Çingiz Mustafayev
Sosial həyat

Çingiz Mustafayev

Çingiz Fuad oğlu Mustafayev 1960-cı il avqustun 29-da Həştərxan vilayətinin Axtyubinsk rayonunun Kapustin-Yar qəsəbəsində hərbçi ailəsində anadan olub. 1964-cü ildə ailəsi ilə birlikdə Bakıya köçüb. Atası Fuad Mustafayev onu hərbçi kimi görmək istəyirdi, bu səbəbdən də oğlunu Cəmşid Naxçıvanski adına Hərbi Liseydə oxumağa yollayır. Burada yarımçıq saxlayıb, orta məktəbə getməyə başlayır. 167 saylı məktəbi 1977-ci ildə bitirir. Çingiz elə həmin ildə Azərbaycan Tibb İnstitutuna daxil olur. O, 1983-cü ildə institutu uğurla bitirərək Şabran rayonunda təyinatla üç il müddətində həkim kimi fəaliyyət göstərir. Daha sonra o, İnşaat Mühəndisləri İnstitutunun yataqxanasına həkim olaraq təyin edilir.

Ermənistanın Azərbaycana qarşı Qarabağ təcavüzü başlayandan sonra Çingiz jurnalistikaya üz tutur. 1990-cı illərdə Azərbaycan televiziyasında "Ekspromt", "Cümə axşamı" verilişlərinin, "Gənclik" estrada tamaşasının və "Ozan" rok qrupunun yaradıcısı olmuşdur. O, 1991-ci ildən Azərbaycan Dövlət Televiziyasında reportyor kimi çalışmağa başlayır. Çingiz yalnız Azərbaycan miqyasında fəaliyyət göstərməklə kifayətlənmirdi. Onun reportajları informasiya blokadasında olan Azərbaycan haqqında gerçəkliklərin Amerika və Avropanın aparıcı teleagentlikləri və televiziyalarına yol tapırdı. O dövrdə Dövlət televiziyasında mövcud olan senzura və ciddi yasaqlar Çingiz Mustafayevi geniş fəaliyyət imkanlarından məhrum edirdi. Ona görə də Çingiz əlahiddə olaraq, "215 kl" studiyası kimi muxtar qurumun yaradılmasının təşəbbüskarı və yaradıcısı olub.

Onun reportajları bir qayda olaraq cəbhədən olduğuna görə, "215 kl" studiyasını tamaşaçılar məhz müharibədən məlumat verən telequrum kimi qəbul edirdilər. I Qarabağ müharibəsi başlayandan sonra cəbhə bölgələrinə yollanan Çingiz ölkənin döyüş gedən bütün rayonlarından operativ xəbərlər, xüsusi reportajlar hazırlayaraq informasiya blokadasında olan Azərbaycanla bağlı həqiqətləri dünyaya çatdırıb.

Bu dövrdəki qısamüddətli fəaliyyəti ilə o, Ermənistan-Azərbaycan müharibəsinin birinci mərhələsinin əsl salnaməsini yaratmağı bacarıb. Çingiz Mustafayevin Xocalıda çəkdiyi erməni vəhşiliyini əks etdirən kadrlar isə Ermənistanın bütün dünyadakı nüfuzuna ağır zərbə vurub.

Çingiz Mustafayev Qarabağ müharibəsinin 1992-ci ilə qədər olan dövrünün əsl salnaməsini yaradıb. Azərbaycan tamaşaçısına hər bir reportajı ilə tanış olsa da, dünya onu daha çox Xocalıda çəkdiyi filmlə tanıyıb. Onun məhz bu filmi ilə Ermənistanın imici bütün dünyada ciddi sarsıntıya məruz qalır. Çingiz Mustafayev isə həmin hadisəni Seyidağa Mövsümlüdən iki gün sonra fevralın 28-də lentə ala bilmişdi. Sonradan, 1993-cü ilin əvvəllərində S.Mövsümlü öz çəkdiyi kadrlar əsasında "Xocalı əsrin faciəsi" adlı film hazırladı. Bu Xocalı soyqırımı hadisə haqqında ilk film idi.

Telejurnalist döyüş zonalarına yalnız reportyor kimi yollanmırdı. Cəbhədə bir əsgər, bir zabit və hətta bir komandan kimi çox vəzifəni öz üzərinə götürürdü. Çingiz Mustafayev bir telejurnalist olaraq cəbhədə yarandığı kimi cəbhədə də 1992-ci il iyun ayının 15-də Xocalı rayonunun Naxçıvanik kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən həlak olub.

Onun Xocalıda erməni vəhşiliyini əks etdirən kadrları nə gözümüzdən silinəcək, nə də həmin kadrları çəkdiyi vaxt qəlbindən qopan acı hönkürtüsü qulaqlarımızdan çəkiləcək. Çingiz çəkə-çəkə ağlayır, ağlaya-ağlaya çəkirdi, amma kamerasını bir an da olsa, çiynindən yerə qoymurdu ki, dərdimizi, ağrımızı, faciəmizi dünyaya çatdırsın. Əlində silah yerinə kamera olsa da, müharibədə göstərdiyi şücaət dastanlara layiqdir.

Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 1992-ci il tarixli fərmanı ilə Mustafayev Çingiz Fuad oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür. Bakıda Şəhidlər xiyabanında dəfn edilib.

Vaxtilə Bakıda yaşadığı binanın önündə barelyefi vurulub. Bakı küçələrindən biri onun adını daşıyır. 2011-ci il avqustun 31-də Almaniyada 3 min nüsxə ilə Ç.Mustafayevin təsviri olan poçt markası buraxılıb. 2013-cü ildə Şabranda onun vaxtilə işlədiyi və adını daşıyan parkın açılışı olub. "Çingiz zirvəsi" kimi tanınan Şahdağda 4062 metr hündürlükdə yerləşən zirvə onun adını daşıyır və ilk dəfə 2000-ci ildə fəth olunub. Zirvədə onun adını daşıyan lövhə var. 1999-cu ildən Çingiz Mustafayev adına Fond fəaliyyət göstərir. Fond "İlin adamı", "Ən yaxşı jurnalist" mükafatları və "Vətənpərvər və hərbi mahnı müsabiqəsi"ni həyata keçirib. Fondun təşəbbüsü ilə Şəkidə "Çingiz Klubu" yaradılıb.

M.CƏFƏROV,

"Respublika".