyu ilə təmin olunmasını həyata keçirmişik.

Ötən ildəki payızlıq əkinlərin bu il vegetasiya suvarmasının mütəşəkkil aparılması üçün nasos stansiya aqreqatlarının işçi hissələri yenisi ilə əvəz olundu. Hidrotexniki qurğular, maşın və mexanizmlər cari təmir edildi. Kanal və kollektorlar lildən təmizlənir. Hazırlıq işləri tam yekunlaşmışdır. Bütün nasoslar, maşın mexanizmlər, hidrotexniki qurğular saz vəziyyətdədir.

Cəbrayıl SSİ olaraq biz, sudan qənaətlə istifadə edilməsi, fermerlərə məxsus təsərrüfatdaxili arxların vaxtında təmizlənməsi, növbəlilik prinsipinə əməl olunması ilə əlaqədar fermerlərlə mütəmadi söhbətlər aparırıq. Təbii ki, bu da öz müsbət nəticəsini verir.

Üzərimizə düşən işlərin məsuliyyətini dərk edərək çalışacağıq ki, istər payızlıq əkinlərin, istərsə də növbəti ildə suvarılacaq bitkilərin suvarma suyu ilə təminatında işlərimiz səmərəli və daha məhsuldar olsun.

Rafiq XUDAVERDİYEV,

Cəbrayıl Suvarma Sistemləri

İdarəsinin rəisi.