Cinayətkarlar cəzalarını mütləq çəkəcəklər
Digər xəbərlər

Cinayətkarlar cəzalarını mütləq çəkəcəklər

Mənfur ermənilərin ölkəmizə qarşı törətdiyi soyqırımları, misli görünməmiş vəhşiliklər bütün dünyaya məlumdur. Xalqımızın üzləşdiyi bu dəhşətli faciələr nəticəsində yüzlərlə, minlərlə günahsız insan həyatını itirib. XX əsrin sonlarından etibarən yenidən aktivləşən haylar törətdikləri qanlı terror aktlarının cəzasız qalmasından cəsarətlənib. Ağdaban, Qaradağlı, Meşəli, nəhayət, Xocalı soyqırımları kimi daha ağır cinayətlər törətdilər.

Ermənistan hərbi birləşmələri 1992-ci il fevralın 26-da 7 min əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirib. Üzdəniraq düşmənin şəhərə hücumu zamanı burada yalnız 3 minə yaxın insan qalmışdı. Şəhərin mühasirədə qaldığı 4 aydan artıq zaman ərzində əhalinin xeyli hissəsi bölgədən çıxmağa məcbur olmuşdu. Ən dəhşətli faciələrdən biri kimi tarixə düşən Xocalı soyqırımı zamanı 613 nəfər öldürülüb, 1000 nəfər dinc sakin aldığı güllə yarasından əlil olub. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca qətlə yetirilib. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirib. Xocalı faciəsi baş verən gecə 1275 nəfər dinc sakin girov götürülüb. Əfsuslar olsun ki, onların 150-nin taleyi hələ də məlum deyil.

Xocalı faciəsinə hazırlıq kimi qiymətləndirilən Meşəli qətliamı da Ermənistanın törətdiyi dəhşətli terror aktları sırasındadır. 1991-ci il dekabrın 22-də səhər saat 07:00 radələrində erməni hərbi birləşmələri Meşəli kəndinə hücum edib. Qüvvələr qeyri-bərabər olsa da, kənd sakinləri inadla düşmənə müqavimət göstərib. Bir neçə saat davam edən atışmadan sonra erməni quldurları kəndə girərək evlərə, tövlələrə, ot tayalarına od vurub, 8-i qadın, 3-ü uşaq olmaqla, 25 nəfəri qətlə yetirib, 14 nəfəri yaralayıblar. Həmin gün Şuşa və Xocalıdan gələn qüvvələrin hesabına Meşəli kəndi azad edilsə də, bir ay sonra yenidən erməni hərbi birləşmələri tərəfindən işğal edilib və 400 nəfər kənd sakini Meşəlidən zorla çıxarılıb. Meşəlidəki hadisələrdən xeyli müddət keçməsinə baxmayaraq, o dəhşətli anlar sakinlərin yaddaşına əbədi olaraq həkk olunub. Bu faciənin şahidlərindən olan Zəminə Əliyeva ailəsinin 5 üzvünü - anası, atası, iki bacısı və qardaşını həmin gecədə itirib. Meşəli sakininin on beş yaşlı bacısının ürəyindən güllələnərək qətlə yetirilməsi Ermənistanın vəhşiliyini bir daha təsdiqləyir. Həmçinin Zəminə Əliyevanın kiçik qardaşı Barat məhz Xaçaturyan tərəfindən əl-qolu bağlanılaraq girov götürülüb. Cani tərəfindən maşının yük yerinə qoyulan Barat özünü dərəyə ataraq sağ qalmağı bacarıb. Meşəli sakinlərinin ürəyindəki yara əbədi olaraq qalsa da, Xaçaturyanın saxlanılması o sağalmaz yaralara məlhəm olacaq.

Xatırladaq ki, hazırda Meşəli kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarəti altındadır.

2020-ci ildə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın azadlığa qovuşması Azərbaycanın regionda yeni siyasi reallıqlar formalaşdırması ilə xarakterizə olunur. Sözügedən reallıqların ən mühüm təzahürlərindən biri də tarixi ədalətin bərpası, beynəlxalq hüququn təmin edilməsidir. 2023-cü ilin aprel ayında Laçında qurulan sərhəd buraxılış məntəqəsi də dövlətimizin suveren hüquqlarının bərpası kimi qiymətləndirilir. Məntəqənin qurulması ölkə sərhədlərinin təhlükəsizliyinin təminatı ilə yanaşı, regionda sabitliyin tənzimlənməsində də müstəsna əhəmiyyət kəsb edir.

