“CNN Arabic
Sosial həyat

“CNN Arabic" telekanalı Azərbaycanın İpək yolu marşrutunda əhəmiyyəti barədə reportaj yayımlayıb

Nüfuzlu "CNN Arabic" telekanalı Azərbaycanın qədim İpək yolunda əhəmiyyəti barədə geniş reportaj yayımlayıb.

AZƏRTAC xəbər verir ki, reportajda Avropa ilə Asiyanın kəsişməsində yerləşən və mühüm coğrafi mövqeyə malik olan ölkəmizin hələ qədim zamanlarda ipək və baharat ticarəti ilə məşhur olduğu diqqətə çatdırılıb. Bu kontekstdə Şəki şəhərinin ipək istehsalında şöhrətinin yayıldığı qeyd olunub, bu qədim şəhər haqqında məlumat verilib. Tamaşaçıların diqqətinə çatdırılıb ki, hələ antik dövrdə Çin malları Azərbaycandan dəvə karvanları ilə Romaya çatdırılırdı. Tacirlər üçün tikilmiş karvansaralar həmin dövr üçün öz rahatlığı ilə seçilir, onlar burada dincəlməklə yanaşı, ticari sövdələşmələr də aparırdılar.

Reportajda qeyd edilib ki, adı "İpək yolu" olmasına baxmayaraq, bu marşrutla müxtəlif mallar - ədviyyatdan və qumaşlardan tutmuş qızıl və gümüş dolu karvanlar hərəkət edirdi. Bu gün də Azərbaycan ticarət marşrutu kimi böyük əhəmiyyət kəsb edir. Artıq XXI əsrdə "Dəmir İpək yolu" adlanan İstanbul-Bakı dəmiryolu, həmçinin xam neftin nəqlini həyata keçirən Bakı-Tbilisi-Ceyhan boru kəməri regional iqtisadi əməkdaşlığa yeni nəfəs verib. Bu marşrutlar təkcə ticarət deyil, həm də turizmin canlanmasına təkan verəcək.

"CNN Arabic" Azərbaycanın paytaxtı Bakının da böyük əhəmiyyətindən yazıb, bu qədim şəhərdə XII-XV əsrlərə aid dörd daş karvansaranın olduğunu qeyd edib. "Azərbaycanın İpək yolunu tam bərpa etməsi üçün son bir halqa Türkiyə, İran və Ermənistanla Araz çayı boyunca nəqliyyat dəhlizinin açılması lazımdır və bu, gözlənilir. Orta əsrlərdə regionun əsas ticarət marşrutu olan bu dəhliz münaqişələr səbəbindən iflic vəziyyətə düşmüşdü. Amma bu marşrutun bərpa olunacağı təqdirdə, hazırda təcrid olunmuş qədim Naxçıvan şəhəri vasitəsilə Türkiyədən yeni ticarət və turizm dəhlizi yaradılacaq", - deyə sonda vurğulanıb.