Cənubi Qafqazın təhlükəsizlik adası
Siyasət

Cənubi Qafqazın təhlükəsizlik adası

Hazırda terrorçuluğa qarşı mübarizə ən aktual çağırışlardan birinə çevrilib. Artan narahatlıqlar onunla bağlıdır ki, terrorçuluğun coğrafiyası getdikcə genişlənir və fəaliyyəti daha da aqressivləşir.

Son vaxtlar ayrı-ayrı siyasi dairələrin, bəzi dövlətlərin terrorizmə dəstək verdiyinin şahidi oluruq. Ona görə də müxtəlif beynəlxalq qurumlar bu sahədə aktiv işlər görməyə başlayıb. BMT-nin, Dünya Bankının və digər akademik institutlar, beyin mərkəzləri, qeyri-hökumət təşkilatlarının istinad mənbəyi kimi çıxış edən "Global Terrorism Index" 2024-cü il üçün dövlətlərin terror təhlükəsinə görə növbəti reytinq sıralamasını açıqlayıb.

Ərazisində terror təhlükəsi ən yüksək olan ölkələr arasında ilk sıralarda Burkina Faso, İsrail, Mali, Pakistan, Suriya, Əfqanıstan yer tutur. Sözügedən siyahıda İran 26-cı, ABŞ 30-cu, Rusiya 35-ci, Fransa 38-ci, Ermənistan isə 76-cı yerdədir. Terrorçuluqla mübarizə, bu kimi halların araşdırılmasının effektivliyi və digər çoxsaylı göstəricilər üzrə aparılan mürəkkəb hesablamalara əsasən, Azərbaycan dünyanın ən yüksək antiterror reytinqində yer alıb. Ölkəmiz "0" indekslə Danimarka, Finlandiya, Qətərlə birgə sonuncu, yəni 89-cu yerdə qərarlaşıb. Bununla da ölkəmizin qlobal miqyasda terrorla bağlı ən təhlükəsiz yer olduğu təsdiqlənib. Əslində, bu reallıq daha öncə də etiraf edilmişdi. Belə ki, Avropa Şurasının Çirkli Pulların Yuyulmasına və Terrorizmin Maliyyələşdirilməsinə qarşı Tədbirlərin Qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsinin (MONEYVAL) ötən ay açıqlanan hesabatında bildirilmişdi ki, rəsmi Bakı terrorçuluğun maliyyələşdirilməsinə qarşı effektiv mübarizə aparır. Qeyd olunmuşdu ki, Azərbaycan müvafiq sahədə düzgün əlaqələndirmə və aparılan islahatlar nəticəsində bu ağır prosesdən uğurla keçərək beynəlxalq tələblərə əhəmiyyətli dərəcədə cavab verən ölkələr sırasındadır. Bu isə hökumətimizin apardığı islahatların, eləcə də ölkədə şəffaf maliyyə sisteminin qurulmasının, cinayətkarlıq səviyyəsinin minimuma endirilməsinin nəticəsidir.

Qeyd etmək lazımdır ki, 2023-cü ildə ölkəmizdə cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2023-2025-ci illər üzrə Milli Fəaliyyət Planı təsdiqlənib. Bu, məhkəmə və təhlükəsizlik orqanlarının, habelə özəl sektorun sözügedən sahədə qarşılıqlı fəaliyyətini asanlaşdırır. Məhz bunun nəticəsidir ki, ötən ay Hərbi Prokurorluqda qeydə alınmış cinayətlərin 100 faizinin üstü açılıb. Qurumun mətbuat xidmətinin rəhbəri Firad Əliyev deyib ki, görülmüş işlərin, o cümlədən Hərbi Prokurorluq orqanları ilə Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər hərbi qurumlar arasında yaranmış qarşılıqlı sağlam və işgüzar əlaqələrin, həmçinin birgə həyata keçirilmiş tədbirlərin nəticəsində ötən ilin yanvar ayı ilə müqayisədə 2024-cü ilin eyni dövründə qeydə alınmış cinayətlər ümumilikdə 33,8 faiz azalıb. Hazırlanan plan bu göstəricinin daha da aşağı düşməsinə, eləcə də ölkənin iqtisadi sistemindən qeyri-qanuni məqsədlər üçün istifadə imkanlarının məhdudlaşdırılmasına əlverişli şərait yaradacaq.