30 illik işğala son qoyan ölkəmiz azərbaycanlılara qarşı soyqırımları törədən, öz doğma yurdlarından zorla çıxmağa məcbur edən şəxslərin cəzasını çəkməsi üçün də lazımi addımlar atılır.

Meşəli soyqırımı hadisələri ilə bağlı beynəlxalq axtarışda olan şəxslərdən birinin - Xaçaturyan Vaqif Çerkezoviçin saxlanılması bunu bir daha təsdiqləyir. 1955-ci il təvəllüdlü, Azərbaycan vətəndaşı, Əsgəran rayonunun Badara kəndində doğulmuş V.Xaçaturyan Xankəndi şəhər avtomobil nəqliyyat müəssisəsində sürücü işləyib. Erməni milliyyətindən olan digər şəxslərlə birgə Meşəli kəndində yaşamış azərbaycanlıları milli qrup kimi bütövlükdə məhv etmək məqsədilə kəndə silahlı basqın təşkil edən Xaçaturyan 25 nəfər azərbaycanlını öldürüb, 14 nəfərə müxtəlif dərəcəli xəsarətlər yetirib, 358 soydaşımızı isə beynəlxalq hüquq normaları və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan qanuni yaşadıqları yerlərdən didərgin düşməsinə səbəb olub.

Şübhəsiz, heç bir cinayət cəzasız qalmır. Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasət nəticəsində Xocalı soyqırımını törədənlərin ifşa olunması və beynəlxalq ictimaiyyətin bu barədə geniş məlumatlandırılması Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindəndir. Artıq Azərbaycan xalqına qarşı qanlı cinayət törədənlər məhkəmə qarşısında cavab verir, Xaçaturyan kimi cinayətkarlar törətdiyi cinayətin məsuliyyətini daşımağa məhkumdur.

Tarixə nəzər yetirsək görərik ki, vaxtilə faşizm ideologiyasına xidmət edən, yəhudilərə qarşı cinayətlər törədən şəxslər 50-60 ildən sonra İsrail xüsusi xidmət orqanları tərəfindən tapılaraq məsuliyyətə cəlb edilib, məhkəmə qarşısına çıxarılıblar. Məsələn, 94 yaşlı keçmiş SS mühafizə dəstəsinin əsgəri Raynold Hanninq 2016-cı ildə Detmoid şəhərində keçirilən məhkəmədə Osvensim düşərgəsində xidmət etdiyi üçün mühakimə olunub, 170 min insanın ölümündə günahlandırılıb. Məlum olub ki, o, insanların məcburi işləməsinə və ya ölüm kameralarına getməsinə qərar verirmiş. Daha bir nümunə isə Hitler faşizminin "Sobibor" ölüm düşərgəsində gözətçi olan Con Demyançuk idi. O, 2009-cu ildə Almaniyanın Münhen şəhərində məhkəmə qarşısına çıxarılmış, İkinci Dünya müharibəsi zamanı Polşadakı "Sobibor" ölüm düşərgəsində 27 mindən çox yəhudinin qətlinə yardım göstərməkdə təqsirləndirilmişdir. Nəticədə 89 yaşlı C.Demyançuk Amerikadan Almaniyaya deportasiya edilmişdi. Bu kimi minlərlə fakt hərbi cinayətlərdə əli olan, insanlığa qarşı qanlı aktlarda iştirak edən Xaçaturyan kimilərin cinayət məsuliyyətindən yaxa qurtara bilməyəcəyini bir daha təsdiqləyir.

Xaçaturyanın saxlanılmasına Hayastanda etirazlara səbəb olub. Sözdə guya ölkəmizlə sülh müqaviləsinin imzalanmasını, mehriban qonşuluq münasibətlərinin qurulmasını istəyən hazırkı hökumət azərbaycanlılara qarşı soyqırımında əli olmuş şəxsləri müdafiə edir, onların törətdiyi cinayətlərə bəraət qazandırır.

Nəzrin ELDARQIZI,

"Respublika".