Cocuq Mərcanlı abad yaşayış məskənidir
Digər xəbərlər

Cocuq Mərcanlı abad yaşayış məskənidir

Artıq bir neçə aydır ki, işğaldan azad olunmuş yurd yerlərimizə səbirsizliklə gözlənilən qayıdış dövrü başlanmışdır. Əvvəlcə Ağalı kəndi, sonra Laçın, bu günlərdə isə Füzuli şəhəri öz qapılarını əzəli və əbədi övladlarının üzünə açmaqdadır. Bəli, 44 günlük tarixi qələbəmiz sayəsində doğma torpaqlarımız düşmən tapdağından xilas edildi. Bu gün Qarabağın demək olar ki, bütün istiqamətlərində geniş abadlıq-quruculuq işləri gedir, infrastruktur yenilənir. Şübhə yoxdur ki, bərəkətli torpağımızın üzərində bərqərar olan kənd və şəhərlər düz altı il bundan əvvəl işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndi kimi, abad yaşayış məkanına çevriləcək. Bu gün Azərbaycanın ən gözəl, baxımlı yurd yerlərindən biri olan Cocuq Mərcanlı şahidi olduğumuz Böyük  Qayıdışın ilk qaranquşudur.

Bəli, Cocuq Mərcanlı artıq öz simasını dəyişmiş, son dərəcə abad, gözəl yaşayış məkanına çevrilmişdir. Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısının müavini Tapdıq Nəsirov artıq müasir qəsəbə həddinə çatmış Cocuq Mərcanlının bugünkü həyatından fərəhlə  söz açır:

- Bu gün Cocuq Mərcanlı, sözün həqiqi mənasında, abad yaşayış məkanıdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamlarına əsasən kənddə 27 hektar ərazidə geniş tikinti-bərpa quruculuq işləri aparılmışdır. 150 fərdi yaşayış evi, 96 şagird yerlik ümumtəhsil məktəbi, məscid, uşaq bağçası, klub-icma mərkəzi, həkim məntəqəsi, poçt, inzibati bina, elektrik yarımstansiyası, hidrometereoloji stansiya, "Azəravtoyol" ASC-nin 13 saylı xüsusi təyinatlı yol istismar müəssisəsi, "Azərsu" ASC-nin Cocuq Mərcanlı sahəsi və digər müvafiq infrastruktur yaradılmışdır. Cənab Prezident 14 iyun 2017-ci il tarixində Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinin bərpadan sonra açılışında iştirak edərək birinci mərhələdə köçürülən 50 ailənin öz doğma kəndinə qayıtmalarına xeyir-dua vermişdir. Sonrakı mərhələlərdə isə ailələrin sayı 150-yə çatmışdır. 

Azərbaycan Prezidentinin "Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi üçün əlavə tədbirlər haqqında" 14 fevral 2018-ci il tarixli sərəncamı əsasında Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin, eləcə də Füzuli rayonunun Mirzənağılı və Qazaxlar kəndlərinin ümumilikdə 680 hektar əkin sahəsini suvarma suyu ilə təmin  edən nasos stansiyasının, su nəqledici kanalın və 2800 metr uzunluğunda təzyiqli boru kəmərinin tikintisi aparılmış, 2137 metr uzunluqda beton kanal inşa olunmuşdur. Görülən operativ işlər nəticəsində Cocuq Mərcanlı kəndinin və Füzuli rayonunun Mirzənağılı və Qazaxlar kəndlərinin nəzərdə tutulan əkin sahələri suvarma suyu ilə təmin edilir.

Kənd sakinləri  doğma yurdlarında özlərini tam rahat hiss edir, əkin-biçinlə və heyvandarlıqla məşğul olurlar.

Məşğulluq sahəsinin əsasən kənd təsərrüfatı olduğu nəzərə alınaraq birinci növbədə ANAMA ərazilərdə yerləşən torpaqların minalardan təmizlənməsini həyata keçirmiş, sonra isə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən ərazidə torpaqların inventarizasiyası aparılmış, ailə üzvlərinin hər birinə 0,25 hektar olmaqla əkin sahəsi istifadəyə verilmişdir.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən Cocuq Mərcanlı kəndində sakinlərin məşğulluğunun təmin olunması və sosial rifah səviyyəsinin artırılması, qayıdış prosesinin dəstəklənməsi məqsədilə bir sıra layihələr həyata keçirilir. Bu istiqamətdə Nazirliyin həyata keçirdiyi ilk layihə olan yem emalı müəssisəsi Cocuq Mərcanlı kəndində 2018-ci ilin fevralın 2-də fəaliyyətə başlayıb. Müəssisədə hər birinin gücü saatda 2 ton olan toxum təmizləyən, yem üyüdən, ot doğrayan avadanlıqlar quraşdırılmış, yeni iş yerləri açılmışdır. Eyni zamanda, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyinin birgə təşkilatçılığı ilə Cocuq Mərcanlı kəndində istixana və arıçılıq təsərrüfatları yaradılmışdır.

Cocuq Mərcanlı kəndində suvenir istehsalı müəssisəsinin də tikintisinə başlanılıb. Azərbaycan hökumətinin və Türkiyəli İş Adamları İctimai Birliyinin birgə layihəsi əsasında tikilən bu müəssisədə istehsal sahəsi və sərgi zalının fəaliyyət göstərməsi və istehsal olunacaq məhsulların "Cocuq Mərcanlı" brendi ilə satışa çıxarılması nəzərdə tutulur.

Cocuq Mərcanlı kəndində həyata keçirilən layihələrin birinci mərhələsi çərçivəsində 15 ədəd hər biri 160 metr kvadrat sahəyə malik polietilen örtüklü tunel tipli istixanalar qurulmuş və 15 ailənin hər birinə 10 arı ailəsi olmaqla cəmi 150 arı ailəsi verilmişdir. Həmçinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Baş Məşğulluq İdarəsi tərəfindən 25 ailə özünəməşğulluq tədbirinə cəlb edilərək 13 ailəyə 26 baş damazlıq inək, 12 ailəyə isə 252 baş damazlıq qoyun verilmişdir.

Cənab Prezidentin tapşırığına uyğun olaraq Cocuq Mərcanlı sakinlərinin, eləcə də kəndə gələn çoxsaylı qonaqların asudə vaxtlarını səmərəli keçirmələri üçün kənddə 14 min kvadratmetr ərazidə mədəniyyət və istirahət parkı salınaraq 2018-ci ilin sonunda istifadəyə verilmişdir.

Bəli, el arasında deyildiyi kimi, həyat davam edir. Cocuq Mərcanlı bugünkü varlığı ilə sübut edir ki, Azərbaycan güclü dövlətdir. Doğma torpaqlara qayıdış günləri xalqımızda əsl bayram ovqatı yaradır. Lap yaxın vaxtlarda işğaldan azad edilmiş torpaqlarımız bütünlüklə Cocuq Mərcanlı kimi gözəl yaşayış məkanına çevriləcəkdir.

Tofiq HÜSEYN,

"Respublika".