Ümumilikdə, ölkəmiz terrorizmlə mübarizədə hər zaman qəti mövqedə dayanıb. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra problemin həllinə diqqət artırılıb, dövlətimizin bu sahədəki səyləri beynəlxalq miqyas alıb. Azərbaycan İraq, Əfqanıstan və Kosovoda beynəlxalq sülhyaratma əməliyyatlarına dəstək verib, həmin coğrafiyalarda sabitliyin bərpasında səylərini əsirgəməyib. Bütün bunlar isə ondan irəli gəlir ki, Azərbaycanın özü də dünyada işğaldan, terrorizmdən ən çox əziyyət çəkən ölkələrdən biridir. Belə ki, 1980-ci illərin sonlarından etibarən ölkəmizin ərazi bütövlüyünə qarşı hərbi güc tətbiq edən Ermənistan dəfələrlə terror aktları törədib. 1994-cü il martın 19-da və iyulun 3-də Bakı metropolitenində dəhşətli terror hadisələri baş verib. 44 günlük Vətən müharibəsi dövründə isə Ermənistan tərəfindən Silahlı Qüvvələrimizə qarşı muzdlular və əcnəbi terrorçu döyüşçülərdən istifadə edilib. Ümumiyyətlə, torpaqlarımızın Ermənistan tərəfindən 30 il davam edən işğalı nəticəsində Qarabağ və Şərqi Zəngəzurda çox sayda mina basdırılıb. Eyni zamanda həmin ərazidə ötən ilədək terror yuvası fəaliyyət göstərirdi. 23 saatlıq antiterror tədbirlərindən sonra isə bölgədə terrorçuluğun kökü kəsilib. Həmçinin separatçıların vaxtilə nəzarət etdikləri ərazilərdə xarici ölkə vətəndaşları tərəfindən terrorçuluğun maliyyələşdirilməsi üçün qeyri-leqal vəsaitlərin göndərilməsinin, təbii sərvətlərin qeyri-qanuni istismarının qarşısını alınıb.

Bunların fonunda ölkəmizin beynəlxalq standartları dəstəkləmək, hüquqi və institusional çərçivələrini gücləndirmək səyləri onun qlobal təhlükəsizliyi və sabitliyi qorumaq əzmini bir daha təsdiqləyir. Beynəlxalq təşkilatların hesabatları da göstərir ki, mürəkkəb geosiyasi məkanda yerləşməsinə baxmayaraq həyata keçirilən uğurlu dövlət siyasəti nəticəsində nail olunmuş sabitlik və əmin-amanlıq, o cümlədən terrorçuluğa və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə istiqamətində son illər qətiyyətlə aparılan mübarizə Azərbaycana beynəlxalq aləmdə sərmayələr və turizm üçün cəlbedici ölkə, həmçinin etibarlı tərəfdaş imici qazandırıb. Bu gün Bakıya səfər edən xarici ölkə vətəndaşları özlərini burada olduqca rahat hiss edirlər. Əcnəbilər ölkəmizdə hər hansı bir təhlükə ilə üzləşmirlər. Ölkə vətəndaşları kimi onların da təhlükəsizliyi hüquq-mühafizə orqanlarının peşəkar əməkdaşları tərəfindən yüksək səviyyədə qorunur. Eyni zamanda dövlətimiz mütəmadi olaraq beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi edir. Azərbaycan sivilizasiyalar, mədəniyyətlər arasında dialoq məkanı, idman ölkəsi, digər beynəlxalq əhəmiyyətli məsələlərin müzakirə olunduğu, həllini tapdığı unikal platformaya çevrilir. Bunun da kökündə daxili sabitlik, təhlükəsizlik amili dayanır. Milli təhlükəsizlik siyasətinin bütün istiqamətləri üzrə - xarici siyasət, hərbi, ictimai, iqtisadi, sosial, ekoloji, informasiya, milli, dini və digər sferalarda vəzifələrin tam yerinə yetirilməsi dövlətimizin və cəmiyyətimizin mümkün təhdidlərdən etibarlı müdafiəsini təmin edir. Ona görə də bu gün Azərbaycan regionda sabitlik və təhlükəsizlik adası kimi tanınır. Bu fikri Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycan xalqına müraciətində də səsləndirib: "İndi dünyanın hər bir yerində müharibələr, toqquşmalar, qarşıdurmalar hökm sürür, hər gün biz bunu görürük. Azərbaycan sabitlik adasıdır, təhlükəsizlik adasıdır. Bu da böyük sərvətdir və Azərbaycan xalqı bunu yaxşı bilir. Çünki biz müstəqilliyimizin ilk illərində çətin günlər yaşamışdıq".

Bu gün bütün azərbaycanlılar qürur hissi ilə qeyd edir ki, biz sözün əsl mənasında müstəqil ölkədə, təhlükəsiz dövlətdə yaşayırıq.

Jalə QASIMZADƏ,

"Respublika".