Cinayətkar Xaçaturyanın saxlanılması Meşəli həqiqətlərini dünyaya tanıtdı
Digər xəbərlər

Cinayətkar Xaçaturyanın saxlanılması Meşəli həqiqətlərini dünyaya tanıtdı

Meşəli 80 evdən və 380 nəfər sakindən ibarət mənzərəli, geniş ərazisi olan dağətəyi bir kənd idi. 22 dekabr 1991-ci il tarixdə Xocalı rayonunun Meşəli kəndinə qanunsuz erməni silahlı birləşmələri hücum etdilər. Atışmalar nəticəsində 25 nəfər qətlə yetirilib, 14 nəfər yaralanıb. Həlak olanlar arasında 8 qadın və 3 uşaq da var. Evlər və inzibati binalar qarət olunub, dağıdılıb və yandırılıb. Kəndə 5.5 milyon manat civarında ziyan dəyib. 1991-ci ildə baş vermis Meşəli cinayəti ilə bağlı doqquz nəfər təqsirləndirilən şəxs qismində axtarışa verilib, onlardan biri - Vaqif Xaçaturyan artıq saxlanılıb.

Bu barədə deputat Elman MƏmmƏdov bildirib ki, hər erməni kəndinin silahlı quldur dəstəsi vardı və onlardan biri də Xaçaturyanın doğulduğu yaşadığı Badara kəndi idi: "Belə quldur dəstəsinə Xaçaturyan və onun kimilər rəhbərlik edirdi. Xaçaturyanların cinayəti təkcə Meşəli faciəsi ilə bitmir, onlar ümumi bir mərkəzdən idarə olunurdular. O dövrdə bu mərkəzlərə rəhbərlik edənlər sonradan mükafatlandırıldı. Serj Sarkisyan, Robert Köçəryan kimiləri nazir, prezident oldular. Bu kimi cəlladlar azərbaycanlılar yaşayan bütün yaşayış məntəqələrinə hücum edərək, orada törədilən qırğınlarda, soyqırımlarda iştirak ediblər. Yəni indi Azərbaycanın müvafiq hüquq-mühafizə orqanlarında onların bu cinayətləri haqqında kifayət qədər faktlar var. O hadisələrdən sağ çıxmış insanların, əsirlikdən, girovluqdan sağ gəlmiş insanların şahid ifadələri var".

Deputat həmçinin qeyd edib ki, Xaçaturyanın həbsi ilə indi yeni faktlar da üzə çıxacaq, neçələri siyahıya düşəcək və onlar öz növbələrini gözləyirlər: "Beynəlxalq komitə olan Beynəlxalq Qırmızı Xaç Komitəsinin adına bir söz də əlavə etmək yerinə düşər: "Beynəlxalq Erməni Qızıl Xaç Komitəsi". Təəssüf doğuran bir məsələdir ki, insan haqlarından, hüquqlarından, demokratiyadan, sülhdən danışan bir sıra beynəlxalq təşkilatlar, o cümlədən bu komitə də Xaçaturyanın müdafiəsinə qalxıblar. Demək belə çıxır ki, bunlar cinayətkarları, qatilləri, caniləri, terrorçuları, işğalçıları dəstəkləyirlər. Əgər belədirsə, deməli onlar özləri də bu yolu tutublar. Onlar layiqli cəzalarını alacaqlarını bilir və buna görə də təşvişə düşüblər. Bu cinayətkarların siyahıları var və artıq bu cinayətlər, cinayətkarlar haqqında kifayət qədər istintaq materialları toplanıb. Onlara cinayət işləri qaldırıb, İnterpol xətti ilə axtarışa veriliblər. Getdikcə halqa daralır və biz haqq, ədalət yolunda apardığımız bu uğurlu işin sonuna çatacağıq".

Röya RÜSTƏMLİ,

"Respublika".