Daxili böhran şəraitində imitasiya cəhdləri
Siyasət

Daxili böhran şəraitində imitasiya cəhdləri

İrəvanda baş nazir Nikol Paşinyanın istefası tələbi ilə baş tutan mitinqə Ermənistanda yaşayan rusyönümlü qüvvələr başçılıq edib. Azadlıq meydanında toplaşan nümayişçilər Paşinyanın istefasının zəruriliyini göstərən "100 səbəb" səsləndiriblər.

Amma Parlamentdənkənar müxalifətin təşkil etdiyi mitinq əvvəlcədən anonsu verildiyi kimi izdihamlı olmayıb, genişmiqyaslı qarşıdurmalar yaşanmayıb və Nikol Paşinyan kəskin tənqid obyektinə çevrilməyib. Ötən gün Parisə səfər edən Ermənistan baş nazirini isə deyəsən, keçirilən aksiyalar narahat etmir. Yeri gəlmişkən, onun həmkarı olan Fransa prezidenti Emmanuel Makronun da əleyhinə ölkəsində etiraz dalğası getdikcə güclənir. Daxili siyasətlə bir o qədər də məşğul olmayan iki "bacı"nın öz ölkələrində böhranın hökm sürdüyü bir vaxtda silah alveri ilə məşğul olması anlaşılan deyil.

Zənnimizcə, İrəvanda keçirilən son nümayişin uğursuzluğa düçar olmasının çoxsaylı səbəbləri var. Mitinqin keçirildiyi 20 fevral tarixi Qarabağdakı separatçıların qondarma ildönümünə təsadüf edirdi. Buna görə də səsləndirilən şüarlar müharibəyə çağırış və ərazi iddiaları ilə bağlı idi. Əhalinin böyük hissəsinin prosesə qoşulmaması isə onu göstərir ki, sözügedən məsələ Ermənistan cəmiyyətinin marağında deyil. Digər tərəfdən, ictimaiyyət Rusiyanın idarəçiliyinə də yaxşı bələddir. Hazırda Ermənistanda Kremlə bağlı siyasətçilərin, o cümlədən Sarkisyan, Köçəryan kimi şəxslərin nüfuz sahibi olmaması da buna misaldır. Görünən odur ki, müxalifətin əsas liderləri S.Köçəryanla R.Sarkisyandır və onlara bağlı olan qüvvələr, Ermənistandakı beşinci kolon, Rusiyaya bağlı olan siyasi güclər idi. Bu gün müxalifəti ardınca apara bilən bir qüvvə yoxdur. Bu baxımdan hələ ki, Paşinyan öz ölkəsində rəqibsizdir. Qısaca, haylar bir müddət marionet statusundan qurtula və böhrandan uzaqlaşa bilməyəcəklər.

Mövcud situasiya Yelisey sarayı üçün də keçərlidir. Prezident Emmanuel Makron hər nə qədər xoşbəxt dövlət imicini qoruyub-saxlamağa çalışsa da ölkə daxilində artan kütləvi aksiyalar, həmçinin müstəmləkələrin bir-bir Fransa tabeliyindən çıxması ölkənin iqtisadi və siyasi uçurumun astanasında olduğunu göstərir. Makron administrasiyasının verdiyi vədləri tutmadığını görən fransalı fermerlər etiraz aksiyalarını bərpa edib. Yük avtomobilləri ilə yola torpaq boşaldan etirazçılar aksiyanın uzunmüddətli olacağını bildiriblər. Digər tərəfdən, Fransanın müstəmləkəsi Yeni Kaledoniyada da kütləvi nümayişlər baş tutub. Kaledoniya vətəndaşları Fransa hökumətinin ölkədə yaşayan fransızlara geniş imtiyazlar verməyə və səlahiyyətlərini daha da artırmağa cəhd etməsinə etiraz ediblər.

Göründüyü kimi, hər iki ölkədə mövcud daxili vəziyyət təqribən eyni olsa da rəhbər şəxslər Parisdə görüşüb xarici məsələləri müzakirə ediblər. Birgə keçirilən görüşdə Makronun ölkəmizə qarşı səsləndirdiyi qərəzli fikirlər heç də təəccüblü olmayıb. Əslində bunu Azərbaycanın uğuru hesab etmək olar. Belə ki, ölkəmizin qlobal miqyasda getdikcə artan nüfuzu, paradiqmaları dəyişmək qabiliyyəti və özünü "orta güc" dövləti kimi təsdiqləməsi bəzi qüvvələri narahat edir. Ötən əsrin 90-cı illərində müstəqillik qazanan Azərbaycanı həmin dövrdə demək olar ki, dünyanın əksər ölkələri tanımırdı. Vatikan kimi mikro dövlət gözü ilə baxılan Azərbaycan bu gün dünyada mühüm qərarlar vermə və onları dəyişdirmə qətiyyətinə malikdir. Bu baxımdan, Fransa və Ermənistan timsalında antipasifist qüvvələrin dünyanı utopik cənnətə çevirməyi hədəfləyən Azərbaycan üçün silahlanması hiyləgər siyasətin bir parçasıdır. Lakin qarşı tərəfdən fərqli olaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz düşünülmüş siyasət yürüdür, digər dövlətlərin marionetinə çevrilmək yox, məhz həmin dövlətləri siyasi vassallıqdan xilas etmək istəyir. Buna əyani misal olaraq Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə xüsusilə qabartdığı neokolonializm siyasətini göstərmək olar. Bu gün müstəmləkəçiliyə qarşı etiraz edən xalqlar nümayiş zamanı bizim bayrağımızı dalğalandırır. Bu baxımdan, "Anti-Azərbaycan lojası" yaratmaq istəyən Fransa və Ermənistan öz daxili vəziyyətlərinə daha çox vaxt ayırsalar yaxşı olar. Çünki Azərbaycanla heç kim diktə dili ilə danışa bilməz. Ölkə daxilində siyasi sabitliyin qorunub saxlanıldığı bir dövrdə, xarici siyasətdə isə artıq qlobal miqyasda söz sahibinə çevrilən ölkəmizdən fərqli olaraq, natamamlıq kompleksi yaşayan iki "bacı"nın gələcək taleyi isə naməlum olaraq qalır. Əgər Fransa və Ermənistanda daxili böhran daha da artarsa, yəqin ki, bu, vətəndaş müharibəsinə çevrilə bilər. Təbii ki, bunu istəməyən Paşinyan və Makron da anti-Azərbaycan düşüncələrindən əl çəkməli və Azərbaycan-Ermənistan arasında mövcud vəziyyətin normallaşdırılması üçün birgə görüş keçirməlidirlər.

Tacir SADIQOV,

"Respublika".