COVID-19-un yeni dalğası
Səhiyyə

COVID-19-un yeni dalğası

COVID-19 pandemiyasının sona çatdığı elan olunsa da, avqust ayından yoluxma halları yenidən artmağa başlayıb. Koronavirus kabusu qayıdır. Genişmiqyaslı vaksinasiyaya rəğmən, yeni bir koronavirus dalğasının başlayacağı ilə bağlı xəbərdarlıq edilir.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünya üzrə son zamanlar COVID-19-a yoluxanların sayı 38% artıb. Belə ki, Koreya, İtaliya, Böyük Britaniya, Avstraliya və Sinqapurda yoluxma sayında kəskin artım qeydə alınıb. Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus bu yaxınlarda keçirdiyi mətbuat brifinqində qeyd edib ki, əhalinin immunitetinin formalaşmasına baxmayaraq, koronavirus dünyanın bütün ölkələrində dövr etməkdə davam edir və daim dəyişir. Beləliklə, 2022-ci ilin oktyabrında alimlər COVID-19-un "omicron" ştamının "kraken" adlı yeni variantını müəyyən ediblər. 2023-cü ildə EG.5 "eris", eləcə də BA.2.86 "pirola" variantı ortaya çıxıb. Avqustda yoluxmaların 26,1%-ni təşkil edən EG.5 ştamı kifayət qədər yoluxucudur. Bununla belə, xəstəliyi yüngül keçirən yoluxmuşların əksəriyyətində boğaz ağrısı, öskürək və burun axması cəmi bir neçə gün davam edir. "Pirola" ştamının da oxşar simptomları var. Bu hal ilk dəfə deyil, daha öncə də COVID-19-un digər ştamlarında qeydə alınıb. Tendensiya onu göstərir ki, hər bir yeni yaranmış ştam özündən öncəki ştamdan daha yüngül simptomlara malik olur. Lakin yeni ştamlarların yoluxduruculuq qabiliyyəti əvvəlkilərdən yüksək olması ilə fərqlənir. Bu isə qısa zamanda kütləvi yoluxmalara səbəb olur.

Sentyabr ayında "eris" artıq 57 ölkədə müəyyən edilib. Ona görə də ÜST bütün dünyada sürətlə yayılmasına görə onu "narahatlıq doğuran variantlar" siyahısına daxil edib. Mütəxəssislər hazırda EG.5 ştamının yayılma tezliyində davamlı artım müşahidə edirlər. Bu onun peyvənd və ya xəstəlikdən sonra yaranan anticisimlərdən yayınma qabiliyyəti ilə izah olunur. Son ay ərzində dünya üzrə yoluxanların sayında 38 faiz artım müşahidə edilib. Avropada yoluxmada 39, Sakit okeanın qərbində 52, Aralıq dənizinin şərqində isə 113 faiz artım baş verib. Avstraliya, Böyük Britaniya, İtaliya, Koreya və Sinqapurda yoluxanların sayı kəskin çoxalıb. ABŞ-də isə vəziyyət daha ağır olduğu bildirilib. Birləşmiş Ştatlarda COVID-19-a yoluxma halları 2020-ci ilin ilk pandemiyasının statistikasına yaxınlaşır. Ölkədə gündə 650 mindən çox sakində virus aşkarlanır. Yaxın aylarda isə ABŞ əhalisinin təxminən 10 faizinin bu virusa yoluxacağı gözlənilir. Məlumatlara əsasən, ölkə üzrə ölüm halları avqustla müqayisədə 5 faiz artıb. Son həftə ərzində ABŞ-də xəstəxanaya yerləşdirilənlər yoluxanların sayı 8,7 faiz, ölüm faktlarının sayı isə 4,5 faiz olub. ABŞ Federal Səhiyyə Təşkilatı ölkə əhalisinə COVID-19-a qarşı vaksinasiya olunmağı məsləhət görüb.

Ötən həftə Türkiyənin səhiyyə naziri Fahrettin Koca ölkə üzrə "Eris"ə 9 yoluxma faktının qeydə alındığını bildirib. Yayılan məlumatlara əsasən, COVID-19-un bu variantı 52 ölkədə, o cümlədən Fransa və Britaniyada da aşkarlanıb. Böyük Britaniyada 2023-cü ilin mart ayında yalnız kiçik bir dalğa qeydə alınlb və iyun ayına qədər nisbətən sakit keçib. Yazın əvvəlində koronavirusdan ölüm nisbəti ümumiyyətlə bütün pandemiyada ən aşağı olub. Amma iyul ayında xəstəxanaya yerləşdirilənlərin sayı durmadan artmağa başlayıb və avqustun ilk günlərində iyulun əvvəli ilə müqayisədə iki dəfə artıb. Rusiyada "eris" hələ geniş yayılmasa da, onun epidemioloji vəziyyəti çətinləşdirmək riskləri var. Rusiyanin Altay vilayətində yoluxma artdığına görə 49 məktəbdə artıq karantin məhdudiyyəti tətbiq olunub, 6 məktəb isə ümumiyyətlə bağlanıb, bəzi müəssisələrdə maska rejiminə keçid nəzərdə tutulur.

