Delimitasiya sülh danışıqlarına mane olmamalıdır
Siyasət

Delimitasiya sülh danışıqlarına mane olmamalıdır

Azərbaycan və Ermənistan sərhəd komissiyasının növbəti iclası baş tutub. Sayca 6-cı iclasda komissiyanın əsasnaməsi barədə müzakirələr aparılıb. İclasda üçüncü tərəf iştirak etməyib. Komissiyaya Azərbaycan tərəfdən Baş nazirin müavini Şahin Mustafayev, Ermənistan tərəfdən isə M.Qriqoryan sədrlik edib.

İlk olaraq vurğulamaq istərdim ki, delimitasiya prosesi xeyli zaman tələb edir. Hətta bəzi ölkələrdə bu proses 30-40 il sürüb. Azərbaycanın mövqeyi ondan ibarətdir ki, delimitasiya sülh danışıqlarına mane olmamalı, bunlar ayrı-ayrılıqda həyata keçirilməlidir. Bu gün Azərbaycanla Ermənistan arasında sözügedən istiqamətdə danışıqların aparılması müsbət haldır. Çünki bu, nəticə etibarilə həm tərəflərin sərhədlərin delimitasiyası ilə bağlı müzakirələri genişləndirməsinə, həm də bütövlükdə kommunikasiyaların bərpa edilməsinə imkan yarada bilər. Sülh danışıqlarına gəldikdə isə bu, prosesin ayrı bir istiqamətidir. Azərbaycan delimitasiya ilə paralel sülh danışıqlarının da davam etdirilməsində maraqlıdır. Sülh sazişi ilə sərhədlərin delimitasiya və demarkasiyası barədə danışıqlar paralel getsə də, onların formatı fərqlidir. Cənubi Qafqazda sülhün qısa müddətdə əldə olunması bu gün daha məqsədəuyğun hesab edilir. Bir məqamı da qeyd edim ki, delimitasiya sülh prosesinin vacib bir elementi kimi qiymətləndirilir və işçi qrupunun işi kimi təqdim olunmalıdır. Bütün hallarda tərəflərin bir araya gəlməsi müsbət haldır. Proses uzun müddət davam etsə də, tərəflərin müzakirələri hər hansı bir xarici müdaxilə olmadan həyata keçirməsi Cənubi Qafqazda dayanıqlı sülhün əldə edilməsi üçün yeni imkanlar yaradır.

Yeri gəlmişkən qeyd edim ki, bundan öncə hər iki ölkənin delimitasiya üzrə komissiyaları tərəfindən prosesi müzakirə etmək üçün beş dəfə görüş baş tutub. Sonuncu görüş 2023-cü ilin noyabrında Azərbaycan-Ermənistan sərhədində keçirilib. Görüş çərçivəsində Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin demarkasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyanın birgə fəaliyyəti haqqında Əsasnamə layihəsinə dair razılaşdırma işinə başlanılması və komissiyalar arasında görüşlərin intensivləşdirilməsi barədə razılıq əldə olunub. Bu baxımdan, Azərbaycan bu görüşü müsbət qiymətləndirir.

Vüqar BAYRAMOV,

Milli Məclisin deputatı.