Cənubi Qafqazda sülhün qarantı - Azərbaycan Ordusu
Siyasət

Cənubi Qafqazda sülhün qarantı - Azərbaycan Ordusu

Prezident seçilən zaman öz xalqına verdiyi vədləri yerinə yetirən ölkə başçısı İlham Əliyev sözlərini reallığa çevirməklə 2024-cü il 7 fevralda zəfər seçkilərində qazanılacaq qələbə üçün hələ 2003-cü ildən zəmin yaradıb.

Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyev hakimiyyətə gələrkən ölkəmizin gələcək hədəfləri haqqında məlumat verib. Dövlət başçısının prioritetlərindən biri də məhz ordu quruculuğudur. Azərbaycan on illər boyu Qarabağ məsələsinin sülh yolu ilə həllinə çalışıb. Ancaq təəssüf ki, erməni separatçıları məkrli mövqelərindən əl çəkməyiblər. Ölkəmiz sülhü dəstəkləsə də, ermənilərin separatizm meyilləri səbəbindən regionda məcburi savaşa başlayıb. 44 günlük Vətən müharibəsində tarixi Qələbə əldə edən qəhrəman Azərbaycan Ordusu separatçılara lazımi dərs verib.

Ordu quruculuğuna üstünlük verilməsi ölkəmizin milli maraqlarına uyğundur. Azərbaycanda ordu quruculuğunun prioritet məsələ kimi elan edilməsi bizim milli və regional maraqlarımızın qorunması, münaqişə üzərində sülhün önə çəkilməsi öhdəliyimizdən irəli gəlir. Ölkəmiz son illərdə güclü hərbi qüvvələrin yaradılması və gücləndirilməsində mühüm nailiyyətlər əldə edib. Ordu quruculuğuna maliyyə vəsaitlərinin ayrılması Azərbaycanın milli müdafiə və təhlükəsizliyə sadiqliyinin bariz nümunəsidir. Ölkəmiz bu yolda bir çox çətinliklərlə qarşılaşsa da problemləri effektiv şəkildə həll edib, lazımi qüvvələrə öz cavabını verib. Cənubi Qafqaz regionunda ən böyük və ən güclü orduya malik olması Azərbaycanın öz milli maraqlarını qorumaq və xalqının təhlükəsizliyini təmin etmək əzminin əyani göstəricisidir. Güclü ordu bir millətin suverenliyini qoruması və potensial təhdidlərin qarşısını alması üçün əsas amildir.

Dövlətin təməl prinsiplərindən biri Ordudur. Qəhrəman Azərbaycan Ordusu təhlükəsizliyimizin əsas təminatçısıdır. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ordu quruculuğunda da uğurla reallaşdırılan siyasəti nəticəsində Azərbaycan Ordusu tək bölgədə deyil, dünyanın inkişaf etmiş orduları arasındadır. Ölkə başçısı İlham Əliyev fevralın 14-də Milli Məclisdə keçirilən andiçmə mərasimindəki nitqində bildirib ki, indi yeni dövr başlayıb və biz xalq olaraq bu mərhələyə alnıaçıq, başıuca daxil oluruq. Əsas hədəfimiz isə güclü Azərbaycandır. Ordu quruculuğu prosesi davam etdiriləcək. Dövlət büdcəmizdə ən böyük xərclərin hərbi xərclər, eyni zamanda Qarabağ və Şərqi Zəngəzurun bərpası ilə bağlı xərclərin olduğunu xatırladan Prezident ölkəmizin çox güclü hərbi sənaye kompleksi yaratdığını, artıq bunun birinci mərhələsinin başa çatdığını, ikinci mərhələnin isə daha genişmiqyaslı olacağını vurğulayıb.

Bəzi böyük, xüsusən də Fransa, ABŞ kimi ölkələr Azərbaycana qarşı qərəzli mövqeyi ilə yadda qalıb. Onlar Azərbaycanın əldə etdiyi nailiyyətləri qəbul etmək istəməyib. Ermənistanın arxasında maskalanaraq məkrli niyyətlərini reallaşdırmaq istəyib. Bunun nəticəsidir ki, sülh müqaviləsi istiqamətində danışıqlar davam edərkən Ermənistan tərəfindən təxribatlar törədilib. Heç kim unutmamalıdır ki, Azərbaycan ən müasir silahlara malikdir, orduda daim müasirləşmə prosesi aparılır. Həmçinin hərbi sənaye sürətlə inkişaf edir, Müdafiə Sənayesi Nazirliyində müxtəlif hərbi təyinatlı silah-sursat istehsal edilir.

Azərbaycan Ordusunun inkişafında qardaş Türkiyənin payı da vurğulanmalıdır. Prezident Rəcəb Tayyib Ərdoğan Adanadakı Vağzal meydanında keçirilən mitinqdə çıxış edib. O, bildirib ki, Türkiyə müdafiə sənayesi sahəsində, sözün əsl mənasında, dastan yazır. "Bu gün Türkiyənin PUA-ları 34 müxtəlif ölkənin səmasını qoruyur. Biz bu sahədə dünyanın ilk üç ölkəsindən biriyik. Güclü müdafiə sənayemizlə dünyada söz sahibiyik. Bu yaxınlarda KAAN ilk uçuşunu uğurla həyata keçirdi". Türkiyənin qlobal güc olma yolunda sürətli addımlar atdığını ifadə edən Prezident ölkəsinin qardaş Azərbaycanla Qarabağda çiyin-çiyinə dayandığını deyib. "Türkiyə xarici siyasətdə Avropadan təriflər almaq üçün çalışmır, regional güc olmaqdan daha çox qlobal güc olmaq yolunda sürətli addımlar atır. Biz Liviyada və Qarabağdayıq. Türkiyə qardaşları ilə əl-ələ, çiyin-çiyinə dayanır".

Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycanın beynəlxalq aləmdə nüfuzu artıb, dövlətlə xalq arasında birlik güclənib. Siyasi sabitlik hər bir dövlətin inkişafı və beynəlxalq statusu üçün çox vacibdir. Bir ölkə öz siyasətində və idarəçiliyində ardıcıllıq nümayiş etdirirsə, eyni zamanda sərmayələri, iqtisadi artımı və digər dövlətlərlə müsbət diplomatik münasibətləri təşviq edən mühiti də gücləndirir. Ərazi bütövlüyünü bərpa edən ölkəmiz bölgədə yeni geosiyasi reallıq formalaşdırıb.

Nurcan SÜLEYMANOVA,

"Respublika".