Destruktiv nöqtə
Siyasət

Destruktiv nöqtə

Tarix boyu müstəqillik nədir bilməyən, nəhəng dövlətlərin "əlinə baxan" ermənilərin hökmlə danışması olduqca gülünc səslənir və utanc doğurur. 2019-cu il avqustun 6-da Xankəndi şəhərindəki tribunalardan "Qarabağ Ermənistandır və nöqtə deyən" Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsini məhvə aparan prosesə elə həmin dövrdən başladı. Prezident İlham Əliyevin Valdaydakı tarixi çıxışı və "Qarabağ Azərbaycandır və nida işarəsi" deməsi isə haylar üçün destruktiv gerisayımın kulminasiya nöqtəsi oldu. Bu gün hər vəchlə Qərbin boyunduruğu altına girmək istəyən Ermənistan yenə eyni tərzdə hökmlər səsləndirməyə başlayır. Çox güman ki, tarix yenidən təkərrür edəcək və bu dəfə Ermənistan təkcə 30 ilin deyil, ümumən 200 ilin hesabını verəcək.

Brüssel görüşündən bir gün əvvəl, aprelin 4-də Ermənistanın baş naziri Nikol Paşinyanın yaxını, Ermənistan Avropa Partiyasının sədri Tiqran Xzmalyan parlamentdəki "hərarətli" çıxışında "Ermənistan Avropadır və nöqtə" fikirlərini bildirib. Bu isə sözsüz ki, birbaşa Ermənistan hökumətinin sifarişidir və 5 il əvvəlki səhvi yenidən təkrarlayan erməni dövlət adamları öz vətəndaşlarını revanşizmə sürükləyir. Keçmişi tez unudan haylar isə Qərbə reinteqrasiya altında boyunduruğa girməyə can atırlar. Düzdür, hökumətin qərbyönümlü siyasətinə etiraz edənlər də kifayət qədərdir. Lakin görünür ki, İkinci Qarabağ müharibəsindən sonra Nikol Paşinyan öz xalqının beyninə anti-Rusiya hikkəsini yeridə bilib. "KTMT bizə müharibədə kömək etmədi" deyərək birbaşa rəsmi Moskvaya işarə vuran Ermənistan hökuməti bu yolla vətəndaşları qarşısında böyük fəlakətlərə səbəb ola biləcək infantil siyasətə haqq qazandırmaq istəyir. Ölkəsini 5 aprel Brüssel görüşündə Qərb və ABŞ qarşısında hərraca çıxararaq kifayət qədər kiçik məbləğə satan N.Paşinyan əvəzində Rusiyanın nifrətini qazanıb.

5 il əvvəl Nikol Paşinyan Xankəndidə öz xislətini nümayiş etdirərək işğal altında olan torpaqların guya Ermənistanın tərkib hissəsi olduğunu bəyan etmişdi. Həmin sözlərdən cəmi 2 ay sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Soçidə "Valday" Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında tarixi cavab vermişdi - "Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi". Bu çıxış Azərbaycanın 30 illik işğala göz yummayacağını, haqq işimizi lazım gəlsə öz gücümüzə həll edə biləcəyimizi bütün dünyaya nümayiş etdirdi. Ardınca isə Azərbaycan 2020-ci ildə Ali Baş Komandanın rəhbərliyi ilə düşmənə deyilən sözlərin necə icra olunduğunu göstərdi. Vətən müharibəsində Prezident İlham Əliyevin tarixi Valday çıxışı öz məntiqi nəticəsini verdi. Ötən ilin 19-20 sentyabrında ölkəmiz daha bir uğura imza ataraq Cənubi Qafqazda separatizmin köklərini birdəfəlik qurutdu. Bir-birinin ardınca sıralanan nailiyyətlər isə hayları məhvə aparan hökmün səsləndirildiyi Xankəndidə kulminasiya nöqtəsinə çatdı. Məhz 2019-cu il avqustun 6-da Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanın tarixi ərazisi olan Xankəndi şəhərində yerləşən stadionda nəticəsini düşünmədən etdiyi çıxış 2023-cü ilin dekabrın 21-də haylara 30 illik ədalətsizliyin peşmanlığını yaşatdı. Prezident İlham Əliyev öz çıxışında Qarabağın kimin olduğuna birdəfəlik yekun vurdu: "Əziz dostlar, dörd il bundan əvvəl bu stadionda bəziləri "Qarabağ Ermənistandır və nöqtə" demişdilər. Biz onlara sübut etdik ki, Qarabağ Azərbaycandır!".

Bu gün yenə eyni tərzdə hökmlə çıxış edən haylar keçmişdən ibrət götürməyib. İşğal dövründə kürəyini Rusiyaya söykəyən Ermənistan höküməti daha sonra o ərazilərin Azərbaycana aid olduğunu qəbul etdi. Bu gün isə yenə eyni mənzərə hökm sürür. Qərbdən aldığı 3-5 qəpikdən havalanan ermənilər bu dəfə "Ermənistan Avropadır və nöqtə" deyirlər. Məhz aprelin 5-də ABŞ dövlət katibi Antoni Blinken, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen və Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Cozef Borrellə görüşən Ermənistanın baş naziri Nikol Paşinyan qeyri-rəsmi olaraq 357 milyon ABŞ dolları müqabilində Qərbin boyunduruğuna girməyə razı oldu. Ölkədə də bu yöndə təşviqat kampaniyası başladan N.Paşinyan acı nəticələrə bir az daha yaxınlaşır. 5 il əvvəl olduğu kimi, düşünülməmiş atılan addımlar ölkə üçün sonun başlanğıcını gətirə bilər. Bu dəfə isə nəticələr daha ağır olacaq - Ermənistan ərazisində açılacaq yeni cəbhə ilə ölkə Suriya, Livan kimi dövlətlərin aqibəti ilə üzləşəcək və məhvə doğru sürüklənəcək.

Tacir SADIQOV,

"Respublika".