COP29: İqtisadi-siyasi əhəmiyyətli tədbir
Ekologiya

COP29: İqtisadi-siyasi əhəmiyyətli tədbir

COP29-un Azərbaycanda keçirilməsinin çox böyük iqtisadi, siyasi və geosiyasi əhəmiyyəti vardır. Əvvəla, ona görə ki, təxminən yarım ay ərzində Azərbaycan paytaxtına 80 mindən çox insan gələcək və necə deyərlər, dünyanın ürəyi Azərbaycanın paytaxtında döyünəcək. COP29 dünyada ən möhtəşəm, müasir zəmanəmizin ciddi çağırışlarına cavab verə biləcək bir tədbirdir. Çünki müasir dünyamızda bərpaolunan enerji məsələləri çox böyük aktuallıq kəsb edir və ekoloji durumun qlobal səviyyədə pisləşməsi ənənəvi enerji mənbələrindən imtina məsələlərini ön plana keçirir.

Adətən böyük, ənənəvi enerji potensialına malik dövlətlərin iqlim dəyişikliyi ilə bağlı bu tip tədbirlərdə iştirakı məsələlərinə birmənalı baxış yoxdur. Hətta çox böyük enerji, neft, qaz potensialına malik olan dövlətlərə qarşı beynəlxalq aləmdə bir qısqanclıq var. Çünki onlar məhdud sayda ölkələrdir. Əksər dövlətlərin enerji potensialı ya yoxdur, ya da çox az səviyyədədir. Bu nöqteyi-nəzərdən ənənəvi enerji imkanları geniş olan dövlətlərin bu qəbildən olan tədbirə ev sahibliyi etməsi sözün həqiqi mənasında çox mühüm bir hadisədir.

Azərbaycan bununla göstərmək istəyir ki, bizim geniş qaz, neft potensialımız var. Ancaq biz həm də onun fərqindəyik ki, təbiətimizi, iqlimimizi qorumalıyıq. Elə etməliyik ki, bu təbiət insanlığa xidmət edə bilsin. Amma təəssüf ki, insanlar təbiəti daha çox istismar etməklə məşğuldurlar və xüsusilə də ənənəvi enerji mənbələrindən havaya buraxılan qazlar iqlimin korlanmasına gətirib çıxarır. Azərbaycanın belə bir tədbirə ev sahibliyi etməsi ölkəmizin yürütdüyü enerji siyasətinin mahiyyətindən irəli gəlir və bu siyasətin müəllifi də ölkə Prezidenti cənab İlham Əliyevdir. Dünyanın bütün ölkələrinin birmənalı şəkildə, hətta Ermənistanın da COP29 tədbirinə Azərbaycanın ev sahibliyini dəstəkləməsi, bunu qəbul etməsi və təsdiqləməsi, ilk növbədə, ölkə başçımız İlham Əliyevin beynəlxalq aləmdə nüfuzunun artması deməkdir. Azərbaycan dövlətinin beynəlxalq enerji təhlükəsizliyi təminatına verdiyi müstəsna töhfə COP29-a ev sahibliyi etməsini şərtləndirmişdir.                                          

Elman NƏSİROV,

Milli Məclisin deputatı.