Azərbaycanda COVID-19 xəstəliyinin yeni ştamına yoluxma hallarına rast gəlinmədiyini xatırladan TƏBİB rəsmisi vurğulayıb ki, insanların böyük əksəriyyəti COVID-19 xəstəliyini artıq keçirib və sağalıb: "Ölkədə peyvəndlənmə faizi də qənaətbəxş hesab ediləcək səviyyədədir. COVID-19-un alt variantı olan EG.5-ə qarşı xüsusi peyvənd növünün hazırlanması və xüsusi peyvəndlənmə prosesinin başlanılması barədə beynəlxalq protokollarda tövsiyələr mövcud deyil. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də "Eris" kimi tanınan virusla bağlı əhaliyə xəbərdarlıq edib. Bildirilir ki, artıq bir neçə aydır COVID-19-un alt variantı olan EG.5 virusu son zamanlar bütün dünyada sürətlə yayılmaqdadır.

Qeyd edək ki, 2019-cu ildə Azərbaycan ümumi bəlaya qarşı, koronavirusun ilk üzə çıxdığı dövrdən etibarən ən effektiv mübarizə aparan ölkələrdən olub. Azərbaycan dövləti tərəfindən həyata keçirilən koronavirusla mübarizə tədbirlərinin səmərəliliyi sayəsində ölkəmizdə yoluxma hallarının sayı minimuma endirilmiş, görülən qabaqlayıcı tədbirlər nəticəsində istər iqtisadiyyat, istərsə də əhali pandemiyanın dağıdıcı təsirinə ən az məruz qalmışdır. Azərbaycan Respublikasının rəhbərliyi, habelə hökuməti və aidiyyəti dövlət qurumları tərəfindən pandemiya dövründə risklərin düzgün qiymətləndirilməsi nəticəsində həyata keçirilmiş qabaqlayıcı tədbirlər yüksək qiymətləndirilmişdir. Azərbaycan pandemiya istiqamətdə bir sıra vacib və dəyərli təşəbbüslərlə çıxış edib, həmçinin dünyanın bütün təşkilatlarını, aparıcı dövlətlərini həmrəyliyə çağırıb. Məhz, Prezident İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının pandemiya ilə mübarizə mövzusunda dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyasının uğurla keçirilməsi, təşkilatın vaksinasiya ilə əlaqədar qətnamə qəbul etməsi ölkəmizin beynəlxalq ictimaiyyətin əlaqələndirilmiş birgə fəaliyyətinə böyük töhfələri hesab edilir. Azərbaycanın sədrliyi ilə Qoşulmama Hərəkatı adından BMT-nin İnsan Hüquqları Şurasında bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsi ilə bağlı qətnamə irəli sürüb və həmin qətnamə cari ilin mart ayında yekdilliklə qəbul olunub. Prezident İlham Əliyev ən yüksək tribunalardan haqlı olaraq dünyanın üz-üzə qaldığı "ədalətsiz vaksin bölgüsü"nü qabardaraq bu problemi həll etməyə çağırıb.

Azərbaycanın pandemiyaya qarşı ölkə daxilində ardıcıl mübarizə aparması ona beynəlxalq miqyasda da böyük rəğbət qazandırıb. Azərbaycan beynəlxalq məsuliyyətinə sadiq olaraq könüllü şəkildə Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) 10 milyon ABŞ dolları həcmində, eləcə də 30-dan çox ölkəyə koronavirusla mübarizədə birbaşa humanitar və maliyyə yardımları edib. Azərbaycanın pandemiya ilə uğurlu mübarizəsi ÜST tərəfindən dəyərləndirilib, digər ölkələrə nümunə göstərilib.

Hər zaman olduğu kimi, COVID-19-un bütün ştamlarına qarşı risk qrupuna daxil olan şəxslər daha diqqətli olmalıdırlar. Risk qrupuna yanaşı və xroniki xəstəlikləri olanlar, peyvənd olunmayan şəxslər daxildir. Bildirilib ki, yaxın gələcəkdə statistikada ciddi artım müşahidə oluna bilər. Buna səbəb kimi məktəblərin açılması, yay tətilinin başa çatması və havaların soyuması göstərilir.

Mustafa KAMAL,

"Respublika".