Şəki:  Dövlət sərhədi etibarlı qorunur
Region

Şəki:  Dövlət sərhədi etibarlı qorunur

Azərbaycan Sərhəd Mühafizəsinin yaradılmasının 103-cü ildönümü və Azərbaycan sərhədçilərinin peşə bayramı münasibətilə Şəki şəhərində tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə ulu öndərin Şəkidəki Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılan abidəsi önünə gül-çiçək düzüb, xatirəsinə ehtiramlarını bildiriblər.

Sonra tədbir iştirakçıları Şəki Sərhəd Dəstəsində yaradılmış Vətən müharibəsində şəhid olan sərhədçilərin xatirə kompleksini ziyarət edib, onların fotolarından ibarət stendlərlə tanış olublar.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov sərhədçilərimizi peşə bayramı münasibətilə təbrik edərək bildirib ki, 1919-cu il avqustun 18-də Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti sərhədlərin mühafizəsi haqqında qanun qəbul edib. Ulu öndər Heydər Əliyevin 2000-ci il 16 avqust tarixli Sərəncamı ilə 18 avqust hər il sərhədçilərin peşə bayramı günü kimi qeyd olunur.

Vurğulanıb ki, son illərdə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində dövlət sərhədlərinin qorunması sahəsində kompleks tədbirlər həyata keçirilib. Sərhədçilər 44 günlük Vətən müharibəsində döyüş tapşırıqlarını uğurla yerinə yetirib, qəhrəmanlıq və igidlik nümunələri göstəriblər. İcra başçısı respublikamızın şimal sərhədlərinin keşiyində dayanan və dövlət sərhədinin etibarlı qorunmasını təmin edən Şəki Sərhəd Dəstəsinin şəxsi heyətinə öz təşəkkürünü bildirib.

Şəki Sərhəd Dəstəsinin komandiri mayor Teymur Ağamalıyev Azərbaycan Sərhəd Mühafizəsinin yaranma tarixindən danışaraq sərhədçilərə dövlət tərəfindən böyük diqqət və qayğı göstərildiyini bildirib, şəxsi heyəti peşə bayramı münasibətilə təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.

M.NƏRİMANOĞLU,

"Respublika".