Cenevrədə keçirilən
Siyasət

Cenevrədə keçirilən "Neokolonializm: İnsan hüquqları, sülh və təhlükəsizlik" mövzusunda konfransın iştirakçıları Yekun Bəyannamə qəbul ediblər

Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə BMT-nin Cenevrə ofisində keçirilən "Neokolonializm: İnsan hüquqları, sülh və təhlükəsizlik" mövzusunda beynəlxalq konfransın Yekun Bəyannaməsi qəbul olunub.

AZƏRTAC bəyannaməni təqdim edir:

"1960-cı il dekabrın 14-də yenicə suverenlik əldə etmiş ölkələrin təşəbbüsü ilə BMT Baş Assambleyası "Müstəmləkə ölkələrinə və xalqlarına müstəqilliyin verilməsi haqqında Bəyannamə" adlı 1514 (XV) saylı qətnamə qəbul edib.

Bu qətnamədən əvvəl 1952-ci il dekabrın 16-da "Xalqların öz müqəddəratını təyinetmə hüququ haqqında" 637 (VII) saylı qətnamə qəbul edilib.

1960-cı il 14 dekabr tarixli qətnamədən 63 il sonra Fransa imperiyasının mənimsədiyi son müstəmləkə ölkələrinin (Polineziya, Yeni Kaledoniya, Martinika, Fransız Qvianası, Qvadelupa, Korsika, Mayot) əhalisi, keçmiş müstəmləkələrdən Seneqal və Əlcəzairin nümayəndələri və təxminən on beş başqa ölkədən iştirakçılar aidiyyəti ölkələrdə müstəmləkə sisteminin hələ də davam etdiyini bir daha təsdiqləmək, eləcə də azadlıq və demokratiya dəyərlərini uca səslə iddia edən və əsas hüquqları pozan Fransa dövlətinin siyasətini pisləmək üçün bir araya gəliblər.

Avropanı birbaşa müstəmləkəçiliyə son qoymağa məcbur etmiş Afrika və Asiyadan milyonlarla insanın mübarizələri, eləcə də fundamental insan hüquqlarını kobud və davamlı şəkildə pozmaqla keçmiş müstəmləkə imperiyaları və onların tərəfdaşları olan az saylı güclü dövlətlər planetin böyük bir hissəsi üzərində iqtisadi, maliyyə, siyasi, hərbi və mədəni hökmranlığını qoruyub saxlayan dünya nizamı sistemi qurmuşdur.

Bu güclərin eqoist maraqlarına, qəddar gücə və ikili standartlar siyasətinə əsaslanan beynəlxalq hüquq, əslində, müstəmləkə və yeni müstəmləkə hökmranlığı altında olan insanlara təsir göstərən struktur bərabərsizlikləri və ağlasığmaz ədalətsizliklər nümunələrindən biridir.

I. Bakı Təşəbbüs Qrupunun təşəbbüsü ilə 2023-cü il dekabrın 14-də Cenevrədə təşkil olunmuş və Fransanın son müstəmləkələri olan Fransız Qvianası, Martinika, Qvadelupa, Polineziya, Yeni Kaledoniya, Korsika, eləcə də Seneqal, Əlcəzair kimi keçmiş koloniyaların nümayəndələri və təxminən on beş başqa ölkədən olan iştirakçılar dənizaşırı departamentlər, regionlar və kollektivlərin süni hüquqi pərdə arxasında real hökmranlığı davam etdirən fransız müstəmləkə sisteminin ziyanlı əməllərini pisləyirlər və bu dominasiyanın davam etməsini aşağıdakı formada xarakterizə edirlər:

