Dastana dönən həyat
Region

Dastana dönən həyat

Vətən naminə qəhrəmanlıq göstərib tarix yazan Zahir Zülfüqar oğlu Nəcəfov Birinci Qarabağ müharibəsinin şəhididir. 1973-cü ildə Masallının Ərkivan kəndində (indi qəsəbədir) dünyaya göz açan bu Vətən sevdalısının mərdliyi, igidliyi, doğma yurduna sədaqəti indi gənclərə əsl örnəkdir.

Masallı camaatı həyat qədər ölümü ilə Vətəninə, millətinə başucalığı gətirən oğlunu unutmur, adını böyük məhəbbətlə çəkir. Bu günlər isə Zahir Nəcəfovun doğum günü münasibətilə "Vətən qəhrəmanları ilə öyünür" adlı tədbir baş tutdu. Rayon Mərkəzi Kitabxanasında keçirilən tədbir zamanı şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anıldı. Tədbirə qatılanlar onun həyat və mübarizə yolu haqqında fəxrlə danışdılar.

Onu da bildirək ki, Zahir Nəcəfov orta məktəbdən sonra Cəlilabad rayonu, Göytəpə qəsəbə 108 saylı Texniki Peşə Məktəbini bitirib. Zəhmət meydanında çalışmaqla istər işdə, istərsə də cəmiyyətdə, dostları arasında böyük rəğbət qazanıb. Vətənə, xalqa təmənnasız xidməti həyatının mənası sayan Zahiri 1992-ci ildə ordu sıralarına çağırıblar. Daxili İşlər Nazirliyin "N" saylı hissədə xidmətə başlayıb, mərd, cəsur, igid əsgər kimi tanınıb.

Ağdam rayonunun müxtəlif kəndlərində dəfələrlə ölümlə üz-üzə gəlib. Düşmənə sarsıdıcı zərbələr vurmaqla ad qoyub. Həm də yaralı döyüş yoldaşlarını mühasirədən çıxarmaqla onlara ikinci həyat bəxş edib. 25 sentyabr 1992-ci ildə Ağdam rayonunun Fərrux dağ yüksəkliyində gedən döyüşdə ağır yaralanıb. Bakıda Musa Nağıyev adına xəstəxanada cərrahi əməliyyat olunub. Təəssüf ki, həkimlərin səyinə baxmayaraq, 20 dekabr 1992-ci ildə şəhid olub.

Şəhid Zahir Nəcəfovun uyuduğu müqəddəs yer doğulduğu kənd qəbiristanıdır. Xətrini əziz saxlayan masallılılar hər dəfə buradan keçəndə gəncin məzarı önündə baş əyirlər. Oxuduğu Bədirli kənd orta məktəbi qəhrəmanın adını daşıyır.

Zəfər ORUCOĞLU.