  • Fransa inhisarlarının xeyrinə əhalinin həddindən artıq ərzaq asılılığını (ərzaq məhsullarının 80 faizdən çoxu Fransadan gəlir), həyatın yüksək qiymətini təşkil edən düşünülmüş zəif iqtisadi inkişaf strategiyasının aidiyyəti ölkələrdə həyata keçirilməsi; yoxsulluq (Fransız Qvianası əhalisinin 50 faizi yoxsulluq həddində yaşayır) və kütləvi işsizlik, beləliklə, bu ərazilərin gələcəyini ciddi şəkildə təhlükə altına alan hər cür sui-istifadələrin (zorakılıq, silah və narkotik ticarəti) həyata keçirilməsi;
  • Fransız Qvianası yerli xalqlarının əsas hüquqlarının pozulması;
  • Fransız mədəniyyəti hegemonluğu institutları və getdikcə yoxa çıxmaq təhlükəsi altında olan yerli dilləri arxa plana keçirən və xalqlarımızın tarixinə, coğrafiyalarımıza uyğun gəlməyən fransız məktəb proqramlarını uşaqlarımıza tətbiq edən assimilyasiya siyasəti nə xalqlarımızın tarixinə, nə coğrafiyamıza, nə mədəniyyətlərimizə, nə də gələcəyimiz üçün ambisiyalarımıza uyğun gəlir;
  • Torpaqların zəbt edilməsi (Fransız Qvianası torpaqlarının 90 faizi Fransa dövlətinə aiddir), milyonlarla kvadratkilometr Eksklüziv İqtisadi Zonalarımıza (ZEE) nəzarət (bu, Fransanı 11 milyon kvadratkilometr ZEE ilə dünyada ikinci dəniz gücü edir) və onilliklər ərzində gənclərimizin Fransaya deportasiyası siyasəti vasitəsilə Qvadelupa və Martinikdə görünməmiş bir demoqrafik böhrana, təbii ehtiyatların talanmasına böyük töhfə verən məskunlaşma müstəmləkəsi;
  • Fransız hüquqi dövləti adı altında bütün müqavimət hərəkatlarını cinayətləşdirən və rüşvətxorları qoruyan iki səviyyəli müstəmləkə ədliyyə sisteminin yaradılması (Martinika və Qvadelupada xlordekon zəhərlənməsi və torpaq istilasına qarşı mübarizə aparan gənclərin həbsi, korsikalılar üçün onların siyasi dustaq statusunu tanımadan onları mühakimə edən və onların dustaqlıq şəraitinə qeyri-bərabər münasibət göstərən müstəsna yurisdiksiyaların yaradılması);
  • Qvadelupa, Mayotda içməli suya çıxışın çətinlikləri və Qvadelupa və Martinika əhalisinin 92 faizinin xlordekon zəhərlənməsi ilə bağlı böyük səhiyyə qalmaqalı, Muruoa və Fanqataufada nüvə sınaqları cinayəti, Qayanada çay suyunun civə ilə kütləvi çirklənməsi kimi çoxsaylı yaşamaq hüququ pozuntuları;
  • Xalqlarımızla zərrə qədər də məsləhətləşmədən ölkələrimizdən böyük Qərb dövlətlərinin Hind-Sakit okean zonasından (Polineziya, Yeni Kaledoniya), eləcə də Karaib-Amerika zonasından (Fransız Qvianası, Martinika, Qvadelupa) və Korsikadan (Solenzara bazası) müharibə hazırlıqlarında geostrateji hərbi bazalar kimi istifadə edilməsi;
  • II. 1960-cı il dekabrın 14-də "Müstəmləkə ölkələrinə və xalqlarına müstəqillik verilməsi haqqında Bəyannamə"nin anım mərasimi çərçivəsində son fransız müstəmləkələrinin nümayəndələri tarix, eləcə də xalqları qarşısında məsuliyyətlərini dərk edərək,
  • Birləşmiş Millətlər Təşkilatına, beynəlxalq qurumlara və bütün qitə xalqlarına əsas insan hüquqlarının açıq şəkildə pozulması və xalqların inkişafı, əhalinin rifahı və xalqlar arasında sülhə mane olan, mahiyyət etibarilə fundamental insan hüquqlarının kobud şəkildə pozulmasını təşkil edən müstəmləkəçiliyə və neokolonializmə qəti şəkildə son qoyulmasına daha fəal töhfə vermək üçün rəsmi müraciət irəli sürüblər;
  • Müstəmləkəçilik siyasəti ilə müstəmləkə ölkələrində yerli xalqlara qarşı törətdiyi cinayətlərə və Karib dənizi və Amerikada köləyə çevrilmiş milyonlarla afrikalının deportasiyasına səbəb olan transatlantik köləliyə görə ədalətli təzminat tələb edirlər;
  • tFLNKS-ın Beynəlxalq Ədalət Məhkəməsinə müraciəti və milli müstəqillik kimi ayrılmaz hüquqlarını həyata keçirmək üçün Kanak xalqının Fransa dövlətinə qarşı səfərbər edilməsini dəstəkləyirlər; onlar Martinika, Qvadelupa, Korsika və Fransız Qvianası xalqlarının öz ölkələrinin müstəmləkəsizləşdiriləcək ölkələr siyahısına daxil edilməsini və ya yenidən siyahıya alınmasını dəstəkləyirlər;
  • Nüvə sınağı cinayəti ilə üzləşmiş Polineziya xalqı, eləcə də Fransada bir neçə onilliklərdir qadağan edilməsinə və yüksək kanserogen olmasına baxmayaraq, Fransa dövlətinin istifadəsinə icazə verməklə tam məsuliyyət daşıdığı xlordekon zəhərlənməsi cinayəti ilə bağlı ədalətin bərpası və Martinika, Qvadelupa xalqlarına təzminat ödənilməsi tələbi ilə həmrəy olduqlarını bildirirlər.
  • Müharibə riskləri kontekstində, sülh naminə qlobal demilitarizasiyaya və Sakit Okean və Karib dənizi koloniyalarında Fransa bazalarının ləğvinə çağırırlar;
  • Planetimizin tərəqqisi və insanın emansipasiyası üçün vacib şərtlərdən biri olan qadınların fundamental iqtisadi, sosial və siyasi hüquqlarına hörmət olunmasını təkid edirlər;

III. Müharibələr, artan beynəlxalq gərginlik, silahlanma yarışının yenidən başlanması, qlobal istiləşmə, davam edən geostrateji təlatümlər nəticəsində baş verə biləcək indiki və gələcək fəlakətlərlə dolu qlobal kontekstdə Bakı Təşəbbüs Qrupu və müstəmləkə və neokolonial hökmranlıq altında olan xalqların nümayəndələri

- Mali, Burkina Faso və Niger xalqlarının öz sərvətlərinin talanmasından, fransız imperialist hökmranlığından xilas olmaq üçün apardıqları mübarizəni alqışlayırlar;

- Ədalətə, hər cür hökmranlıqdan imtinaya, qarşılıqlı hörmətə və insan həmrəyliyinə əsaslanan xalqlar arasında həqiqi qlobal əməkdaşlığa çağırırlar.

IV. Cenevrədə keçirilən bu toplantının bütün iştirakçıları gələn il COP29-a ev sahibliyi etmək missiyası həvalə edilmiş Azərbaycan Respublikasını ürəkdən təbrik edirlər. Onlar əmindirlər ki, Azərbaycan bu qlobalmiqyaslı və planetimizin gələcəyi üçün vacib olan hadisə çərçivəsində həm qlobal istiləşmə, həm də müstəmləkəsizləşdirmə çağırışlarını nəzərə alacaq.